Azərbaycan XİN Nikol Paşinyana cavab verdi

post-img

Avqustun 31-də hökumət iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı “soyqırımı” həyata keçirməkdə təqsirləndirən baş nazir Nikol Paşinyanın heç bir əsas olmadan bu kəlməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.

Bu barədə Ermənistanın baş naziri­nin həmin iclasda səsləndirdiyi iddiala­ra dair Azərbaycan Xarici İşlər Nazirli­yinin (XİN) şərhində bildirilib.

Ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam–Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkə­tin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakin­ləri ac saxladığı ilə təqsirləndirən baş nazirə xatırlatmaq istərdik ki, hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam–Xankəndi istiqamə­tinə göndərilmiş yük avtomobilləri ərazidə Xankəndiyə keçidi gözləyir. Erməni tərəfinin əgər həqiqətən aparı­lan yüklərə ehtiyacı olsaydı, onlar sül­hməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklə­rin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sa­kinlərin bəzi nümayəndələrinin “huma­nitar vəziyyət”lə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil.

Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovul­ması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hazırda erməni sa­kinlərin “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbay­can tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndi­rilməsi absurddur.

Görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilə­rindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, küt­ləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlə­tin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür.

Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistanın baş naziri yaxşı olardı ki, Qarabağ bölgə­sində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsin­də reinteqrasiya siyasətini də dəstəklə­sin və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı müdaxilələrdən çə­kinsin.

Ümidvarıq ki, Ermənistan tərəfi postmünaqişə dövründə bölgədə for­malaşmış reallıqları düzgün qiymətlən­dirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda kons­truktiv mövqe sərgiləyəcək”, – deyə XİN-in şərhində vurğulanıb. 

Q.QASIMOV,
XQ

Siyasət