Laçın yolu suverenlik tələbləri müstəvisində

post-img

Bu dəhlizə nəzarət ölkəmizin qanunları əsasında gerçəkləşir

Vətən müharibəsindən sonra Ermənistanla sərhəddə, Laçın–Xankəndi yolunda Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən ardıcıl və məqsədyönlü siyasətinin məntiqi nəticəsi kimi yüksək dəyərləndirilir, əldə olunan növbəti uğur hesab edilir. Bu, eyni zamanda, savaş bitdikdən sonra Azərbaycanın qarşıya qoyduğu əsas vəzifələrdən biri sayılır.

Bu məqamda bir məsələni də xatırlatmaq yerinə düşər­di. İkinci Qarabağ müharibə­sində işğalçı Ermənistan acı məğlubiyyətlə barışsa da, müəyyən iddialarından yenə əl çəkmirdi. Azərbaycan, Ru­siya və Ermənistan arasında aparılan danışıqlar zamanı qəsbkar ölkə Rusiya sülhmə­ramlılarının nəzarəti altında saxlanılacağı Laçın yolunun 20 kilometr enində, eyni za­manda, Ermənistanın öz nəzarətində olmasına cəhd göstərirdi. Lakin bu istəyinə də nail ola bilmədi, düşmən dövlətin belə bir təşəbbüslə çıxışı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Dövlətimizin başçısı sərt və barışmaz mövqe ifa­də edərək yolun 5 kilometr müəyyənləşdirilməsi, 3 il müddətində yeni yolun isti­fadəyə verilməsi və Laçın ra­yon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prin­sipial müddəaların üçtərəfli Bəyanatda əksini tapmasına nail oldu.

Azərbaycan qarşısı­na qoyduğu məqsədi qısa müddətdə gerçəkləşdirdi, yeni yolun inşasını il yarıma başa çatdırdı, Ermənistan isə öz öhdəsinə düşən 7 kilometrlik yolun çəkilməsini bilərəkdən gecikdirdi, hətta 2022-ci ilin avqustunda bu ləngiməni ört-basdır etmək üçün təxribatlar törətməyə üstünlük verdi. Lakin bu çir­kin niyyətlərini də reallaşdıra bilmədi və işğalçının Laçın rayon mərkəzinin Azərbay­canın nəzarətinə keçməsinin qarşısını almaq cəhdləri ifla­sa uğradı. Beləliklə, Laçının mərkəzi 2022-ci ilin sent­yabrında heç bir qurban ve­rilmədən Azərbaycanın tam nəzarətinə keçdi. Prezident İlham Əliyev sentyabrın 21-də Laçına səfər etdi və şəhə­rin mərkəzində Azərbaycan bayrağını ucaltdı.

Onu da vurğulayaq ki, 44 günlük Vətən müharibəsində acı məğlubiyyə­ti Ermənistana dərs olmadı. Savaşdan iki il yarım keçsə də, işğalçı təxribat­larından yenə də əl çəkmir, Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, burada işğalçı hərbi kontingentin qalıq­larının gücləndirilməsinə cəhd göstər­məsini, eyni zamanda, bu bölgəmizdəki təbii sərvətlərin talanaraq Laçın yolu ilə Ermənistana daşınmasını davam etdirir. 

Əlbəttə, bütün bu quldurluq, qaçaq­malçılıq bu gün də gizli, xəlvəti yollarla həyata keçirilir. Azərbaycan bununla bağlı işğalçı dövlətə dəfələrlə xəbər­darlıq edib, təxribatların, ara yollarla Qarabağa silah-sursat və hərbi tex­nika daşınmasının ona heç bir fayda gətirməyəcəyini bildirib. Lakin qəsbkar dövlət xislətindən əl çəkmir, Xankəndi–Xəlfəli–Turşsu və Xankəndi–Kosalar–Mirzələr–Turşsu yolları ilə gizli daşıma­ları həyata keçirir, qeyri–qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını getdikcə intensiv­ləşdirir. 

Azərbaycan Ermənistanın bu çirkin məqsədlərini məhdudlaşdırmaq üçün, nəhayət, yeni bir qətiyyətli addım atdı, bu il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Dövlətimiz belə bir əhəmiyyətli infrastruktur yaratmaqla, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü tam ger­çəkləşdirdiyini bütün dünyaya nümayiş etdirdi. Müstəqil dövlətin belə bir addı­mı isə işğalçı ölkəni heç cür qane edə bilməzdi. Ona görə də sərhəddə nə­zarət-buraxılış məntəqəsinin fəaliyyətə başladığı ilk günlərdən bəzi dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən işğal dövründə olduğu kimi, yenə də ədalət­sizlik, tərəfkeşlik nümayiş etdirildi. 

