Ermənistan təxribatçı addımlara və bəyanatlara son qoymalıdır

post-img

30 il müddətində beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “Le Monde” qəzetinə müsahibəsində səsləndirdiyi id­dialara dair şərhində deyilir.

“Ermənistan baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır mü­haribə və insanlıq əleyhinə cinayatlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət” adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın da­vam edən işğalçı siyasət və əməllərdən əl çəkmədiyinin bariz nümunəsidir. Ermənis­tan baş naziri Paşinyanın bu fikirləri həm­çinin onun “Qarabağ daxil olmaqla Azər­baycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə ziddir. 

Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası təd­birlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması, Azərbayca­nın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi bölgədə sül­hün təmin edilməsi üçün ən zəruri şərtdir. 

Ermənistan rəhbərliyinin Azərbayca­nın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qə­tiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəl­miş səylərə zərbədir və bölgədə gərginli­yin saxlanmasına xidmət edir. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyə­cək. Ermənistan tərəfini təxribatçı addım və bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, – deyə Azərbaycan XİN-in şərhində vur­ğulanıb.

“Xalq qəzeti”

Siyasət