Qərbi Azərbaycanda soydaşlarımızın qədimdən-qədim məskunluğu, bu əzəli türk yurdunun düşmən dairələrin qəsdləri ilə zaman-zaman erməniləşdirilməsi və XX əsrin əvvəllərində burada Ermənistan adlı oyuncaq dövlət yaradılması barədə silsilə tədqiqatların müəllifi, AMEA Tarix İnstitutunun baş direktotu, professor Kərim Şükürov bu başıbəlalı torpağı Rusiyanın işğal etməsi ilə başlayan faciələrinin ayrıca xronologiyasını da tərtib etmişdir. Həmin materialın davamını oxucularımıza təqdim edirik.
(əvvəli qəzetimizin 28 iyul 2023-cü il tarixli sayında)
1836, 11 mart. Erməni-qriqorian kilsəsi haqqında Əsasnamənin qəbulu. Çar hökuməti tərəfindən erməni kilsəsinə mühüm hüquqlar verilir. Təsadüfi deyil ki, bu Əsasnamə Zaqafqaziyanın erməni kilsəsi kimi deyil, ümumiyyətlə, erməni-qriqorian kilsəsi kimi qeyd edilməklə, dünya üzrə ermənilərin birləşdirilməsini ifadə edirdi. Əsasnamə ilə Rusiya hüdudlarında 6 yeparxiya müəyyən edilirdi. Onların içərisində Azərbaycan ərazilərini əhatə edən İrəvan, Qarabağ və Şirvan yeparxiyaları da var idi. Erməni-qriqorian kilsəsi bu Əsasnamədən istifadə edərək, həm siyasi, həm də maddi baxımdan güclü mövqeyə malik olur. Çar hökuməti tərəfindən 1903-cü ildə bu mövqenin zəiflədilməsinə cəhd edilsə də, uğursuz olur. Əsasnamədən əlavə, çar hökuməti digər vasitələr ilə də erməni-qriqorian kilsəsinin nüfuzunu artırmağa çalışırdı. I Nikolay Qafqaz səfəri zamanı erməni katalikosu ilə görüşmüşdür.
1837, 20 sentyabr–26 oktyabr. İmperator I Nikolayın Qafqaz səfəri. İmperator oktyabrın 4-də Gümrüyə gəlir. Müqəddəs Aleksandr adına kilsənin bünövrəsini qoyur və şəhəri Aleksandropol adlandırmağa icazə verir. Çar oktyabrın 5-də Sərdarabada, oradan Eçmiədzinə, sonra İrəvana gəlir. İrəvanda Sərdar sarayında Qafqazdakı rus qoşunlarının baş komandanı baron Rozen, hərbi və mülki administrasiya nümayəndələrinin də qatıldığı nahar vaxtı çox maraqlı hadisə baş verir. Sarayın yanına yığılmış kütlə içərisindən qışqırıq səsləri gəlir: “Ərzimiz var, qoymurlar”.
Bu səfərə məqalə həsr etmiş A.Berjenin qeydə aldığı bu ifadələrdən görünür ki, bu insanlar azərbaycanlılar idi. Çarın “Bu nə səsdir?” sualına Rozen çarın gəlişi münasibətilə sevinc göstəricisi olduğunu bildirir. Bununla razılaşmayan çar məiyyətinə işin mahiyyətini aydınlaşdırmağı tapşırır. Nahardan sonra isə çar özü kütləyə yaxınlaşır və çoxlu şikayət eşidir. Əyalət rəisi erməni V.O.Bebutov sui-istifadələrinə görə, vəzifəsindən uzaqlaşdırılır.
Bu nadir tarixi faktın önəmi ondan ibarətdir ki, hətta, Rusiya imperatoru qarşısında belə sadə azərbaycanlılar öz haqlarını qoruya bilmişdi. I Nikolay İrəvana səfərdən sonra yerindəcə əmin olur ki, “Erməni vilayəti” üsul-idarəsi özünü doğrultmamışdır və o dəyişdirilməlidir. Burada bir faktı da xatırlatmaq lazımdır. Berje çarın Üçkilsədə katolikos ilə görüşündən bəhs edərkən yazır ki, o, erməni dilindən başqa, Azərbaycan dilində də izah edə bilirmiş. Bu, Azərbaycan dilinin nüfuzunu, ermənilər arasında geniş yayıldığını və ümumi ünsiyyət vasitəsi olduğunu təsdiq edir.
1840, 10 aprel. Zaqafqaziyada keçirilən islahatlar üzrə “Erməni vilayəti”nin ləğv edilməsi. Yeni yaradılan Gürcü-İmeret quberniyası tərkibində mərkəzi İrəvan şəhəri olan İrəvan qəzasının (1840-1930) təşkili. “Erməni vilayəti”nin ləğvinin bir sıra səbəbləri var idi. Onlardan ikisi xüsusilə diqqəti cəlb edir: 1. Azərbaycanlıların rus-erməni hakimiyyətinə qarşı mübarizəsi (I Nikolayın 1837-ci il Qafqaz səfərinə bax) ; 2. Vilayətin tərkibinə qatılan Naxçıvanda Ehsan xanın artan nüfuzu və fəaliyyəti.
(Ardı var)