Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün yeri və tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.
Tbilisidə jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının hər üç ölkə üçün vacib əhəmiyyət kəsb edən uğurlu format olduğunu söyləyən X.Xələfov qeyd edib: “Biz bu günədək bu format çərçivəsində çox böyük işlər görə bilmişik və bu üç ölkənin bundan sonra da bu istiqamətdə görə biləcəyi işlər çoxdur. Həm qarşılıqlı anlaşma və etimadın olduğu siyasi sahədə, həm iqtisadiyyat, nəqliyyat, mədəni-humanitar və digər sahələrdə bizim gündəliyimiz çox geniş və zəngindir. Gündəliyimizdə olan bütün məsələlər üzrə nailiyyət qazanmağımız və bu işləri irəli aparmağımız üçün potensialımız mövcuddur”.