Hindistan güc dünyasında fayda axtarır

post-img

Rusiyanın "Nezavisimaya gazeta" nəşrində Hindistanın xarici siyasətinə həsr olunmuş analitik material dərc olunub. Dehlinin son zamanlar Cənubi Qafqaz regionuna yönəlik siyasəti fonunda həmin materialın aktuallığını nəzərə alaraq məqalənin tərcüməsini diqqətinizə çatdırırıq.

Dehli yeni mürəkkəb çoxşaxəli geosiyasi xətt axtarır və qalib gəlməyə çalışır.

Bu gün tamamilə aydındır ki, dünyada Rusiya–Ukrayna münaqişəsi kontekstində qüvvələr balansının dəyişdirilməsi üçün güclü proses başlanıb.

Anti-Rusiya sanksiyalarının görünməmiş miqyası “qloballaşmış iqtisadiyyat” adlanan iqtisadiyyatın əhəmiyyətli transformasiyasına səbəb olub. Qloballaşmanın sürətlə parçalan­ması yeni mənfəət mərkəzlərini, ənənəvi iqti­sadi, maliyyə və investisiya əlaqələrinin məhv edilməsinin yeni benefisiarlarını üzə çıxardı.

Bunun fonunda Hindistanın və onun baş naziri Narendra Modinin xarici siyasət/xarici iqtisadi sahədə fəaliyyəti diqqəti cəlb edir.

Bir tərəfdən, Modi Hindistanın Hind-Sa­kit okean regionunda yeni rolunu düzəltmək, digər tərəfdən isə, indiyə qədər BRİKS for­matında qlobal Cənub üçün mayaklardan bi­rinə çevrilmək istəyir. Modi son bir ay ərzin­də ABŞ (20-23 iyun), Misir (24-25 iyun) və Fransaya (13-15 iyul) səfər edib.

Vaşinqtonda Modini ən yüksək səviyyədə qarşıladılar. Cozef Bayden texnoloji inkişaf və müdafiə sahələrində görünməmiş səviy­yədə tərəfdaşlıq vəd etdi. Görüşün üzərində Çinin kölgəsi dolandı. Amerikalılar aydın mövqeyə haqq qazandırmaq istəyirdilər: Pe­kin bu sahələrdə Dehlinin tərəfdaşına çevril­məməlidir. Yalnız Vaşinqton olmalıdır.

Danışıqların əsas mövzusu ABŞ–Hin­distan ikitərəfli münasibətlərinin “21-ci əsrə ümid, ambisiya və inamla baxan demokratik dövlətlərin tərəfdaşlığı” ideyası olub. Bayden Modiyə əsas mesajı çatdırmağa çalışıb: ABŞ üçün Hindistan Çin iqtisadiyyatına əsas alter­nativdir. Vaşinqton təkcə Hindistanın iqtisadi artımına üstünlük vermir, həm də qlobal dəyər zəncirlərindəki strateji əlaqələri dost Asiya ölkəsinin ərazisinə köçürməyi planlaşdırır.

Modinin Qahirəyə səfəri qlobal Cənubun mövqelərini gücləndirmək üçün Misirlə siya­si əlaqələri gücləndirmək məqsədi daşıyıb. Dehli, təbii ki, Cənubu Pekinin hakimiyyə­tinə vermək istəmir. Məhz Çinin inkişaf et­məkdə olan ölkələrə təsirini tarazlaşdırmaq üçün Modi Misir Prezidenti Əl-Sisiyə ölkənin BRİKS-ə qoşulmaq istəyinə dəstək zəmanəti verdi. Pakistan da BRİKS-ə tələsir ki, bu da Dehlidə ruh yüksəkliyi yaratmır.

Parisdə Modi və Makron Hind–Sakit oke­an regionunda strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Ekspertlər qeyd edirlər ki, 2014-cü ildən Modi yeddinci dəfə Parisə səfər edir. Çox vaxt o, yalnız Vaşinqtonu ziyarət edirdi.

Fransa Hindistana Rusiyadan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Makron isə Hindistanın silah bazarındakı payını artırmaq istəyir.

