Rəsmi Bakı Parisə nota verdi

post-img

Dünən Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən XQ-yə bildirilib ki, görüş zamanı Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxs­lərinin müşayiəti ilə “humanitar yük” adı altında “Laçın” dövlət sərhədindən buraxı­lış məntəqəsi istiqamətinə nəqliyyat va­sitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Fransa tərəfinin bu addımlarının Azər­baycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bü­tövlüyünə qarşı qəsd olduğu vurğulanıb. 

Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziy­yətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqe­yini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addım­ların növbəti nümunəsidir.

Azərbaycan tərəfi beynəlxalq hu­manitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin ək­sinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq ak­torların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfin­dən təkidlə tələb olunub. 

XQ

Siyasət