Ölkəmizdəki xarici təmsilçilər Ağdam–Xankəndi yolunda buna əmin oldular
Dünyanın heç bir siyasi, hərbi güc mərkəzi Azərbaycan dövlətini Qarabağın erməni azlığı ucbatından Konstitusiyasını dəyişməyə məcbur edə bilməz.
Bu gün Azərbaycan dövləti beynəlxalq ermənipərəst siyasi təşkilatların, dairələrin siyasi-ideoloji şantajı, təzyiq kampaniyası ilə üzləşib. Amma son olaylar onu deməyə əsas verir ki, Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiyası təşəbbüslərinə müdaxilə cəhdləri nəticəsiz qalacaq. Bakının tam şəffaf şəkildə beynəlxalq hüquq normaları çərçivəsində davranması Hayastanın siyasi cəhətdən də tərksilah olunması demək olacaq.
Dünən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Ağdama səfər ediblər. Onlar Ağdam–Xankəndi yolunda Azərbaycan QAC-ın ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. 50-dən çox ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, habelə xarici jurnalistlər əraziyə baxış keçiriblər.
Onlara Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən ətraflı məlumat verilib.
Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam–Xankəndi yolunda AzQAC-ın ərzaq yüklərinə baxış keçiriblər. Onlara məlumat verilib ki, hər birində 20 ton olmaqla iki yük maşınına yüklənmiş əla növ ərzaqlıq buğda unu 28 avqust 2023-cü ildə istehsal edilib. Bu da Bakıdan Xankəndiyə göndərilən 40 ton unun köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddialarının əsassız olduğunu sübut edir. Daha sonra H.Hacıyev səfərlə bağlı sosial şəbəkədə paylaşım edib: “Xankəndidəki qeyri-qanuni rejim tərksilah edilməli və aradan qaldırılmalıdır”.
* * *
Erməni separatçı terrorçular Azərbaycanın göndərdiyi ərzağın qəbulundan imtina etməklə, uzun müddətdən bəri bütün dünyaya yalan satdıqlarını etiraf etmiş olurlar. Əgər, Qarabağdakı erməni azlığı, doğrudan da acdırsa, deməli, ora göndərilən ərzağın hansı yolla və kimin tərəfindən göndərildiyinə əhəmiyyət verməməlidir. Bu, rəsmi Bakının erməni maskasını yırtması anlamına gəlir.
Fəqət yırtılan, sadəcə, ermənilərin maskası olmayacaq. Avropada, eləcə də okeanın o tayındakı ermənipərəst siyasi dairələrin, o cümlədən, Fransa və Rusiyanın da ikiüzlü taktikaları üzə çıxıb. Rəsmi Paris Azərbaycanın Qarabağ bölgəsində ermənilərin “humanitar böhran” içərisində çapaladığını iddia edir, prezident Makron isə az qala Xankəndidəki separatçı-terrorçuların vəkili statusunu icra edir. Fransa paytaxtının meri də bölgəyə “humanitar yardım” aksiyasına başçılıq edir.
Azərbaycan Xankəndiyə 40 ton un göndərməklə indiki mərhələdə erməni-fransız siyasi şousunu ifşa etməyi bacardı. Bütün dünya gördü ki, “blokada”, “humanitar böhran” vay-şivənləri feyk-xəbərlərdən başqa bir şey deyil. Əgər Qarabağ erməniləri ac olsaydı, Bakının göndərdiyi ərzaq karvanının qarşısını kəsmək üçün Əskəranda barrikadalar qurmazdılar. Onların səhnələşdirdiyi bu şounun əsas hədəfi Laçın yolundan əvvəlki kimi, nəzarətsiz şəkildə silah-sursat, mina, qaçaqmal daşımaq imkanı qazanmaqdır.
Ermənistan telegram-kanallarının yaydığı xəbərlərdə separatçıların Ağdam–Əskəran yolunun Əskəran ərazisindən keçən hissəsini blokladığı və Rusiya sülhməramlılarına məxsus yük maşınlarını da Ağdam istiqamətində hərəkətinə mane olduqları bildirilirdi.
Sülhməramlılarla əldə olunmuş razılaşmaya görə, onlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gətirdiyi 40 ton unu öz maşınlarında Xankəndiyə və Qarabağın ermənilər yaşayan digər rayonlarına çatdırmalı idilər. Amma buna imkan verilməyib. Göründüyü kimi “aclıqdan məhv olan” ermənilər “Azərbaycan ununu” qəbul etmək istəmirlər.
* * *
Son üç ilin tarixi sübuta yetirdi ki, nə erməni-fransız ortaqlığı, nə də rus imperialist ssenariləri Azərbaycanı tutduğu haqq yolundan döndərə bilməyəcək. Bunu isə bütün dünyaya təkrar bəyan edirik: Qarabağ suveren Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və çox tezliklə Xankəndidə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Azərbaycan vətəndaşlığını qəbul edib qanunlarımıza tabe olan ermənilər Qarabağda yaşamaq haqqı qazanacaqlar. Fərqli seçimə baş vuralar isə özlərinə başqa yaşayış yeri axtarmalı olacaqlar.
Yeri gəlmişkən, Parisin özü üçün normal və məqbul saydığı nəsnələr Bakının işinə heç yaramır. Çünki bizim ölkəmizdə işğalçı və terrorçu dövlətlə utancverici müqavilələr bağlamaq ənənəsi yoxdur.
İ.HƏSƏNQALA,
XQ