71 milyon insanın həyatına son qoyan 2191 günlük müharibə

post-img

Bu gün Hitler Almaniyasının SSRİ-yə hücumundan 82 il keçir. Bəşər tarixinin ən qanlı savaşı sayılan İkinci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-dən 1945-ci il sentyabrın 2-nə kimi davam edib. Bu qırğında 61 dövlət, 1,7 milyard insan iştirak edib. Hərbi əməliyyatlar 40 ölkənin ərazisində aparılıb. 71 milyondan artıq insan həlak olub.

Statistikanın acı rəqəmləri: müharibənin hər ilində 11,8 milyon nəfər dünyasını itirib. Bu, 1 gündə 32 min, 1 saatda 1300, bir dəqiqədə 22, hər 3 saniyədə isə 1 insan həyatı deməkdir.

Sovet-alman cəbhəsində Almaniya ordusunun 85 faizi vuruşub. Müharibədə həlak olan 13,6 milyon alman əsgərinin 10 milyondan çoxu bu cəbhənin payına düşür.

* Amerikan–ingilis qoşunları müharibədə əsaslı dönüşdən sonra – 1944- cü il iyunun 6-da ikinci cəbhəni açıblar.

 * Almaniyanın rəsmi müharibə elan etdiyi yeganə ölkə ABŞ olub.

* 1945-ci il mayın 1-də Almaniyanın Demmin şəhərinin 1000-dən çox  sakini sovet qoşunlarının yaxınlaşdığını görüb kütləvi şəkildə intihar edib.

* İkinci Dünya Müharibəsi nüvə silahının tətbiq olunduğu yeganə müharibədir.

* Azərbaycandan 600 min insan  İkinci Dünya Müharibəsində iştirak  edib. Cəbhəyə yollanan hər iki soydaşımızdan biri geri qayıtmayıb.

* “Fanta” içkisi ilk dəfə İkinci Dünya Müharibəsi zamanı alman ixtiraçısı tərəfindən hazırlanıb.

“Xalq qəzeti”

 

Siyasət