İrəvan və Naxçıvan xanlarının qohumluq tarixçəsi

post-img

İrəvan xanlığının sonuncu hakimləri olmuş Dəvəli Qacarlarını Naxçıvanın Kəngərli xanları ilə yaxın qohumluq telləri bağlamışdır. Naxçıvan tarixinin XIX yüzilliyin ikinci yarısından üzübəri açılmamış səhifələrini araşdırarkən İrəvan xanlarının varislərindən olan Abbasqulu xan İrəvanskinin adına tez-tez rast gəlirik.

Abbasqulu xan həyatı Naxçıvanla sıx bağlı keçmişdir. Onun həyat yol­daşlarından ikisi Naxçıvandan olmuş­dur: general İsmayıl xanın qızı Tərlan xanım və general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Zərrintac bəyim. Abbasqulu xanın ikinci həyat yoldaşı Tərlan xanımdan 7 övladı doğulmuş­dur: Kərim xan, Əli xan, Həsən xan, Xanlar xan, Fəxrəntac xanım, Gövhər­tac xanım və Tacı xanım. Təqdim edilən şəkildə Abbasqulu xandan sağda otu­ran onun qızı Gövhərtac xanımdır, qu­cağındakı uşaq oğlu Əziz xandır. İkin­ci cərgədə solda ayaq üstdə dayanan ikinci şəxs onun həyat yoldaşı Bəhram xan Naxçıvanskidir. 

Bəhram xan 1872-ci ildə Naxçıvan şəhərində İsmayıl xanın oğlu Aman xa­nın ailəsində anadan olmuşdur. Anası Xanbikə Xurşidbanu Natəvanın qızı­dır. Uşaqlıq illəri 1886-cı ildən etibarən Şuşada keçmişdir. 1899–1904-cü il­lərdə Naxçıvan şəhər polis pristavının köməkçisi işləmişdir. 1898–1903-cü il­lərdə Naxçıvan şəhərindəki müsəlman ibtidai məktəbinin fəxri nəzarətçisi də olmuşdur. Bəhram xanın kollej, katib, asessor, titulyar müşavir, yəni saray müşaviri olması haqda da məlumat var­dır. O, 1906–1909-cu illərdə isə Naxçı­van şəhərinin starostası olmuşdur. 

1919-cu ilin yanvar ayından Naxçı­van Araz-Türk Respublikasının xarici işlər naziri, 1919-cu ilin avqustundan Naxçıvan şəhərində yerləşən Cə­nub-Qərbi Azərbaycan general-quber­natorunun köməkçisi işləyən Bəhram xan həmin ilin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Na­zirliyinin Lənkəranda tam səlahiyyətli nümayəndəsi təyin edilmişdir. 1920-ci ildən İrana mühacirətə gedən Bəhram xan Səlmasda və Təbrizdə yaşamışdır. O, Culfa–Təbriz dəmir yolunda yoxlayı­cı işləməklə bərabər, həm də “Müstəqil Qafqaz” təşkilatının üzvü olmuşdur. 

Fotoşəkildə ikinci cərgədə Bəh­ram xandan sağda ayaq üstdə duran Abbasqulu xanın oğlu Həsən xandır. Onun qarşısında oturan qadın isə həyat yoldaşı Nuraleyin xanımdır. Rus hərbi şərqşünası K.N.Smirnov yazır ki, Ab­basqulu xanın oğlu Həsən xan 1934-cü ildə İrəvanda yaşamışdır. Amma Həsən xanın oğul nəvəsi Turhan Turqutun de­diyinə görə, onun ata babası Həsən xan 1927-ci ildə İrana, sonra isə Tür­kiyəyə mühacirət etmişdir.

Yeri gəlmişkən deyək ki, bu tarixi fotoşəklin doğru-dürüst araşdırılmasına Turhan Turqut köməklik göstərmişdir. Onun dediyinə görə, Həsən xan 1898-ci ildə Bəhmən Mirzə Qacarın qızlarından Nuraleyin xanımla ailə qurmuşdur. Bu nikahdan onların 5 uşaqları olmuşdur: Hüseyn xan, Fərid xan, Ruhsarə, Sami və Adilə xanım. Həsən xanın böyük oğlu Hüseyn xan 1900-cü ilin noyabr ayında İrəvan şəhərində doğulmuşdur. O, İrəvan gimnaziyanı bitirmişdir. 1917-ci ildə Rusiyada çarizmin yıxılmasından və bolşeviklərin hakimiyyəti silahlı yolla ələ keçirməsindən sonra erməni daş­naklarının terrorundan yaxa qurtarmaq üçün Həsən xan ailəlikcə Naxçıvana köçmüşdür. Bir müddət Naxçıvanın mü­dafiəsində döyüşən Həsən xanın oğlu Hüseyn xan sonralar Türkiyəyə getmiş və Osmanlı ordusunda zabit kimi hər­bi xidmətə başlamışdır. Türkiyə ordu­sunun apardığı döyüşlərdə fərqlənən Hüseyn xan “Dəmir Hilal” nişanı ilə təltif edilmişdir. Sonrakı döyüşlərdə şücaə­tinə görə onu “İstiqlal” medalı ilə təltif etmişlər. 

Müharibə qurtardıqdan sonra Anka­rada mühafizə alayında hərbi xidmətini davam etdirmişdir. 1930-cu ildə hava qüvvələrində hərbi xidmətə başlayan Hüseyn xan Fransaya ikiilliyə ezam olunur. 1932-ci ildən 1946-cı ilədək hər­bçi təyyarəçilərin yetişdirilməsində əlin­dən gələni əsirgəmir. Türkiyənin hava qüvvələrində çox sevilən, əfsanəvi bir zabitdən çox, həm də dərin zəkası ilə tanınır. 1960-cı ildə ona general hərbi rütbəsi verilir. Sonralar istefaya çıxan Hüseyn xan 1971-ci ildə Ankarada və­fat etmişdir. 

Hüseyn xan 1936-cı ildə Ləman adlı qızla ailə qurmuş, Nur və Turhan adlı iki uşağı olmuşdur. Onlardan biri –1940-cı ildə doğulan Nur Ümit Arik adlı diplo­matla ailə qurmuşdur. Digəri Turhan Turqutdur ki, 1946-cı ilin iyul ayında Türkiyənin İzmir şəhərində doğulmuş və Ankara Universitetinin hüquq fa­kültəsini bitirmişdir. 

Fotoşəkildə ön cərgədə soldan bi­rinci Abbasqulu xanın oğlu Xanlar xan­dır, qucağındakı isə oğludur. Abbasqulu xanın qarşısında oturan isə sonbeşik qızı Tacı xanımdır .O, Maku sərdarının nəvəsi Əlixanla ailə qurmuşdur. Əlixa­nın anası isə general-mayor II Kalbalı xanın qızı Şahbəyimdir.

Abbasqulu xandan solda oturan qızı Fəxrəntac xanımdır. Arxa cərgədə sol­da ayaq üstə dayanan Rəhim xan Nax­çıvanski balaca qızı Xurşidlə, ondan sağdakı isə Fəxrəntac xanımın həyat yoldaşı Cəfərqulu xan Naxçıvanskidir. Fəxrəntac xanımın yanındakı Cəfərqu­lu xanın ikinci həyat yoldaşıdır. Fəxrən­tac xanımın qarşısında oturanlar onun qızı Nazlıbəyim, oğlu III Kalbalı xandır. 

Abbasqulu xanın böyük oğlu Həsən xan Türkiyənin Əskişəhərində 1956-cı ilədək yaşamış və orada da vəfat et­mişdir. Onlar Türkiyədə Turqut famili­yasını qəbul etmişlər. Turhan Turqutun dediyinə görə, babası Həsən xan deyir­miş ki, biz Turqutlar soyundanıq. Yəqin ki, Turqutlar Qacarların Türkiyədə ya­şayan bir qolu olmuşdur.

Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvanda və Naxçıvanda xalqı ba­şına toplayaraq erməni daşnaklarına qarşı vuruşmuş, müsəlmanların İrəvan­dan köçürülməsinin qarşısını almışdır. Onun birinci həyat yoldaşı Bilqeyis xa­nımdan 3 övladı – 2 oğlu və 1 qızı ol­muşdur. Böyük oğlu Əli xanı evdə Ağa xan çağırıblar. Əli xan məşhur hərbçi kimi tanınmış, 1918-ci ildə Naxçıvanın müdafiəsində vuruşmuş, sonra qarda­şı Kərim xanla Kabardaya getmişdir. Onun Bülbül xanım adlı qızı olmuş və bir müddət Naxçıvanda yaşamışdır.

Abbasqulu xanın ikinci oğlu Böyük xanın (əsl adı Məmmədqulu xandır) arvadı Tovuz xanım Naxçıvanskaya İs­mayıl xanın oğlu Bəhman xanın qızıdır. Tovuz xanımın anası Çimnaz xanım general-mayor II Kalbalı xanın qızıdır. Məmmədqulu xanla Tovuz xanımın 7 övladı olmuşdur: Nazxanım, Yəməntac xanım, Mehdiqulu xan, Əfşan xanım, Allahyar xan, Davud xan və Nəcəf xan.

Allahyar xan 1919-cu ildə Naxçıvan­da erməni daşnaklarına qarşı mərdliklə vuruşmuşdur. Sovet hakimiyyəti illərin­də o, Leninqradda (indiki Sankt-Peter­burqda) Tibb İnstitutunda oxumuşdur. 1937-ci ildə repressiyanın qurbanı ol­muşdur. Onun digər bacı-qardaşları haqqında əvvəlki yazılarımızda təfsilatı ilə söhbət açmışıq.

Hər dəfə Naxçıvanın mərkəzində Cəmşid xan Naxçıvanskinin ev-muze­yinə gələndə bu tarixi fotoşəklin qarşı­sında dayanıram. Bir an ərzində Azər­baycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın azadlığı, müstəqilliyi uğ­runda qəhrəmanlıqla döyüşmüş mərd oğulları xəyalən xatırlayıram.

Birdən müasir Azərbaycan dövləti­nin qurucusu, ümummilli lider Heydər Əliyevin müdrik kəlamı qulaqlarımda səslənir: “İrəvan xanlığı var, Naxçı­van xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyir­lər ki, yox, orada ermənilər olubdur. Amma, həqiqətən, İrəvan xanlığıdır. Naxçıvan xanlığını siz dərindən öy­rənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksi­niz ki, dünyada nələr var”.

Yuxarıda haqqında söhbət açdığı­mız tarixi fotoşəkil də İrəvan və Naxçı­van xanlarının bir-birlərinə çox yaxın və sədaqətli olduqlarını təsdiqləyən oriji­nal arxiv sənədidir. Fotoşəklin arxasın­da çəkildiyi tarix rusca qeyd edilmişdir: Naxçıvan, 1906.

 

Musa QULİYEV,

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Sosial həyat