Həmin dövlətlər sırasında Fran­sa canfəşanlığı ilə xüsusilə fərqlənir, Azərbaycana qarşı çirkin kampaniyala­rın təşkilində, təzyiqlər göstərilməsində daha çox diqqət çəkir. 

Lakin Ermənistana havadarlıq edən Fransa və digərləri unudurlar ki, heç bir təzyiq, heç bir kampaniya Azərbaycanı, onun Prezidentini qətiyyətli mövqe­yindən geri döndərə bilməz. Azərbay­can öz haqqını indiyədək olduğu kimi, bundan sonra da davam etdirəcək, BMT-nin üzvü olaraq öz sərhədlərini beynəlxalq qanun–qaydalar çərçivə­sində quracaq. Ölkəmiz öz suveren və qəbul edilən ərazisində beynəlxalq qa­nunları qətiyyətlə tətbiq edəcək. 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşa­yan erməni əsilli sakinlər üçün avqus­tun 29-da göndərilən 40 ton unun qəbul edilməməsi də, əslində, Qarabağdakı qondarma separatçı rejimin əsl niy­yətini üzə çıxardı. Bu, bir daha Qara­bağda yaşayan ermənilərin “humanitar fəlakətlə” üzləşmələri haqda mifin uy­durma olduğunu təsdiqlədi. 

Ermənilərin məqsəd-niyyəti aydın­dır: Bir tərəfdən Laçın yolu ilə Qarabağa silah-sursat daşımaqla burada işğalçı hərbi kontingentin qalıqlarını gücləndir­mək, digər tərəfdən isə bu bölgəmizdə­ki təbii sərvətləri talayaraq Ermənistana daşımaq, böyük məbləğdə sərvət top­lamaqdır. 

Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Prezident Administra­siyasının Xarici siyasət məsələləri şöbə­sinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında vurğuladığı kimi, Ermə­nistan 30 il ərzində işğal və təcavüz fak­tının tərkib hissəsi olaraq, respublika­mızın gömrük rejimini pozaraq və özü idxal prosesini həyata keçirərək, məh­sullara gömrük rüsumları tətbiq edərək, bu yolla böyük həcmdə maliyyə qaza­nıb. Bununla da Azərbaycan büdcəsinə ciddi şəkildə zərər vurub. Bu məhsul­ların Azərbaycan ərazisinə idxalı nəti­cəsində əldə olunan qazancın qiymət­ləndirilməsi və ölkəmizə təzminat kimi ödənilməsi, başqa sözlə, məsələnin hüquqi müstəvidə həll edilməsi nəzər­də tutulub. 

Bəli, Laçın yolundan 30 illik qa­nunsuz istifadə və bu vasitə ilə gəlir əldəetmə dövrü sona çatıb. Bu yolun səmərəli fəaliyyətində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suve­renliyi faktoru çox vacibdir. Yol açılacağı təqdirdə onun istismarı Azərbaycanın sərhəd təhlükəsizliyi və sərhəd nəzarə­ti, eləcə də, gömrük rejimi qaydalarına uyğun həyata keçirilməlidir. Azərbayca­nın digər gömrük-keçid infrastrukturla­rında olduğu kimi, Laçın gömrük-keçid məntəqəsində də eyni qaydalar tətbiq olunmalıdır və olunacaq da. 

Prezidentinin köməkçisinin bildir­diyi kimi, bütün gömrük sənədləşməsi Azərbaycan qanunverciliyinə uyğun hazırlanmalıdır: “Bu, nə deməkdir? Məsələn, sənədlərdə ermənilərin 30 illik işğal dövründə Azərbaycanın tor­paqlarını adlandırdıqları qondarma ad­lar yazılacaqsa, həmin mallar sənədlər­də müvafiq düzəlişlər edilməyənədək buraxılmamalıdır. Yəni Ermənistan və ona dəstək verən havadarları ilk öncə Azərbaycan ərazilərinin əsl adlarını əz­bərləməlidirlər Yaşayış məntəqələrinin adları Azərbaycan qanunvericiliyinə uy­ğun yazılmalıdır.

