Zorakılığı dövlət siyasətinə çevirən rəsmi Paris Cənubi Qafqazda insan haqlarından dəm vurur
Ərazisinə görə Avropanın ən böyük ölkəsi sayılan Fransa hazırda həmin “Qoca qitə”nin başı qalmaqallardan açılmayan və antisanitariyanın hökm sürdüyü bir əyalət məmləkətinə çevrilib. Bunu azı son iki-üç ildə Avropa İttifaqının bu mərkəzi ölkəsinin daxilində baş verən olaylar və Afrikada üzləşdiyi “qara təzyiqlərdən” hali olan hər kəs bilir.
Pensiyaçılardan tutmuş aviapilotlara qədər Yelisey sarayının qarşısına kimi yeriyən etiraz dalğası hələ də səngiməyib. Bu dalğanın küləyində haqlarını tələb edən mitinqçilər tərəfindən dövlətin başçısı Emmanuel Makronun üstünə yumurta atılması, üzünə şillə vurulması kimi maraqlı insidentlər də qeydə alındı. Və bütün bu biabırçılıqlar “Beşinci Respublika”da baş verirdi.
“Pensiya islahatı” na qarşı kütləvi nümayişlərdən cəmi iki həftə sonra – 2023-cü il iyulun 27-də Fransa cəmiyyəti yenidən kükrədi. Səbəb on yeddi yaşlı yeniyetmə Nahel Merzukun polis tərəfindən öldürülməsi oldu. Polis onu nəqliyyat vasitəsini təyin olunmamış yerdə saxladığına görə güllələmişdi. Doğrudanmı, bu cəmiyyət qısa müddətdə hökumətin minimum pensiya yaşını iki il artırlılması ilə bağlı “islahatı”na genişmiqyaslı hərəkatdan polis zorakılığına üsyana, qiyama qədər yol keçdi?”.
Fransanın üzləşdiyi bu acınacaqlı sosial-psixoloji mənzərəni ABŞ-ın “The Brooklyn Rail” jurnalında müəllif Çarlz Rivin təsvir edir. XXI əsrin Fransa dövləti zorakılığa və qəddarlığa söykənir. “Caliber.Az” saytının ingiliscədən tərcüməsini verdiyi həmin məqalənin qısa ixtisar və yüngül imrovizə ilə oxucuların diqqətinə çatdırırıq.
* * *
Bəli, Nanter şəhərində polisin Əlcəzair əsilli 17 yaşlı gənci qətlə yetirməsi, sözsüz ki, milli məsələdir. Nahel başqa irqə və millətə mənsub olduğu üçün öldürülüb və bu fakt Fransa hakimiyyətinin əsl simasını açıb göstərir. Bu, doğrudan da, belədir. Müəllif Riv hakimiyyətin “sevimli alətinə” çevrilmiş zorakılığın və qəddarlığın fransızsayağı anatomiyasına nəzər yetirir: “Ondan başlayaq ki, “pensiya islahatı”na qarşı başlanan hərəkat birdən-birə dayandı. Həmkarlar ittifaqlarının çağırdığı nümayişlər silsiləsinin ardınca tətillər seyrəlməyə, mübarizənin perspektivi tədricən azalmağa doğru getdi. Nəhayət, gücsüzlük hissi hər şeyə qalib gəldi. İştirakçıların kreativliyi, əzmli kollektivlərin şəbəkəsinin formalaşması, tələbələrlə fəhlələr arasında yaranan əlaqə, cəmiyyətin böyük kəsiminin zəhmətkeşlərin halına yanması kimi amillər etirazların dinamikasını saxlamağa və mübarizənin hücum səviyyəsinə çatması üçün kifayət etmədi. Ümumi əhvalı bu ifadə ilə yekunlaşdırmaq olardı: “Biz uduzduq, amma onlar qələbə çalmadılar. Gec ya tez mübarizəyə yenidən başlayacağıq”.
Əslində, Fransanın siyasi işteblişmentinə və onun təbliğatçılarına cəmiyyətdə artan ikrah hissinin, müxalifliyin bütün formalarına qarşı güclənən repressiyaların, ümumi narazılığın, sosial yoxsulluğun və artan sinfi bərabərsizliyin, ədalətsizliyin fəhlə məhəllələrindəki gənclər arasında polis zorakılığına qarşı qiyam partlayışı üçün bütün şərtləri yetişdirdiyini yazan analitik polis zorakılığının və irqçiliyin, sinfi münaqişələrin təzahürlərinin Fransada uzun tarixə malik olduğuna diqqəti yönəldir: “Fransa müstəmləkəçilik irsini və müharibədən sonrakı dövrün intihabını pis əxz eləyib. Lap bu yaxınlarda polis irticası “sarı jiletlilər”in hərəkatı ilə bağlı ön plana qayıtdı. Etiraz aksiyalarının 3 mindən çox iştirakçısına polis tərəfindən xəsarət yetirildi. Hazırda zorakılıq, ərtaf mühitin çirkləndirilməsi ilə mübarizə daxil olmaqla, müxalifliyin bütün formalarına qarşı yönəldilib. Misal üçün, bu yaxınlarda Fransanın şimal-qərbindəki Sent-Solin şəhərində hökumətin su ehtiyatlarının özəlləşdirilməsi layihəsini bloklamaq üçün səfərbər olunmuş 30 min aqrarçı hərbiləşdirilimiş polis gücləri ilə toqquşmalı oldu. Nəticədə onlarca insan yaralandı, iki gənc isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldı. Bu hadisəyə şəhərli məmurlardan birinin reaksiyası maraqlıdır: “Simvolik planda, bu, 2005-ci ildə baş verənlərin çərçivəsindən xeyli kənara çıxmışdı”.
