Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşüb

post-img

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşüb. 

Görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın sərhəd buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış son vəziyyətlə əlaqədar bildirib ki, iyunun 15-də məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir.

BQXK-nin 11 iyul tarixli açıqlamasında bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığı və təqdirəlayiq olduğu bildirilib. Gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.

Aparılmış müzakirələr zamanı, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü nazir tərəfindən bildirilib.

Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırlanıb.

"Xalq qəzeti"

Siyasət