Meşəli soyqırımından zərər çəkmiş insanlar beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər. Sənəddə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı Vaqif Xaçaturyanı yaxşı tanıyırlar:
– Onun əlləri dinc insanların – körpələrin, qadınların, qocaların qanına batıb. Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi, bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!
Müraciətin sonunda deyilir ki, Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər: “Bəs bizim haqq və hüquqlarımızı nə vaxt müdafiə edəcəksiniz? Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir. Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin”.
“Xalq qəzeti”

