Azərbaycan–Pakistan dostluq və qardaşlığının yeni önəmli hədəfləri

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də mətbuata bəyanatlarında hər iki dost ölkənin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi barədə ətraflı danışılıb. Dövlətimizin başçısı Pakistanın Baş naziri ilə görüşlərində ikitərəfli gündəlikdə nəzərdə tutulan regional proseslərin və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu, bununla əlaqədar artıq Azərbaycandan bir neçə nümayəndə heyətinin Pakistana səfərinin planlaşdırıldığını bildirib. 

Xatırladaq ki, dövlət başçılarının nitqlərində iki ölkə arasında ticarətin həc­minin artırılması üçün daha ciddi səylər göstərilməsinin zəruriliyi, bu istiqamətdə anlaşma memorandumunun imzalan­ması və məhsulların siyahısı üzərində işlənməsi diqqətə çatdırılıb. Əlbəttə, belə bir fəaliyyət davamlı ticarət dövriyyəsinin artırılması əminliyi yaradıb. 

Yeri gəlmişkən, Baş nazir Məhəm­məd Şahbaz Şərif respublikamızda səfərdə olarkən Azərbaycan–Pakistan iqtisadi münasibətlərinin inkişafı və bu istiqamətdə görüləcək işlər barədə də müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Pa­kistan İslam Respublikasının ticarət na­ziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Malik arasında ke­çirilən görüşdə də dostluq və qardaşlığa əsaslanan əlaqələrin müxtəlif istiqamət­lərdə uğurla inkişaf etdiyi vurğulanıb. Ti­carətin Pakistanla tərəfdaşlığın əsas pri­oritetlərindən biri olduğu və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlərin da­vam etdirildiyi bildirilib. Bununla yanaşı, biznes forumlar və ticarət missiyaları kimi iqtisadi alətlərin də səmərəli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində, həmçinin konkret layihələrin icrasında əhəmiyyətli rol oynadığı vurğulanıb. 

Görüşdə Azərbaycanın uzunmüd­dətli strateji hədəflərindən bəhs edilib, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələ­rinin tərəfdaş ölkələrin enerji təchizatının diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafının və bu sahədə investisiyaların təşviqi üçün geniş imkan­ların mövcudluğu da diqqətə çatdırılıb. 

Səfər çərçivəsində Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Ticarət Nazirliyi arasında ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandu­mu imzalanıb. Sənəd iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələlərini əhatə edib. 

Onu da deyək ki, Azərbaycan iyul ayından etibarən Pakistana güzəştli şərt­lərlə mayeləşdirilmiş təbii qaz (LNG) tə­darükünə başlayacaq.

Azərbaycandan LNG idxalına başla­nılması bu ay Rusiyadan neftin ilk parti­yasını aldıqdan sonra Pakistanın enerji ehtiyaclarını ödəməkdə əldə etdiyi ikinci böyük nailiyyət olub.

LNG tədarükü Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanla Pakistan arasında istər ənənəvi, istərsə də bərpa­olunan enerji sahəsində geniş imkanlar var. Görüşlərdə səsləndirilən fikirlərdən də bu, aydın görünür. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatında vuğuladığı fikirlər də bunun bariz ifadəsi­dir: “Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Bizim, əlbəttə, bu sahədə sıxın­tımız var. Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni, əziz qarda­şım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik”. 

Şübhəsiz ki, Pakistanın Baş naziri bu sözləri deyəndə inflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən ölkəsinin böyük təzyiqlə üz-üzə qaldığını nəzərdə tutur. Məhəmməd Şahbaz Şərifin Pakistanın enerjiyə 27 milyard ABŞ dolları xərclədi­yini diqqətə çatdırması da bu məsələnin nə qədər ağır olduğu haqqında aydın təsəvvür yaradır. Ona görə də Pakistanın Baş nazirinin bildirdiyi kimi, Azərbayca­nın bu sərvətə malik olması dost ölkənin üzləşdiyi problemin həllinə inam yaradır. 

