Azərbaycan XİN: Rusiya XİN-in bəyanatı anlaşılmazlıq və məyusluq doğurur

post-img

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 2023-cü il 15 iyul tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur.

Bu, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Na­zirliyinin Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş bəyanata dair şərhin­də yer alıb.

Bildirilir ki, Rusiya Federa­siyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Res­publikası və Rusiya Fede­rasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Fe­derasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ böl­gəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.

Rusiya Federasiyası Xarici İşlər Na­zirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altın­da saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməz­dir.

Xatırlatmaq istərdik ki, məhz Azər­baycan 44 günlük Vətən müharibəsin­dən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sər­hədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazır­da da Azərbaycan tərəfi sülh müqavilə­sinin irəlilədilməsi istiqamətində əməli addımlar atır.

Ölkəmiz həmçinin Azərbaycan, Er­mənistan və Rusiya Federasiyası lider­ləri arasında imzalanmış üçtərəfli bəya­natlara daim sadiqlik nümayiş etdirib.

Buna baxmayaraq, sözügedən üç­tərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsi­ni təmin etməyib.

Uzun müddət ərzində Laçın yo­lundan istifadə etməklə aparılan qey­ri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gəti­rilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edil­məsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.

Azərbaycan tərəfi ölkə ərazisində baş verən bu qanuna zidd fəaliyyətlə­rin qarşısının alınması, şəffaflığın tə­min olunması məqsədilə, Azərbaycan qanunvericiliyinə və beynəlxalq qay­dalara uyğun olaraq yaradılmış La­çın sərhəd buraxılış məntəqəsi təsis edib. Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tən­zimlənən və şəffaf şəkildə keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək, iyunun 15-də məntəqəni atəşə tutub və iyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin ke­çidi üçün yenə də şərait yaradıb və Ağ­dam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib.

Bu kontekstdə, Azərbaycanın su­veren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yaran­dığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəl­lidir.

Qeyd edilənlərə baxmayaraq, məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd ola­raq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqla­rının hələ də tam olaraq çıxarılması tə­min edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin mü­şahidəsi altında erməni silahlı qüvvələ­rinə dəstək həyata keçirilir.

Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respub­likası arasında maneəsiz kommunika­siyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur.

Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində ma­raqlıdır və bu istiqamətdə səylərini bun­dan sonra da davam etdirəcək.

Siyasət