Başqa bir məqam göndərilən malla­rı hansı hüquqi şəxsin qəbul edəcəyidir. Həmin şəxslərin Azərbaycan Respubli­kasının Dövlət Vergi Xidməti reyestrin­də müvafiq nömrəsi mövcuddurmu? Bu və ya digər ortaya çıxan suallar cavab­landırılmalıdır. Əks təqdirdə, gömrük nəzarəti həyata keçirilməyəcək və bu­nun nəticəsi olaraq Laçın yolu Ermənis­tandan gələn kommersiya yükləri üçün bağlı olaraq qalacaq”.

Bunların həll edilməsi üçün isə, ilk növbədə, Azərbaycan mərkəzi haki­miyyəti və Qarabağın erməni sakinləri arasında dialoq başlanmalıdır. Rein­teqrasiya prosesində irəliləyiş olmalı, Ağdam–Xankəndi yolu istifadəyə ve­rilməlidir. Sözügedən danışıqlar nə­ticəsində Laçın yolunun kommersiya məqsədləri üçün istifadəsi üzrə yol xə­ritəsinin hazırlanması da məqsədəuy­ğundur. 

Bir sözlə, istənilən yükün daşınma­sı üçün Laçın yolundan istifadə yalnız Qarabağın erməni əhalisinin nümayən­dələri ilə birbaşa dialoqa başlandıqdan və bir sıra texniki tədbirlər görüldük­dən sonra mümkündür. Bu səbəbdən ermənilər tərəfindən reinteqrasiya və dialoqa mane olan “humanitar böhran” oyunu başa çatdırılmalıdır. 

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı 

Ermənistan uzun illər idi ki, İrə­van–Laçın marşrutundan öz çirkin hərbi-siyasi niyyətləri üçün istifadə edirdi. Nəhayət, respublikamız qəs­bkarın qanunsuz əməllərinə qarşı haqlı olaraq daha ciddi tədbirlər gör­məyə məcbur oldu, qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğı­cında, Ermənistanla sərhəddə nə­zarət-buraxılış məntəqəsi yaratdı. 

Beləliklə, dövlət təhlükəsizli­yinin pozulmasına yönələn təh­didlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin ya­radılması beynəlxalq hüququn nor­ma və prinsiplərinə uyğun olmasına baxmayaraq, Ermənistan, separat­çı qüvvələr, işğalçını himayə edən dairələr, guya, rəsmi Bakının Qara­bağda yaşayan erməniləri “huma­nitar böhran” vəziyyətinə salması ilə bağlı əsassız hay-küy salmağa, beynəlxalq təşkilatlara müraciət et­məyə başladılar. Bu məsələdə Er­mənistanın ən böyük himayədarı Fransa siyasi təxribatlardan bu gün də əl çəkmir, sülh və normallaşma prosesinə maneələr yaradır. 

Bu, göstərir ki, Ermənistan, Xankəndidə olan cinayətkar rejim, o cümlədən, onların havadarları Azərbaycanın Qarabağ bölgəsinin ölkəmizin əsas hissəsinə inteqrasi­yasında, Ağdam–Xankəndi yolunun açılmasında maraqlı deyillər. 

Digər tərəfdən, sərhəd nə­zarət-buraxılış məntəqəsinin yara­dılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bü­tövlüyü və suverenliyi prinsipinə uyğundur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və iqtisadi rayon­larından biridir. Bu baxımdan, Azər­baycanın bu ərazisi ilə Ermənistan arasındakı əlaqələr suverenlik prin­siplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-bu­raxılış məntəqələrində qeydiyyatı ilə reallaşmalıdır.

Qeyd etmək lazımdır ki, Ermə­nistan Azərbaycanın gömrük rü­sumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azər­baycan iqtisadiyyatına ziyan vu­rub. Bu baxımdan, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nə­zarətində olan bölgədə Azərbaycan Dövlət Gömrük Komitəsinin göm­rük postlarının qurulması labüddür. Beynəlxalq hüquq da Azərbaycanın bütün suveren ərazisində gömrük nəzarətinin təşkilini dəstəkləyir.

Baş verən hadisə bir daha göstərdi ki, sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması birbaşa bölgədə sülh və stabilliyin əldə edil­məsi baxımdan vacibdir. Dayanıqlı sülh yalnız qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinin ta­nınması halında mümkündür.

V.BİNYATOĞLU, XQ



Siyasət