Makronun Avropanın təkcə ABŞ-a gü­vənmədən öz təhlükəsizliyinin qayğısına qalması zərurəti ilə bağlı iddialı bəyanatlarını xatırlasaq, o zaman etiraf etmək lazımdır ki, Paris danışıqlarının məqsədlərindən biri də ABŞ–Çin qarşıdurmasının xüsusiyyətlərini nəzərə almadan Hind–Sakit okean regionunda “köhnə dünya”nın muxtar mövqelərini yarat­maq idi. 

Hindistanın da maraqları aydındır. Fövqəldövlət statusuna doğru gedən Dehli Rusiyadan silah tədarükündən asılılığı azalt­mağa çalışır. Modinin buna 2024-cü il seç­kiləri ərəfəsində ehtiyacı var. Onlara Hind–Sakit okean regionunun hamılıqla tanınan super gücü kimi yanaşmaq Hindistan cəmiy­yətinin Modi ətrafında konsolidasiyasında ən mühüm amildir.

Tamamilə aydındır ki, Hindistan indi Ru­siya–Ukrayna münaqişəsinin nəticələrindən aşkar faydalalan ölkələrdən biridir. Eyni za­manda, Dehli, həm Hind–Sakit Okean regio­nunda (Çini ehtiva edir), həm də qlobal Şimal və qlobal Cənub arasında münasibətlərin yeni konfiqurasiyasında güc və münasibətlərin yeni balanslarını nəzərə alır.

Şübhəsiz ki, Hind–Sakit okean regio­nu gözlərimiz önündə təkcə qlobal iqtisadi, biznes və ticarət fəaliyyəti mərkəzinə deyil, həm də hərbi-strateji qarşıdurmanın həssas mərkəzinə çevrilir. NATO-nun Vilnüsdəki sonuncu sammitində Yaponiya, Cənubi Ko­reya, Yeni Zelandiya və Avstraliyanın baş nazirləri görkəmli və diqqətçəkən şəxsiyyət­lər idi. Bundan əlavə, NATO-nun baş katibi Yens Stoltenberq Asiyadan olan tərəfdarları alyansın fəaliyyətinə cəlb etmək üçün səy­lər göstərir. Bu cür tədbirlərin məqsədi NA­TO-nun regionda məqsədlərinə uyğun etibarlı tərəfdaş konfiqurasiyaları yaratmaqdır. Çinə qarşı müxalifət ittifaqı Çin sərhədləri yaxınlı­ğında mövcudluğunu artırmağa sövq edir. Son təşəbbüslərdən Yaponiyanın baş naziri Fumio Kişidanın Tokioda NATO ofisinin açılması təklifini qeyd etmək yerinə düşər. Təbii ki, Çin buna qarşıdır.

Hindistanın böyük siyasətinin bütün bu incəliklərində kiminsə milli maraqları üzərin­də büdrəməmək üçün təfərrüatları başa düş­mək lazım gələcək. Dünyanın sürətlə dəyişən mənzərəsi özünün uzunmüddətli maraqlarına və faydalarına ayıq strateji baxış keçirmək qabiliyyətini nəzərdə tutur. Təbii ki, Vaşinq­tonda “dənizlərdən ulduzlara qədər” uzanan strateji tərəfdaşlıq haqqında sözlər deyiləndə adamın başı gicəllənir. Strateji tərəfdaşlığın sektorlarının siyahısı isə təsiredicidir: yarım­keçiricilər, kvant hesablamaları, süni intel­lekt, müdafiə sənayesi, təmiz enerji. Hamısı gələcəyə yönəlib. Və bildiyiniz kimi, gələ­cəyə ümumi baxış ümumi keçmişdən, bəzən mifikdən qat-qat güclü birləşir. İnsanın təbiəti belədir. Müasir insanın təbiəti.

Qüvvələr, vasitələr, ideyalar və imkanla­rın qlobal şəkildə yenidən balanslaşdırılması kontekstində Hindistan nümunəsi maraqlı və ibrətamizdir. Və diqqətli öyrənmə tələb edir.

Hazırladı:
S.ELAY,
“Xalq qəzeti”

Siyasət