Fransa “Brüssel formatı”na qarşı – Paris niyə Mişellə razılaşmır?

post-img

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi”nin ikinci Zirvə toplantısı çərçivəsində qeyri-formal görüş keçirildi. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutmuş görüş başa çatandan sonra, beşli təmasla bağlı açıqlama vasitəçidən, yəni Ş.Mişeldən gəldi. Məhz Ş.Mişelin fikirlərinə əsasən müəyyənləşdirdik ki, görüş pozitiv ruhda keçib və gələcəyə nikbin yanaşmaq mümkündür. 

Nikbinliyi bir neçə cəhətdən əsaslan­dıra bilərik. Birincisi, bu il iyulun 21-dəBrüsseldə tərəflər üçtərəfli formatda – Prezident İlham Əliyev, Aİ Şurasının rəhbəri və baş nazir Nikol Paşinyan yenidən bir araya gələcəklər. İkincisi, iyunun 1-dən iyulun 21-dək olan müd­dətdə Azərbaycanın və Ermənistanın Xarici işlər nazirləri Vaşinqtonda gö­rüşəcəklər ki, bu məqam da liderlərin sözügedən təmasının konkret gündə­liyinin formalaşmasına müsbət təsir göstərəcək. Üçüncü cəhət isə beştərəfli görüşdə Cənubi Qafqazla sülh gündəmi danışıqlarının intensivləşməsi vacibli­yinin vurğulanmasıdır. Bu isə tərəflərin çıxılmış yoldakı iradəsindən xəbər verə bilən faktordur. Ancaq diqqət yetirmək istədiyimiz məqam başqadır və sadala­dıqlarımız müstəvisində, məhz, həmin məqama dair fikirlərimizi bölüşəcəyik.

***

Əvvəldə heç də əbəs yerə bildirmə­dik ki, beştərəfli qeyri-formal görüşlə bağlı məlumat verən Aİ Şurasının rəh­bəri Şarl Mişel olub. Yəni, onun vasitə­çilik mandatı baxımından danışıqlara dair fikir yürütməsinin doğruluğu mən­tiqinə sığındıq. O zaman Fransanın bə­yanatının hansı məqsədlə yayılmasını anlamaq zərurəti yaranır. Həqiqətən, görəsən, Yelisey sarayının istəyi nədir? Sualımız ritorikdir, çünki cavabı təxmin etmək o qədər də çətin deyil. 

Mövcud istiqamətdə fikir bildirməz­dən əvvəl yada salaq ki, Fransa Prezi­denti E.Makron necə ki ötən il oktyab­rın 6-da keçirilmiş Praqa sammitindən sonra qəbuledilməz tona üstünlük verib danışıqlar prosesini dalana dirəmişdisə, indi də eyni xətti götürməkdədir. Yelisey sarayının bəyanatındakı məntiq bunu deyir. Yəni, Mişelin açıqlamasında ol­mayan məsələlərin gündəmə gətirilməsi açıq sabotajdır. Elə buna görə ölkəmizin Xarici İşlər Nazirliyinin sənədə reaksiya­sı sərtdir. 

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə vurğulayıb ki, Kişineu­da “Avropa siyasi birliyi”nin Zirvə top­lantısı çərçivəsindəki görüşün yekunları üzrə mətbuata açıqlamanı, ənənəyə uyğun olaraq Brüssel formatının təşki­latçısı kimi Ş.Mişel verib: "Daha sonra Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqla­ma tərəflərin mövqeyini əks etdirmir və təhrif edir". 

***

Bəs, Yelisey sarayının bəyanatında nələrdən bəhs olunur? Bildirilir ki, Azər­baycan və Ermənistan liderləri 6 oktyabr 2022-ci ildə Praqada 1991-ci il Alma-AtaBəyannaməsi ilə müəyyənləşmiş sər­hədlərə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiqlədilər. Rəsmi Parisin sənə­dində, həmçinin, vurğulanır ki, Avropa liderləri, guya, iki Cənubi Qafqaz ölkə­sini bütün öhdəliklərinə, xüsusən, hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıblar. Fransa Azərbay­can–Ermənistan sərhədinin Ermənis­tan tərəfinə göndərdiyi, hazırda varlığı ilə yoxluğu bilinməyən mülki müşahidə missiyasının fəaliyyətinin müzakirəsi­ni də beştərəfli “görüşün gündəliyinə” dürtməyi unutmayıb. Sən demə, liderlər həmin missiyanın Ermənistanın xeyrinə vacibliyindən söz açıblar. 

Deyəsən, Makronun bacısı Ermə­nistandan, heç xəbəri yoxdur. Xəbəri olsaydı, bilərdi ki, ölkədə Aİ-nin tərki­bi, pensiyaya çıxmış alman və fransız polislərindən ibarət həmin monitorinq missiyasını, necə deyərlər, ağ yuyub qara sərməklə məşğuldurlar. Fransa­nın dövlət başçısı müşahidəçilərin, təx­minən, bir ay öncə keçirdikləri mətbuat konfransının erməni mediası tərəfindən məsxərə predmetinə çevrilməsindən də məlumatsızdır. Yeri gəlmişkən, onların nə üçün jurnalistlərin önünə çıxdıqları müəmmalı qalmışdı. Çünki fəaliyyətləri ilə əlaqədar heç nə deməmişdilər, üstə­lik konspriologiyaya vararaq, elə görün­tü yaratmışdılar ki, guya, bunlar lazımi bilgilərə sahibdirlər. 

Nə isə, Makron öz patronajlığı ilə reallaşdırılan işin ermənilərə fayda­lı olduğunu Avropanın ictimai rəyinə sırımaq istəyirsə, özü bilər. Nəhayət, missiya Ermənistan tərəfdə nə oyun çıxarır-çıxarsın, onun bizim üçün, bir o qədər, əhəmiyyəti yoxdur. Ancaq Yeli­sey sarayının Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə təminatın tətbiqi vacibliyindən söz açmasının, üstəlik, bunun beştərəfli görüşdə müza­kirəsinin baş tutduğunu deməsinin bizə dəxli var. Mövcud xüsusda Makronun istənilən düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərqərar edilməsi üçün səylərin davamının mühüm önəm daşıdığını vurğulamasının da həmçinin. 

Bəli, hiss olunur ki, Fransa, loru dildə desək, aranı qarışdırmaq niyyəti güdür. “Düşmənçilik ritorikasından əl çəkmək”, “regionun bütün əhalisinin rifahı” kimi, ilk baxışdan, humanizmə köklənmiş ifadələrin seçilməsi aşkar manipulyasi­yadan başqa bir şey deyil. Bölgə əhalisi rifah istəyirsə, belə görünür, Paris o ri­fahı Ermənistan müstəvisində axtarmaq mərəzindən daşınmayıb. Üstəlik, bəya­natda “Dağlıq Qarabağ” ifadəsinin işlə­dilməsi də var. Bu ifadə, faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyü məntiqi­nin və Bakının bu məntiqdən irəli gələn mövqeyinin heçə sayılmasıdır. Nəzərə alaq ki, ölkəmizin ərazisində Dağlıq Qa­rabağ adlı inzibati ərazi vahidi yoxdur. Görünür, Fransa Alma-Ata Bəyannamə­sini yada salarkən, onun imzalandığı dövrdə həmin ifadənin mövcudluğunu iddia etmək fikrinə düşür. Beləliklə, əs­lində ərazi bütövlüyü və suveren hüquq­lar məsələsini şübhə altına alır. Suveren hüququmuz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvinə çatdığı kimi, hazırda Qarabağ iqtisadi rayonu yarat­mağa da çatır. Parisin bunu anlamaq istəməməsi onun sülh gündəliyinə xələl gətirmək cəhdindən və ermənipərəst mövqeyindən qaynaqlanmaqdadır. 

Bəli, Fransa təxribatından qalmır. Əslində, Yelisey sarayında yaxşı bilir­dilər ki, buna Azərbaycandan reaksiya gələcək. Heç şübhəsiz, həmin reaksiya­ya rəsmi İrəvanın əks-reaksiyası da dü­şünülmüşdü. Budur, Ermənistan media­sı Azərbaycan XİN-nin mətbuat katibinin fikirlərini Bakının aqressiv ritorikası kimi dəyərləndirir. Halbuki, A.Hacızadənin söylədikləri beştərəfli qeyri-formal tə­masla bağlı “Brüssel formatı”nın leqallı­ğının, mövcud xüsusda, Ş.Mişel vasitə­çiliyinin önə çəkilməsinin, mülahizələrin reallıq kimi təsvirindən uzaq durulması­nın zəruriliyi ruhunda idi. Belə yanaşma isə həm obyektivliyin qorunması, həm də subordinasiyanın gözlənilməsi baxı­mından vacibdir. 

***

Qeyd edək ki, ABŞ Dövlət Departa­menti də Kişineu sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlmələrinə reaksiya verib. Dövlət Departamenti “Amerikanın səsi” radiosunun erməni xidmətinin sorğusu­na cavabında Ş.Mişelin görüş sonrası fikirlərinin qayəsindən irəli gələrək bil­dirib: “Bizi liderlərin Kişineuda bugün­kü görüşü də daxil olmaqla, sülh sazişi üzrə tərəflər arasında aparılan danışıq­larda davam edən iştirak və irəliləyiş ruhlandırır. Açıq dialoq nöqteyi-nəzərlə­rin tam başa düşülməsi də daxil olmaq­la, tərəqqi üçün vacibdir. Biz dialoqu təşviq etməyə və davamlı və ləyaqətli sülhə nail olmaq üçün çalışan tərəfləri dəstəkləməyə davam edəcəyik”.

Göründüyü kimi, Fransadan fərqli olaraq, ABŞ-ın “Brüssel formatı”na mü­nasibəti pozitivdir. Görünür, Paris keçmi­şin təcrübəsini – diqqətə çatdırdığımız kimi, ötən ilin Praqa sammitindən son­rakı pozuculuğunu təkrarlamaq niyyətin­dədir. O da görünür ki, bu format çərçi­vəsində Kişineuda müzakirəyə çıxarılan məsələlər Ermənistan üçün sərfəli ol­madığından, Makron ayrıca bəyanat yayaraq, saxta gündəm formalaşdırma­ğa baş vurur. Əlbəttə, bütün diplomatik etiketlərə zidd belə yanaşmanın İrəvana heç bir xeyri yoxdur. Əksinə, ziyanı var. 

***

Ziyandan söz düşmüşkən, Fransa ermənipərəstliyi ilə bağlı Ermənistanın nisbətən real düşünən tək-tük siya­si çevrəsində maraqlı fikir var. Həmin fikrə görə, Paris İrəvana sözlü dəstək­lərdən uzaq durmalıdır. Çünki müxtəlif tərəfkeşlik sənədləri – qətnamələr, bə­yanatlar Paşinyan administrasiyasının illüziyalara qapılmasını şərtləndirir. Bu isə hakim erməni komandasının reallığı dərk etməsini çətinləşdirir, bütövlükdə Ermənistan dövlətçiliyi üçün təhlükəli durum formalaşdırır. 

Həqiqətən də bu deyim məntiqlidir. Çünki 44 günlük müharibədən qalib çıxmış Azərbaycanın diktə etdiyi sülh şərtləri ilə razılaşmamağın ötən iki il yeddi ay müddətində İrəvan üçün han­sı pessimist nəticələr doğurduğu göz önündədir. Deməli, belə rəyə gələ bilə­rik ki, Fransa hazırda diplomatik etiket­lərə zidd davranışı ilə Ermənistanın iflas ssenarisinə xüsusi rəng qatır. Əlbəttə, bu rəng Parisin Cənubi Qafqazdakı maraq və mənafe boyalarının bozluğu ilə birləşmiş eybəcər karikatura yaradı­cılığıdır. Başqa sözlə desək, avantürist Makron administrasiyası, əslində, İrəva­nı özünün bölgəyə hesablanmış ambisi­yalarının alətinə çevirir...

