Ümid “Ağ atlı şahzadə”yə qalıb?

post-img

Qarabağ ermənilərinə indi də nağıl süjetləri ilə təsəlli verirlər

Reallıq hissini itirənlərin utopik revanşizmə, hansısa xəyali qətnamələrə, hətta nağıl qəhrəmanlarının zühuruna inanmaları təbii sayılmalıdır. Necə ki, indi də cırtdan Lixtenşteynin şahzadəsi, Zati–aliləri müqəddəs knyaz Mixailin “birbaşa mühasirədə olan Dağlıq Qarabağa (?)” humanitar aviadaşımanı həyata keçirməyə hazır olduğu barədə feyk-xəbərləri tirajlayırlar. Bu “şad xəbəri” Qarabağ ermənilərinin ictimai diqqətinə kriminal biznesmen, uğursuz “dövlət naziri” Ruben Vardanyan çatdırıb. 

Xəbərdə ondan bəhs edilir ki, əlahəzrət şahzadə Mixail Aznavur Fondunun təşkil etdiyi zəruri ərzaq və dava-dərmanla birlikdə Qaraba­ğa uçacaq təyarənin göyərtəsində olacaq. “Humanitar missiya”da İsveçrənin Impact Investing So­lutions şirkəti ilə yanaşı bu məm­ləkətin şahzadəsi Mayklın, habelə digər “dünya liderlərinin”, indiki və sabiq dövlət başçılarının adları da yer alırmış. Sən demə, bu titul­luların hamısı “30 min uşaq daxil olmaqla 120 min insanın 8 aydan çoxdur aclıqdan əziyyət çəkdiyi Dağlıq Qarabağa (?) çatdırılacaq humanitar yükə şəxsən başçılıq etməyə hazırdır”. Bunu hayların qulağına Vardanyan üfürür. 

Dara düşənlərə hər zaman yar­dım əlini uzadan belə parlaq “filant­ropların” siyahısı da mötəbərliyi ilə seçilir. Görün humanitarların bu ali siyahısında kimlərin adı var: Nobel mükafatı laureatı Leyma Qboyun, Fransanın sabiq xarici işlər nazi­ri Bernar Kuşner, keçmiş səhiyyə naziri Pol Polman, İrlandiyanın keçmiş prezidenti Meri Robinson, Meksikanın sabiq dövlət başçısı Er­nesto Zedilyo və başqaları. 

Şahzadə Mixailin adının hal­landığı informasiyanı BBC-yə isti­nadən “Avropa həqiqəti” paylaşıb. Vardanyan isə sosial şəbəkədəki hay izləyicilərinə belə bir çağırış da edib ki, xəbərdən hamının hali ol­ması üçün onu daha çox yaysınlar. Moskvanın uğursuz emissarı hesab edir ki, Laçın dəhlizi (?) bağlı qal­dığı üçün bu humanitar aviadaşıma Qarabağ ermənilərinin “sağ qal­masına” kömək edəcək. Vardan­yan bu məqsədlə Stepanakertdəki (Xankəndi -red) hava limanından faydalanmağın mümkünlüyünü xa­tırlatmağı da unutmayıb: “Bunun üçün beynəlxalq birlik tərəfindən əlavə səylərin göstərilməsinə ehti­yac yoxdur. Onlardan sadəcə hava yolu ilə daşımaya dəstək vermək və onun təhlükəsizliyinin təmin edilməsi tələb olunur”. 

Yəni hər şey bu qədər sadə və asanmış. Avropanın cırtdan dövlə­tindən humanitar yüklü hava gəmi­sinin Azərbaycanın hava məkanına daxil olması, sonra ölkəmizin su­veren ərazisinə enməsi üçün Ba­kıdan icazənin istənilməsi zərurəti Vardanyanın heç ağlının ucundan da keçməyib? Yox, komersant Ru­ben beynəlxalq hava daşımalarının qaydaları barədə kifayət qədər mə­lumatlıdır, fəqət, bu barədə danış­maq istəmir. Axı Qarabağın erməni əsilli lümpen sakinlərinin beynini belə mürəkkəb mətləblərlə məşğul etməyə nə ehtiyac var? 

“Qoy hələlik “Ağ atlı şahzadə” nağılına qulaq assınlar, özlərini rö­yanın gerçəyə çevriləcəyinə inan­dırsınlar, sonra bir şey fikiləşərik”. Vardanyan indiki məqamda eynən bu cür düşünür. Buna qətiyyən şü­bhəniz olmasın. Elə Lixtenşteynin möhtərəm şahzadəsi, knyaz Mixailin xəritədə Xankəndi hava limanının yerini tapmaqda çətinlik çəkəcəyini də əminliklə söyləmək olar. Zati-a­lilərinə Qafqaza səfərinin əvəzinə iki ildən çoxdur başı qalmaqaldan açılmayan qardaşı Emmanuelin da­dına yetişməyini məsləhət görərdik. Ola bilsin son vaxtlar dozası artırı­lan erməni konyakının “zapoyuna” düşdüyündən bu məsələni tamamən unudub. Onda xatırladaq. 

Avropalı eko-fəallar Lixten­şteyn şahzadəsini 2021-ci ilin martında Rumıniyada ov edərkən qitənin ərazisində qeydə alınmış, Artur ləqəbli 17 yaşlı ən yaşlı və ən böyük qonur ayını güllələməkdə ittiham edirlər. Eko-fəalların versi­yasına görə, şahzadə Emmmanuelə Rumıniyanın Oydula kəndində fermalara hücum edən ayını ovla­mağa icazə verilib. Amma o, “qatil və cinahyətkar” ayının əvəzinə 17 yaşlı veteranı qətlə yetirib. İki il­dən çoxdur ki, Lüksemburq şahza­dəsi Marqarita və Lixtenşteyin və­liəhdi Nikolausun oğlu Emmanuel bəraət almaqdan ötrü özünə xeyli vəkil tutub. Proses olduqca maraq­lı məcrada gedir. Ruben Vardanyan isə burada “Ağ atlı şahzadə”dən danışır. Heç hənanın yeridir? 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət