(əvvəli https://xalqqazeti.az/siyaset/134320-dovlet-ehemiyyetli-xususi-tapsiriq)
Səhər saat 09:55 radələrində heç bir yoxlama olmadan bizim arxamızca gələn yük maşını təyyarəyə yaxınlaşdı. Məni görən kimi Cavanşir bəy dərhal təyyarənin arxa qapısını açdı. Dərhal yükləməyə başladıq. Sonuncu yeşikləri təyyarəyə qoyurduq ki, yanımızda bir “QAZ-69” dayandı. İçərisindən bir podpolkovnik və iki rus əsgəri düşdü. Podpolkovnik nə apardığımızı Ramiz müəllimdən soruşanda Şubay kişiyə işarə etdim, dərhal paltosunun altından avtomatı mənə uzatdı. Avtomatı podpolkovnikə tuşlayıb qoruyucunu açdım. Ruslar şoka düşmüşdülər. Görünür, indiyədək onların üzərinə silah çəkən olmamışdı. Ramiz müəllim mənə “lazım deyil, Urfullah” deyəndə, mən onların başa düşməsi üçün rusca xəbərdarlıq etdim: “Bunların üçünü də gəbərdəcəyəm!”.
Təyyarə artıq yüklənmişdi. Üzümü Cavanşirə tutaraq: “Motoru işə sal” – dedim. Podpolkovnik əllərini göyə qaldırıb əsgərləri ilə maşına oturdu. Mən Ramiz müəllimlə və digər dostlarla sağollaşıb təyyarəyə mindim. Üç dəqiqə keçməmişdi ki, biz sürətlə havaya qalxdıq.
Sonralar aeroportun mühafizə xidmətinin rəisi mənə dedi ki, siz gedəndən bir saatdan artıq podpolkovnikin avtomobili orada qalmış, yerindən tərpənməmişdi. Podpolkovnikdən soruşdum ki, burada niyə dayanmısınız? Sanki yuxudan ayıldı, sürücüsünə “Getdik!” əmrini verib oradan uzaqlaşdılar. Mən özüm o rusu bir daha oralarda görmədim. Bir saat 10 dəqiqədən sonra biz Naxçıvan aeroportuna eniş edəcəkdik. Dağlıq Qarabağın üzərindən uçurduq. Yükümüz ağır olduğundan yüksəklik 3000 metri göstərirdi. Aşağıda alışıb yanan şəhər və kəndlərimiz aydın görünürdü...
Naxçıvan Hava Limanında əsgərlərimiz yükü dərhal boşaltdılar. Qısa istirahətdən sonra biz Gəncəyə uçduq. Dostlarım bizi gözləyirdilər. Heç bir maneə olmadan təyyarəni yenidən yükləyib Naxçıvana geri qayıtdıq. Təyyarəni boşaldıb, Cavanşirə 3 gün sonra Gəncəyə gəlməsini tapşırdım. Məndə qəti bir inam yaranmışdı ki, qısa zaman ərzində tapşırığa əməl edəcəyik.
İş yerimə saat 18:00 radələrində qayıtdım. DMMK sədri Elman Abbasovla görüşəndə alayda bir problem olduğunu söylədi. Bildirdi ki, 30 nəfərə yaxın zabit və gizir Qarabağa döyüşmək üçün göndərilmələrini tələb edir. Qərargah rəisi ilə əlaqə saxlayıb alayın iclas zalında sabah 11:00 radələrində görüşə gələcəyimi bildirdim. Alayın iclas zalında məni gözləyirdilər. Görüşüb rəyasət heyətindəki yerimə əyləşdim. Onları eşitmək üçün tribunaya dəvət etdim. Növbə ilə üç könüllü zabit çıxış etdi. Çıxışlar eyni məzmunlu idi. Xocalı soyqırımının intiqamını almaq üçün bütün tərkiblə Qarabağa göndərilmələrini tələb edirdilər. Onların heç biri Naxçıvanın sərhəd kəndlərində olmamış, həqiqi hərbi xidmət keçməmiş könüllülər idi. Növbəti çıxış üçün tribunaya heç kim gəlmədi. Mən çıxışımda Naxçıvanın sərhəd kəndlərində müdafiə postlarının yaradılmasından, bir ov tüfəngi ilə onlarca könüllünün növbə çəkməsindən, baş verən erməni təxribatlarının Azərbaycanın qəhrəman oğlu Afiyəddin Cəlilov tərəfindən qarşısının necə alındığından danışdım. Onların danışdıqlarından daha çox Xocalıda törədilmiş erməni vandalizmi barədə məlumat verdim. Ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu söylədim. Çox keçmədən burada ağır döyüşlərin gözləndiyini dedim. Naxçıvanın onlara böyük ehtiyacı olduğu halda, xidmət yerini dəyişmək tələbinin nə dərəcə doğru olduğunu soruşanda 3 nəfərdən başqa hamısı bir ağızdan dedi ki, siz haqlısınız, komandir. Çox keçmədən ermənilərin Naxçıvana cəbhə boyu hücum edəcəklərini bilən bütün əhali doğma yurdumuzun müdafiəsinə qalxdı.
Blokada vəziyyəti vaxtilə dünyaya meydan oxuyan bir imperiyanın Naxçıvandakı hərbi hissələrini çox miskin hala gətirmişdi. Əsgərləri aclıq çəkir, həftələrlə yuyunmadıqlarından müxtəlif xəstəliklərə düçar olurdular. Hərbi nizam-intizamdan əsər-əlamət qalmamışdı, oğurluq, itaətsizlik baş alıb gedirdi. Hazırladığımız planın icrasına başlamaq üçün Heydər Əliyevdən icazə istədim. İlkin olaraq hərbi hissələrdəki türkləri çıxarıb Bakıya, oradan da vətənlərinə yola salacaqdıq. Həmin gün 3 özbək əsgərini Bakıya yola saldıq. Bir neçə gündən sonra bizə yüzlərlə əsgər müraciət etdi. Hətta onların arasında ruslar da var idi. Onlar bizə, Ali Məclisə yazılı olaraq təşəkkür edirdilər. Əvvəl özlərini ev sahibi kimi aparanlar indi qonaq kimi davranırdılar. Zabitlərin özləri hərbi hissələrdən silah-sursatı oğurlayaraq bizə satmaq istəyirdilər. Moskvanın niyyəti isə silah-sursatı, ağır texnikanı İrəvana aparıb ermənilərə təhvil vermək idi. Onlar Naxçıvanda Heydər Əliyev kimi bir dühanın varlığını unutmuşdular.
Ertəsi gün Gəncəyə, oradan da Marquşavana getdim. Ağır döyüşlər gedirdi. Elşən Əliyevlə topun yanında görüşdük. Bir gün sonra Gəncəyə gedəcəyini dedi. Axşamüstü Gəncədə Milli Məclisin üzvü, Gəncə Şəhər Fövqəladə Müdafiə Qərargahının rəisi Çingiz Sadıxovla görüşdüm. Məni çox səmimi qarşıladı. “Kəpəz” mehmanxanasında mənə bir otaq ayrılmasına göstəriş verdi. Mənə bir “Qaz-69” markalı avtomobil ayırdı və s.
Məndən Namiq Həsənovu tanıyıb-tanımadığımı soruşdu. Daxili işlər nazirinin müavini kimi Namiq müəllim çox böyük bir missiyanı həyata keçirirdi. Siyasi məsələlər üzrə bütün danışıqlarda iştirak edirdi, böyük nüfuz sahibi idi. Çingiz müəllim Namiq müəllimlə birlikdə Ali Partiya Məktəbində oxuduğunu bildirdi. Anbardan bizə lazım olan silah-sursatın aparılmasına icazə verildi. Anbardakı mövcud arsenallara baxaraq, vacib olanlarını seçib ayırdım. Təxminən 50 ton yük idi. Yüklər böyük ağır yeşiklərə yığıldı. Yükü qısa zamanda daşımaq üçün riskli bir qərar qəbul etdim. Onları tarasız aparmaq istəyirdim.
An-26 dəqiq vaxtında Gəncəyə eniş etdi. İki yük maşını ilə təyyarəyə yaxınlaşdıq. Yeşikləri açıb mərmiləri göstərdiyim şəkildə yükləməyə başladıq. Təhlükəsizlik tədbirlərindən biri də mərmi başlıqlarını ayırmağımız oldu.
Artıq Gəncə Aeroportunda bütün ehtiyat tədbirlərini görmüşdüm. Bizə qarşı ruslardan heç bir təhlükə gözlənilmirdi. Aeroportun polis rəisi İlqar müəllimdən bizə lazımi köməyin göstərilməsini xahiş etdim. Aeroportun polisləri yüklərimizi qoruyurdular. Vaxtdan səmərəli istifadə üçün yükləri öncədən aeroporta gətirirdik. Gündə iki dəfə Naxçıvana uçurduq.
Axşam Gəncədə şəhər nəqliyyat prokuroru Hüseyn Əlizadənin yaşadığı evə getdim. Hüseyn müəllimin ailəsi bir neçə il idi ki, Özbəkistandan Gəncəyə köçmüşdü. Onların evindən telefonla Heydər Əliyevlə əlaqə saxlayırdım. Mənə deyirdilər ki, hər gün bizə gəl, başqa yerdə şam eləmə. Mən isə Heydər Əliyevlə telefonla danışmaq zərurəti yarananda onlara gedirdim.
AN-26 təyyarəsi ermənilərin diqqətini cəlb etmişdi. Cavanşir dedi ki, bizə atəş açırlar. Gündə iki dəfə uçuş həyata keçirmək təhlükəli olmuşdu. Ona dedim ki, mümkün qədər döyüş zonasının üzərindən yox, bir qədər kənardan uçaq. Uçuş vaxtını özümüz müəyyənləşdirirdik. Çalışırdım ki, uçuş saatlarımız fərqli olsun. Düşmən atəş açırdı. Ekipajın həyatını təhlükə qarşısında qoya bilməzdik. Pilotlar (4 nəfər idi) qəhrəmanlıq göstərirdilər. Nə isə etməli idik. Ancaq nə?
Məlum səbəblərdən Heydər Əliyevə görə Naxçıvana kömək etmək təhlükəli idi. Ən yaxşı halda kömək edənlər təqibə məruz qalır, işdən çıxarılırdılar. Amma çoxları heç nədən qorxmayaraq, yüksək vətənpərvərlik, Heydər Əliyevə böyük rəğbət göstərərək, bizə yardım edirdilər. Onlardan biri də Gəncə Şəhər Nizami rayon prokuroru Mahmud Nəbiyev idi. Onun köməkliyi ilə 15 təyyarə “yükünü” vaxtında Naxçıvana çatdıra bildik. Bundan əlavə, Sumqayıtdan boru prokat zavodundan 2000 metr boru gətirilməsini xahiş etdim. Bir həftə ərzində borular Gəncə şəhərinə gətirildi. Bir neçə dəfə məni evlərinə dəvət etdi. Sonralar məlum oldu ki, həmin günlərdə mənə sui-qəsd törədiləcəkdi. Onun atası Yusif Nəbiyev Naxçıvanda Nazirlər Sovetinin Sədri işləmişdi.
Azərbaycanda sovet dövrü görülən bütün işləri həmişə raykomun birinci katibinin adına çıxırdılar. “Naxçıvanda sənaye obyektləri, tədris müəssisələri, klublar, yollar, binalar və s. Yusif Nəbiyevin vaxtında tikilib” deyirdilər. Allah ona rəhmət eləsin! Heç kim onun qapısından əliboş qayıtmayıb. Heydər Əliyevə Mahmud Nəbiyev haqqında məlumat verəndə Yusif Nəbiyevlə bağlı xoş xatirələrindən danışmışdı. Allah Mahmud müəllimə də rəhmət eləsin. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olmuşdu. 2022-ci ilin dekabrında vəfat etdi.
Gəncə Şəhər İcra Hakimiyyətində Fiqan İmaməliyevlə tanışlığımız da yerinə düşmüşdü. Əslən Naxçıvanın Xok kəndindən idi. Atası Nəbi İmaməliyev Azərbaycanda ilk milis (polis) polkovniki olmuşdu. Naxçıvan şəhərində Atatürk prospektində Cəmşid Naxçıvanskinin ev muzeyi ilə üzbəüz ikimərtəbəli binaya polkovnik Nəbi İmaməliyevin barelyefi asılmışdı. Fiqan müəllim Gəncə Şəhər İcra Hakimiyyətində sənaye, nəqliyyat, rabitə şöbəsinin rəisi idi. Ən böyük məsələ “yükü” daşımaq idi. Təhlükəli olduğundan heç kim qorxulu, qanunsuz “yükü” daşımaq istəmirdi. Problemlərimizin bir çoxu, o cümlədən, “yükün” daşınması həll olundu.
Digər mühüm məsələ isə Gəncə-Naxçıvan və əks-tərəfə sərnişin daşınmasında fasiləyə yol verilməməsi idi. Fiqan müəllim bu vacib məsələni ciddi nəzarətdə saxlayırdı. Hər dəfə icra hakimiyyətinə gələndə Fiqan müəllimlə mühüm məsələləri müzakirə edərək, onun məsləhəti ilə bəzi tədbirləri uğurla həyata keçirirdim. Ona zərər gələcəyindən ehtiyat edirdim. Fiqan müəllim isə “Naxçıvan bizim ürəyimizdir, hamının borcudur ki, Vətənə kömək etsin” – deyirdi. Ayrıca məni icra başçısının müavini Nizami Əhmədovla da tanış etmişdi.
İmkan olduqca Ağstafa, Tovuz, Qazax, Şəmkir, Xanlar (indiki Göygöl), Tərtər, Goranboy, Mingəçevir, Yevlax və s. rayonlara gedib müəyyən əlaqələr yaratdıq. Qarabağın bəzi rayonlarına da getdik.
Döyüş gedən rayonlarda bizi ən çox maraqlandıran düşmənin taktikası idi. Həm nizami ordunun, həm də könüllülərin. Bu məsələləri biz Dövlət Milli Müdafiə Komitəsində müzakirə edirdik. Gəncədən Naxçıvana Yak-40 sərnişin təyyarəsi uçurdu. Aeroportun komandiri Firudin Qasımova dedim ki, təyyarənin oturacaqları sökülərək bizim sərəncamımıza verilsin. Nə razılıq lazımdırsa, rəhbərlikdən alarıq. Bir günə Yak-40 bizə verildi. Beş tona qədər yüklə 4000 metr yüksəklikdə uçurduq. Təyyarə sürətli olduğundan gündə 3 dəfə Gəncə-Naxçıvan reysi həyata keçirirdik.
Gəncədə prospekt və küçələrdə mağarlar qurulurdu. Hər gün, demək olar ki, şəhərə bir neçə şəhid gətirilirdi. Şəhər yas içində idi.
Naxçıvan təkcə iqtisadi blokadaya alınmamışdı. Burada, eyni zamanda, informasiya blokadası, qıtlığı hökm sürürdü. Respublika televiziyasının xəbərləri videokasetə köçürülür, bir gün sonra isə Naxçıvan televiziyasında translyasiya olurdu. Naxçıvan həqiqətlərinin nəinki dünyaya, hətta Bakıya çatdırılması problemə çevrilmişdi. Bu problemi qismən həll etmək, Naxçıvana humanitar yardım göstərmək üçün Gəncədə Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaradılmasına icazə istədim. Heydər Əliyev təklifimi bəyəndi.
Gəncədə Alimlər evi fəaliyyət göstərirdi. Müdiri Kazım Axundov idi. Bir müddət əvvəl Fiqan müəllim məni Musa Musayevlə tanış etmişdi. Yük maşını lazım olduğu üçün gəncəlilərin “Musayevin qarajı” deyilən müəssisəyə getmişdim. Doğma övladı kimi məni qarşıladı Musa dayı. “Gedək yeməkxanaya, mən acmışam” – dedi, əslində, məni yeməyə dəvət edirdi. Musa dayı elə belə kişilərdən deyildi ha. Babası Kəlba Musa Naxçıvanda məşhur adam olmuşdu. Çəkdirdiyi kəhriz 100 ildən çoxdur ki, əhaliyə xidmət edir. Musa dayı ilə Alimlər evinə getdik. Kazım müəllimdən cəmiyyət mərkəzinin Alimlər evində yerləşməsinə razılıq aldıq.
Tezliklə Alimlər evinə Gəncədə yaşayan qeyrətli naxçıvanlılar və Gəncəbasarın qəhrəman övladları toplaşdılar. Cəmiyyətə Hüseyn Əlizadəni sədr, Musa dayı ilə Firudin Şimşəyi müavin seçdik. Cəmiyyətin ən fəal üzvləri Gəncə Ağsaqqallar Şurasının sədri Ağa Ağayev, Çingiz Sadıxov, Metalbazanın müdiri Əli müəllim, Əkbər Nəsirov, Salman Məmmədov, akademik Mikayıl Rəhimov, Nurəddin Babayev, Vahid Şirəliyev, Hüseyn Vəliyev, Əli Mehdiyev, Əhmədov Əhməd, Fiqan İmaməliyev, milis polkovniki Natiq Həsənov, İbrahim Cəfərov, Rafiq və Rauf Şəfiyev qardaşları, Teyyub Hacıyev, Mərdan müəllim, Vilyam Hacıyev, Elşən Əliyev, Səməndər Qurbanov, Vaqif müəllim, milis kapitanı İbrahim, qarajın işçiləri Vaqif və Əli müəllim, Ziyad Abbasov, Arif Hüseynov, Firudin Qasımov, Eldəniz Nəcəfli, Mətləb Əliyev, Mərdan Tağıyev, Qəzənfər Əliyev, Qalib Rəhimli, Mətləb Abdullayev və başqaları idi.
Salman Məmmədovun anası Əsmət xanım Naxçıvana gəlmiş, yüz min manatlıq dərman ləvazimatını Apteklər İdarəsinə vermiş, on min manatı Sədərəkdə müalicəyə ehtiyacı olan yaralılara paylamışdı. Cəmiyyət hər gün fəaliyyət göstərirdi. Cəmiyyət üzvlərinin, onların tələbələrinin köməyi ilə təyyarənin yüklənməsini də həyata keçirirdik. Həftədə bir dəfə rəhbər heyət toplanırdı. Mən Naxçıvandakı mövcud vəziyyətlə bağlı məlumat verirdim. Sonra görüləcək işlər barədə qərar qəbul edirdik. Mənim təklifimlə cəmiyyət adından Gəncədə şəhid ailələrinə, yaralılara maddi və mənəvi yardım göstərilməyə başlandı. Cəmiyyətin xətti ilə Naxçıvanın Müdafiə və İnkişaf Fonduna iki milyon manatdan artıq vəsait köçürüldü. Cəmiyyətin qərarı ilə rəhmətlik Əkbər Nəsirov və Əli Mehdiyevin Heydər Əliyevlə görüşünü təşkil etdim. Görüşdən sonra Naxçıvan televiziyasında çıxışları oldu. Cəmiyyət üzvləri əsl qəhrəmanlıq göstərirdilər. Təmənnasız vətəndaşlıq borclarını yerinə yetirirdilər.
Cəmiyyətin fəaliyyətini həmin dövrdə Türkiyədən gəlmiş “Tərcüman” qəzetinin jurnalisti də işıqlandırmışdı. Sağ qalmış qəhrəmanlarımıza Allahdan cansağlığı arzulayıram. Demək istəyirəm ki, sizin qəhrəmanlığınız heç bir zaman unudulmayacaq. Heydər Əliyevin göstərişi ilə Naxçıvan Dövlət televiziyasının əməkdaşları, yazıçı- jurnalist Asim Yadigar və operator Nurəddin Əliyev Gəncə şəhərinə ezam olundular. Cəmiyyətin, qəhrəman pilotların fəaliyyətlərini videolentə alaraq Naxçıvan Dövlət televiziyasında işıqlandırdılar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev cəmiyyət üzvlərinə bir teleqram ünvanladı: “Möhtərəm bacılar və qardaşlar! Gəncə şəhərində Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaranması qədim Naxçıvan diyarında böyük hörmət və minnətdarlıq hissi ilə qarşılanmışdır. Cəmiyyətin üzvlərinə, Gəncə şəhər sakinlərinə naxçıvanlıların səmimi salamını və dərin məhəbbətini bildiririk. Həmrəylik və yardım üçün minnətdarıq. Gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycanın qədim diyarları - Gəncə və Naxçıvan arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayırıq. Bütün gəncəlilərə cansağlığı, səadət diləyirik!”
(ardı var)
Urfullah QURBANOV,
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat
şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi


