Ermənistan rəhbərliyi bölgədə reallıqları hələ də düzgün qiymətləndirmir

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 17-də hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasındakı müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsinə münasibət bildirib.

XİN Ermənistan baş nazirinin çıxı­şında müzakirə və bəyanatları təhrif et­məsini Ermənistanın növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barış­maq istəmədiyi kimi şərh edib.

Bildirilir ki, bölgədə “humanitar və­ziyyət” barədə hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfin­dən təklif olunmuş Ağdam–Xankəndi yolundan istifadənin əksər üzv dövlət­lər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi qarşı tərəfin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir.

Məlumatda deyilir: “Bununla yanaşı, BMT TŞ üzvlərinin əksəriyyətinin vur­ğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibli­yinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar vəziyyət”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur. Eyni zamanda, üzv dövlətlərin Azərbay­canın legitim təhlükəsizlik narahatlıqla­rının nəzərə alınmasının zəruri olduğu­nu bildirmələri, bu narahatlarıqların həlli istiqamətində səylərin birləşdirilməsinin vacib olduğunu bir daha xatırladır. 

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azər­baycan qanunvericiliyi çərçivəsində re­inteqrasiya siyasətinə qarşı Ermənista­nın müqavimət göstərməsi, baş nazirin guya ölkəmiz tərəfindən erməni sakin­lərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmiz­ləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükə­sizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenli­yin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlə­rin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.

“Xalq qəzeti”

Siyasət