Danışıqlar prosesində Pakistanın Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyi də xatırladılıb. “Biz Səudiyyə Ərə­bistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbay­can da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə gö­türsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sayəsində həyata keçirə bilsək, əziz Qardaşım, Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni, nefti idxal etmək məsələsini Günəş enerjisi vasitə­silə mübadilə edə bilərik. Biz, hətta bu enerjini ixrac edə bilərik, bu, mümkündür. Çünki bizim bu sahədə potensialımız 10 min meqavata bərabərdir”, – deyə Məhəmməd Şahbaz Şərif qeyd edib. 

Burada bir məqamı da qeyd etmək istərdik. Pakistan Azərbaycana düyü ix­rac edən ölkədir. Hazırda düyü ixracını artırmaq qarşıda duran əsas məsələlər­dən biridir. Düzdür, Azərbaycan bu is­tiqamətdə ötən dövr ərzində bir sıra təd­birlər həyata keçirib, Pakistan düyüsünün Azərbaycan bazarına maneəsiz ixracı məqsədilə hər cür rüsumları aradan qaldırıb. Yaxın vaxtlarda isə Pakistanın Basmati düyü brendinin də Azərbaycan­da supermarket şəbəkələrində təqdim olunacağı nəzərdə tutulub. 

Prezident İlham Əliyev Pakistanla bağlı fikirlərində iki ölkə arasında əmək­daşlığın dostluq və qardaşlıq prinsiplə­rinə əsaslandığını, istər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaq­larımız düşməndən təmizləndikdən son­ra dost dövlətin haqq-ədalətin tərəfində dayandığını, belə bir mövqeyin, siyasi və mənəvi dəstəyin isə xalqımız tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib. 

Dövlətimizin başçısı Pakistanla res­publikamızın iqtisadi-ticari əlaqələrinin gücləndirilməsinin daim diqqətdə saxla­nıldığını, qardaş ölkədən gətirilən düyü üçün xüsusi qaydaların tətbiqinin də bunun bariz ifadəsi olduğunu söyləyib. “Çünki biz bu addımı qarşılıqlı ticarət artı­mını stimullaşdırmaq üçün atmağa qərar verdik və Baş nazir Şahbaz Şəriflə mü­zakirə etdiyimiz kimi, biz bir-birimizi han­sı növ məhsullarla təmin edə biləcəyimizi nəzərdən keçirməliyik. Əgər qardaş ölkə­də yüksək keyfiyyətli düyü varsa, niyə biz düyünü başqa yerdən almalıyıq. Beləlik­lə, bu qərar açıq-aydın bizim qardaşlıq əlaqələrimizə əsaslanıb”.

Beləliklə, dövlətimizin başçısının tapşırığı ilə hələ ötən il noyabrın 22-də Nazirlər Kabineti tərəfindən əhalinin qida rasionunda xüsusi yer tutan düyü məh­sulunun idxalı ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən Pakistandan Azər­baycana gətirilən ölkə mənşəli düyünün idxalında gömrük rüsumu 2027-ci il de­kabrın 31-nə qədər aradan qaldırılıb. 

Yeri gəlmişkən, son illər ərzində dost ölkədə düyü istehsalı və ixracında yük­sək göstəricilər qeydə alınıb. Statistikaya əsasən, Pakistanda düyü istehsalı 2019-cu ildə 7,5 milyon tona, 2021-ci ildə isə 9 milyon tona yüksəlib. 

Hazırda bu ölkədə istehsalla yanaşı, ixrac da sürətlə artır. 2022-ci il 2,15 mil­yard dollarlıq düyü ixrac edən Pakistan­da, cari ilin əvvəlinədək dost ölkənin bu məhsulla bağlı ixrac coğrafiyasının ge­nişlənməsi nəticəsində həmin göstərici bir qədər də yüksəlib.

Xatırladaq ki, Azərbaycanda il ərzin­də orta hesabla 65-70 min ton düyu is­tehlak olunur. Bu həcmin isə təxminən 10 min tonu respublikamızda istehsal edilir, qalanı xaricdən alınır. 

V.BAYRAMOV, “Xalq qəzeti”

Siyasət