Makron ekorepressiyası

post-img

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun iyunun 22-də ölkəmizlə bağlı çıxardığı “Laçın dəhlizi ilə azad və təhlükəsiz hərəkətin təmin edilməsi” adlı qərəzli qətnaməsinə münasibət bildirərkən, maraqlı məqama toxunmuşdu. O, Azərbaycanın Laçında Ermənistanla şərti sərhəddə yaratdığı nəzarət-buraxılış məntəqəsinin suveren ərazimizdə yerləşdiyini vurğulamış və bildirmişdi ki, daxilindəki problemlərə biganə qalan Fransa digər ölkələrdə problemlər axtarışındadır. 

Əlbəttə, S.Seyidov belə fikir bildirməklə, sözügedən qətnamənin məhz Paris tərəfindən ortaya atıldığına diqqət çəkmişdi. Onu da deyək ki, Fransa ermənipərətsliyi sərhəd tanımır. Xüsusən də Emmanuel Makronun prezidentliyi dönəmində bu meyilin daha həyasız çalarlarla ortada olduğunu görə bilərik. Məsələn, həmin Makronun Azərbaycan-Ermənistan sülh nizamlamasının Qərb formatını pozmasını vurğulaya, sübut kimi ötən ilin Praqa Sammitindən sonra çıxardığı oyunlardan, ölkəmizi işğalçılıqdan suçlamasından danışmaq mümkündür. Bununla yanaşı, onun Avropa İttifaqını “erməni təəssübünün” alətinə çevirməsindən tutmuş, bir çox digər məqamları da diqqətə çatdırmaq yerinə düşər. S.Seyidovun isə dediyi o idi ki, hazırda Fransa Avropa Şurasını da alətə çevirməkdədir. 

Makronun cılız təfəkkürlə yanaşmasının, böyük hesab etdiyi məqsədi var. Hakimiyyəti dövründə ölkəsinin bütün qlobal güclər tərəfindən, bir növ, oyundankənar vəziyyətə düşürüldüyünü, saya salınmadığını görən Makron öz aləmində, nəhəng beynəlxalq gediş etmək qərarına gəlib. Fransanın ermənipərəstliyə söykənmiş Cənubi Qafqaz təşəbbüsü də bundan qaynaqlanır. Makron, həmçinin, necə deyərlər, Parisdən vurub Monqolustanın paytaxtı Ulan-Botordan çıxmaq kimi gedişə də əl atıb ki, ölkəsi üçün, guya, vacib qlobal missiya yerinə yetirdiyini göstərsin. Əslində isə bütün bunlar, azərbaycanlı avroparlamentarinin vurğuladığı kimi, daxildəki sosial problemlərdən diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Özü də söhbət son dərəcə uğursuz cəhddən gedir. 

Bəli, Makron avantürizmi səbəbindən Fransa problemlər məngənəsindədir. Bu mənada ölkəni cənginə almış etiraz nümayişlərindən tutmuş, günümüzün “Paris-2024” Yay Olimpiya Oyunları müstəvisindəki korrupsiya qalmaqallarınadək, bir çox məqamları vurğulamaq mümkündür. Arada Makrona dəyən qəfil vətəndaş şapalaqları isə ölkənin idarəçilik dramatizminə xüsusi rəng qatır, –desək yanılmarıq. Məsələyə, şapalaq prizmasından yanaşsaq, əslində, Fransa Prezidentinə onlardan daha biri dəyməlidir. 

Fransa hökuməti silahlı etirazlar və ya zorakı hərəkətlərə səbəb olduğu üçün, ətraf mühitlə bağlı fəal mövqeyi ilə seçilən “Les Soulevements de la Terre” (SLT) qrupunun bağlanması barədə qərar çıxarıb. Əlbəttə, göstərilənlər bəhanədir. Çünki sözügedən qrup adından da göründüyü kimi, ətraf mühit və ekologiya ilə bağlıdır. Onun çıxışlarında və bəyanatlarında səslənən tələb də bu müstəvidədir. İkincisi, hər hərəkətdə bir məntiq olmalıdır. Silahlı etiraz etmək istəyən təşkilat nə üçün ekologiya, ətraf mühitlə əlaqədar fəaliyyət göstərdiyini bəyan etsin ki? Ümumiyyətlə, nəyə görə özünü aşkara çıxarsın? Əgər elə niyyəti varsa, gizli fəaliyyət göstərməyi daha məntiqi olmazmı? 

Buradan da görünür ki, hökumətin arqumentləri saxtadır. Ancaq SLT-nin mövcudluğuna əsas, daha doğrusu, sosial sifariş var. Çünki Fransanın Avropanın ən çirkli bölgələrindən olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Necə deyərlər, görünən dağa nə bələdçi? Ölkənin paytaxtı Paris “köhnə qitə”nin müxtəlif eko-reytinqlərində ən axırıncı yerlərdən birini tutur. 

Təsəvvür edin ki, özünü demokratiyanın beşiyi sayan Fransada ətraf mühitə qarşı anti-demokratik ab-hava hökm sürür və yerli hökumət bununla bağlı heç bir tədbir görmür. Əksinə, mövcud istiqamətdə çağırış edənləri isə az qala ekstremist qiyafəsində göstərərək, fəaliyyətlərinə qadağa qoyur. Həqiqətən də tragikomik səhnədir. Eyni zamanda, ortada Fransa dövləti və dövlətçiliyi üçün utanc gətirən mənzərə var. 

Qeyd edək ki, Fransa hakimiyyətinin SLT-yə qarşı qərarı solçu müxalifət və qeyri-hökumət təşkilatları tərəfindən kəskin tənqid olunmaqdadır. Onlar ölkənin daxili işlər naziri Gerald Darmanın sözügedən təşkilatın son aylardakı fəaliyyətini eko-terrorizmə bağlamaq cəhdlərini hiddətlə qarşılamaqdadırlar. Bu mənada nazirin SLT-nin bəzi fəallarının, guya, polisə qarşı həddindən artıq zorakılıq nümayiş etdirdiyini vurğulamasına da inanan yoxdur. Bir sözlə, ortada dövlət idarəçiliyi baxımından anarxik durum hökm sürməkdədir. Vəziyyət bolşevizmin lideri Leninin söylədiyi kimidir: Fransada aşağılar əvvəlki kimi yaşamaq istəmirlər, yuxarılar isə görünür, əvvəlki kimi idarə etmək niyyətindən uzaqdırlar. Yəni, ikincilərin demokratik davranmamağa meyilli olmaları, insan hüquq və azadlıqlarını heçə saymaları, birinciləri kütləvi etirazlara sövq edir. 

Bəli, başqa ölkələrin işinə qarışmaq, ona demokratiya dərsi keçmək üçün dəridən-qabıqdan çıxan, əslində isə özünün neoimperializm niyyətlərini gerçəkləşdirmək yolu tutan Fransanın daxilindəki ictimai-siyasi, sosial-mədəni və iqtisadi mühit onu deməyə əsas verir ki, ölkə deqredasiya dövrünü yaşamaqdadır. Bunun başlıca səbəbkarı isə heç şübhəsiz, Prezident Makrondur. 

Makron administrasiyasının ölkə vətəndaşlarına qarşı anti-bəşəri mahiyyət daşıyan hərəkətləri faktlarla sübut olunmaqdadır. İndi də eko-müstəvidəki fəallara qarşı repressiv davranış var. Belə olan halda rəsmi Parisin insan hüquq və azadlıqlarından danışması, yumşaq desək, gülüş doğurmaqdadır. İnsan hüquqlarından söz düşmüşkən, Fransada mövcud istiqamətdəki pozuntuların kütləviliyin artması, polis zorakılığının, az qala, adi hala, normaya çevrilməsi, bütövlükdə, qitə üçün son dərəcə pis bir presedent yaratmaqdadır. 

Hesab etsək ki, demokratiya insan şüur və düşüncəsinin, eyni zamanda, yaradıcılıq əzminin nümunəsidir, bu zaman, əminliklə demək olar ki, hazırda Makronun sayəsində Fransa demokratiyası ­qıcqırma mərhələsindədir. Belə görünür, o, hakimiyyətdən getməsə, bu qıcqırmadan heç ölkə məişəti üçün vacib məhsul sayılan şərab da hazırlamaq mümkün olmayacaq. Yəni, əsrlərlə və illərlə toplanmış təcrübə bir avantüristin badına gedəcək. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

 

Siyasət