Separatçıları dəstəkləyənlərin təxribatı nəticə verməyəcək
Azərbaycan aprelin 23-də Laçın rayonunda – Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdıqdan, öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizə edilən siyasi təzyiqlərin miqyası genişlənib. Bu təzyiqlərin təşkilatçısı qismində, ilk növbədə, Ermənistan çıxış edir.
Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən, əməldə isə bunun əksinə gedən baş nazir Nikol Paşinyan, hayların xarici işlər naziri Ararat Mirzoyan müxtəlif xarici dövlətləri, o cümlədən, beynəlxalq təşkilatları ölkəmiz əleyhinə təzyiq kampaniyasına cəlb etməyə çalışırlar. Bu prosesdə Ermənistanın əsas dəstəkçisi qismində öndə gedən Fransadır.
Sirr deyil ki, uzun əsrlər boyu Afrikada sümürgəçiliklə məşğul olan, “qara qitə”dən indi də əl çəkməyən Fransa hazırda orada ciddi problemlərlə üzləşib və ağır duruma düşüb. Paris Afrika qitəsi ilə yanaşı dünyanın bir sıra bölgələrində, o cümlədən, Cənubi Qafqazda pozuculuq istiqamətində fəaliyyətindən əl çəkmir və situasiyanı gərginləşdirmək istiqamətində əməllərini davam etdirir. Fransa hazırda açıq və ardıcıl ermənipərəst siyasət yürüdür. Bu ölkə Avropa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə müvəffəq oldu. Eyni zamanda, Paris diplomatik praktikada görünməmiş addıma imza atdı: Ermənistandakı səfirlik yanında əlavə hərbi attaşe təyin etdi. Həmin hərbi attaşenin əsas missiyası Ermənistana Fransanın öldürücü silahlarının tədarükünə nəzarət etməkdir. Fransa bu kimi addımlarla danışıqlar prosesinə zərbə vurdu və Cənubi Qafqazda sülh prosesinə faktiki olaraq, kobud müdaxilə etdi. Görünən odur ki, Fransa destruktiv planlardan əl çəkməyib və indi daha böyük planlar qurur.
Fransanın əvvəllər də ermənipərəst siyasət yürütdüyü heç kəsə sirr deyil. Ancaq “Beşinci Respublika” əvvəllər ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün ilk dövrlərdə iki ölkə arasında balansı az-çox qorumağa çalışırdı. Həm də Fransanın əvvəlki dövlət başçıları – Jak Şirak, Nikola Sarkozi, Fransua Olland indiki prezident Emmanuel Makron qədər birtərəfli mövqe tutmurdular. İndi isə rəsmi Paris Azərbaycana total hücuma keçib. Qeyd etdiyimiz kimi, bunun da əsas səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri, müharibədən ötən 3 ilə yaxın dövr ərzində yeni-yeni qələbələr qazanmasıdır. Onlar bunu, sadəcə olaraq, qəbul edə bilmirlər.
İndi isə Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni vətəndaşların yaşadığı hissəsində suverenliyini bərpa etmək istiqamətindəki ardıcıl səyləri, öz vətəndaşlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatına yenidən inteqrasiyası yolunda inamla irəliləməsi Fransanı lap özündən çıxarıb. Başda prezident E.Makron, xarici işlər naziri Ketrin Kolonna olmaqla, Fransa rəsmiləri sanki ermənilərdən daha artıq erməni olmaq uğrunda yarışa çıxıblar.
E.Makron avqustun 29-da Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı regiondakı vəziyyət, Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Makronun qaldırdığı məsələlər yetərincə cavablandırılıb və Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mövqeyi tam ifadə olunub. Dövlətimizin başçısı bildirib ki, Ağdam–Xankəndi yolunun istifadəsinə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən məqsədyönlü şəkildə süni əngəllər yaradılır, bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam–Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.
***
Fransanın Azərbaycanla bağlı hələlik son təxribatçı addımı paytaxt Parisin meri Ann İdalqonun rəhbərlik etdiyi, bir sıra regionların və departamentlərin rəhbərlərinin daxil olduğu dəstənin Qarabağa “humanitar yardım” aparmağa cəhd etməsidir. Ona görə təxribatçı addım yazırıq ki, avtomobil karvanının indiki şəraitdə Qarabağa daxil olmasının qeyri-mümkünlüyü prosesdə iştirak edən hər kəsə gün kimi aydın idi. Onlar bunu bildikləri halda öz aləmlərində ölkəmizi ləkələmək, qarşıdakı dövrdə atmağa hazırlaşdıqları hansısa çirkin addımlara zəmin yaratmaq üçün Azərbaycan sərhədinədək gəldilər. Bu addım fransız rəsmilərin xəbis niyyətlərinin daha bir göstəricisi oldu.
Dəstənin üzvləri Gorusda dayanaraq, orada mətbuat konfransı keçirdilər. Onlara Qarabağdan videokonfrans vasitəsilə hələ işğal dövründə heç bir ölkənin tanımadığı, tanımağa cürət etmədiyi qondarma “dqr”in başçısı Arayik Arutyunyan da qoşuldu. Maraqlıdır, çoxmillətli Fransanın tərkibində hansısa etnik azlığın, məsələn sayı 1,4 milyon nəfər olan elzaslıların və lotaringiyalıların, 1,25 milyonluq bretonların, sayı 300 min nəfərə çatan flamandların, 280 min nəfərlik korsikalıların, yaxud 250 minlik katalonların, 140 min nəfərlik baskların müstəqil dövlət yaratmaq istəyinə rəsmi Parisin münasibəti necə olardı? Əlbəttə, ritorik sualdır. Paris bu xalqların azadlıq arzusunu qan gölündə boğardı. Ermənistan, onu dəstəkləyənlər Qarabağ iqtisadi rayonunda 120 min etnik erməninin yaşadığını iddia edir. Halbuki, Qarabağda ən yaxşı halda 20-30 min nəfər yaşayır. Bəs Fransa sayı Qarabağ ermənilərindən qat-qat çox olan xalqlara niyə azadlıq vermir? Niyə yarım milyon kvadratkilometrdən böyük olan ərazisinin bir metrini də güzəştə getmir? “Beşinci Respublika”da ermənilərin də sayı az deyil. Müxtəlif məlumatlara görə Fransa ermənilərinin sayı 500 min nəfərədəkdir. Əgər Fransa ikinci erməni dövlətinin yaradılmasında belə maraqlıdırsa, qoy onu öz ərazisində yaratsın.
Bununla bağlı Prezident İlham Əliyev vaxtaşırı çox məntiqli, tutarlı və sərrast fikirlər səsləndirir. Dövlətimizin başçısı hələ Vətən müharibəsi dövründə – 2020-ci ilin oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib: “Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər. Qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya, basklara müstəqillik versinlər. Niyə onlar bizdən Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar”.
***
Qeyd etdiyimiz mətbuat konfransında Ann İdalqo ilə yanaşı, İl-de-Frans regionunun vitse-prezidenti Patrik Karam, Strasburq şəhərinin meri, erməni əsilli Janna Barseqyan və başqaları anti-azərbaycan düşərgəsində birləşib ölkəmizə “hücum ediblər”.
Baş verənlərlə əlaqədar olaraq Fransanın Azərbaycandakı səfiri Ann Buayon dünən Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Parisin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb. Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.
Azərbaycan tərəfi, beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
Göründüyü kimi, ölkəmiz hazırda ermənipərəst dairələrin siyasi təzyiqləri ilə üz-üzədir. Azərbaycan prinsipial mövqeyini ortaya qoyub, geri addım atmaq barədə düşünmür. İndiyədək buna bənzər çox hücumlarla üzləşmiş dövlətimiz dəqiq hesablanmış addımlarla bu təzyiq dalğasını da boşa çıxaracağına əmindir. Son günlər Azərbaycanın müdafiə mövqeyindən intensiv hücum taktikasına keçməsi də məhz bu hədəfə nail olmağa hesablanıb.
Yeganə HACIYEVA,
politoloq
– Parisin anti-Azərbaycan addımları sadəcə, Fransa–Ermənistan müttəfiqliyi çərçivəsində dəyərləndirilməməlidir. Fransanın Azərbaycan üzərinə “gəlməsinin” başqa səbəbləri də var. Azərbaycan Qoşulmama Hərəkatının (QH) sədri kimi Fransanın dünyanın müxtəlif yerlərində yürütdüyü neokolonializm siyasətini ifşa edib. Azərbaycan neokolonializmdən əziyyət çəkən ölkələrin səsinə çevrilib. Ölkəmiz QH çərçivəsində bir sıra təsisatlar formalaşdırıb. Bunlar hazırda işlək təsisatlardır və Afrikaya müstəmləkəçi nəzərlərlə baxan istənilən dövlətin əleyhinədir. Fransa da cari anti-Azərbaycan addımları ilə ölkəmizi “cəzalandırmağa” çalışır. Ermənistandan istifadə etməklə müəyyən təzyiq elementləri formalaşdırmağa cəhd edir.
Digər tərəfdən, Fransa–Azərbaycan münasibətlərində yaşanan gərginlik bu ölkənin Cənubi Qafqazdakı maraqları ilə bağlıdır. Paris şimal və cənub dəhlizlərindən istifadənin təhlükəli olduğu bir zamanda Ermənistandan istifadə etməklə aralıq dəhlizlərdə mövqe əldə etmək istəyir.
Üçüncü məqam isə Makronun özünün şəxsiyyəti ilə bağlıdır. Burada daxildəki erməni diasporunun seçkidə Makrona verdiyi maddi və elektoral dəstəyi də nəzərdən qaçırmaq olmaz. Bu dəstək Makronun qatı ermənipərəst addımlar atmasında mühüm rol oynayır.
Səxavət HƏMİD,
XQ