* * *
“The Brooklyn Rail” jurnalının əməkdaşı haqlı olaraq qeyd edir ki, dağılmaqda olan sosial dövlət institutlarının yerinə repressiyalar və total nəzarət institutları gəlir: “Bu “evolyusiya” uzun illər boyu müşahidə edilirdi. Repressiyaların gücləndirilməsi ümumi firavanlıq dövlətinin qəsdən və fasiləsiz demontaj olunmasının analoqudur. Bu faktın dərki “sarı jiletlilər”in üsyanında və ondan sonrakı pensiya “islahatı”na qarşı mübarizədə mərkəzi rolu oynadı. Nə qədər qəribə səslənsə də, orta əsrlərdə olduğu kimi, müasir Fransada da polisi burjuaziya sinfi, eləcə də, əlindəki azı itirməkdən qorxan lümpen proletariat dəstəkləyir. Açıq zorakılıq bu dövlətin daha çox söykəndiyi idarəetmə üsuluna çevrilməkdədir. Küçələrə çıxan gənc insanların böyük əksəriyyətini yaşı 12-17 arasındadır. Polis 3 mindən çoxunu həbs edib, 1300 yeniyetmə qısa müddətə azadlıqdan məhrum edilib, 7 mindən yuxarı etirazçı isə uzunmüddətli həbslərə məruz qalıb. Bundan sonra Makron özünün telemüraciətində ailələri “öz övladlarına nəzarət etməyə” çağırmasının ölkədə yaşanan çılpaq həqiqətə heç bir aidiyyatı yox idi”.
Fransa cəmiyyətinin bu gün yaşadığı əsl həqiqətlərə işıq salmağa çalışan müəllif fikirlərini belə yekunlaşdırır: “ Belə davam edərsə, ümumi vəziyyət sabitləşməyəcək, iqtisadiyyatın sarı siyasəti daha çox fəhlə sinfinin mənafeyinə toxunacaq, gənclərin təcrid olması davam edəcək və güclənəcək. İqtidarın siyasi təmsilçilik formaları getdikcə özünü gözdən salacaq, parlament demokratiyası isə daha çox avtoritar mahiyyət kəsb edəcək”.
* * *
Fransada insan hüquqlarının mütəmadi şəkildə tapdandığını, etnik ayrı-seçkiliyin baş alıb getdiyini və bu zəmində tez-tez baş verən xoşagəlməz hadisələrə bütün dünya şahidlik edir. Bunu da, demək olar ki, Makron hakimiyyəti səriştəsiz, qeyri-demokratik fəaliyyəti səbəbindən çalxalanmaqdadır.
Tarixdən Fransanın uzun müddət müstəmləkədə saxladıqları əlcəzairlilərə necə divan tutduğunu bilirik. Kənar müşahidəçi düşünə bilər ki, Parik kolonial siyasətini bu gün də davam etdirir. Aropanın ən nüfuzlu tribunalarından insan haqlarından dəm vuran, demokratiyanı əllərində bayraq edən, başı daxili problemlərinə qarışan, antidemokratik idarəetməyə keçən rəsmi Paris bundan sonra hansı üzlə Cənubi Qafqazda bir millətin öz müqəddaratını təyin etməsindən, təhlükəsizliyinə təminatdan danışa bilər?
Fransanın ən uğursuz prezidenti kimi tarixə düşməyə namizəd Emmanuel Makron Marsel şəhərində erməni icması ilə görüşündə ölkəmizin əleyhinə qərəzli fikirlər səsləndirdi. Bu zaman daşnakların qarşısında xoruzlanaraq özünü elə göstərməyə çalışırdı ki, sanki Cənubi Qafqazda baş verən hadisələrə özəl təsir gücünə malikdir.
Bu minvalla Fransa dünyada keçmiş nüfuzunu tamamilə itirmək üzrədir. Birmənalı şəkildə deyə bilərik ki, bu ölkənin insan haqlarından, söz və mətbuat azadlığından, sərbəst toplaşmaq hüququndan və ümumiyyətlə, demokratiyadan danışmağa haqqı yoxdur. Paris başda olmaqla böyük şəhərlərinin küçələri zibilxananı xatırladan Fransa hələ içindəki və çölündəki çox çirkablardan qurtulmalı olacaq.
Hazırladı:
İmran BƏDİRXANLI,
XQ