Fransanın qəbuledilməz bəyanatı ilə bağlı bir vacib məqamı da vurğulamaq istərdik. Belə görünür, Makronla Mişel arasında gərginlik var. Ola bilər, birin­ci gözləyirmiş ki, ikinci beştərəfli görüş sonrası onun bəyanatında vurğuladıq­larını açıqlayacaq. Aİ rəsmisinin isə hə­mişə Azərbaycanı qıcıqlandırmaqdan kənar dayandığı aşkardır. 

Bu yerdə Mişelin növbəti görüşün üçtərəfli formatda təşkilini bildirməsinə də diqqət yetirək və Fransanın dövlət başçısının ötən ilin Praqa sammitindən sonra dördlü masada əyləşdiyini yada salaq. Məlum olduğu kimi, Makron hə­min təmasdan sonra Azərbaycanı işğal­çılıqda günahlandırmaqla, əslində, Aİ Şurası rəhbərinin missiyasını fiaskoya uğratmışdı. 

Görünür, hazırda Mişel öz vasitəçili­yini iflasdan qoruyur. Ötən ildəki iflas isə həm də ona görə baş vermişdi ki, Er­mənistanın baş naziri “Brüssel formatı” çərçivəsindəki növbəti görüşə Makron­suz qatılmayacağını vurğulamışdı. Bu, Azərbaycan tərəfindən rədd edilmiş, nəticədə Cənubi Qafqaz liderlərinin dekabrın 7-də Brüsseldə bir araya gəl­mələri mümkün olmamışdı. 

Bəli, deməli, indi “Brüssel forma­tı” Fransanın təsirindən uzaqlaşa bilib. Mövcud məqamın isə Parisdə qıcıq ya­ratması labüddür. Yelisey sarayının bə­yanatı, məhz, həmin qıcığın nəticəsidir və bunu, yalnız oyuncağı əlindən alın­mış uşağın ağlamasına yanaşma baxı­mından, anlayışla qarşılamaq müm­kündür. Makron özünü təsvirimizdəki ampluada görürsə, buyursun, nə qədər istəyirsə, ağlasın, yəni ermənipərətslik etsin. Şübhəsiz ki, onun “bacı təəssüb­keşliyi”, ən azından, hazırkı mərhələdə “Brüssel formatı”na xələl gətirə bilməyə­cək...

***

Sonda bir məqamdan da söz açaq. Əslində Yelisey sarayının bəyanatı orta­ya gülünc durum çıxarır. Həmin durumu təsvir etmək üçün siyasət mövzusundan uzaq, sonradan həm də siyasət hadisə­sinə çevrilmiş bir hadisəni yada salaq. Məlum olduğu kimi, futbol üzrə ötən dünya çempionatlarının birinin final mər­hələsində Şimali Koreya millisi də iştirak edirdi. Əlbəttə, şimali koreyalılar qrup mərhələsindəcə mübarizəni dayandır­mışdılar. Lakin totalitar ölkə hakimiyyəti daxildə belə bir xəbər yaymışdı ki, guya, Şimali Koreya finalda Portuqaliya futbol­çularını məğlubiyyətə uğradaraq, mun­dialın qalibi adını qazanıb. 

Bəli, indi Fransa hakimiyyətinin bə­yanatı da təxminən rəsmi Pxenyanın “təbliğat maşını”nın gördüyü işə bənzə­yir. Ermənilər buna inanırlarsa, inansın­lar. Hərçənd, ermənipərəstliyin Fransa təmayülündən əlini üzənlərin sırasının da əhəmiyyətli dərəcədə genişləndiyi faktdır. Fransızlara gəldikdə isə, onlara belə “təbliğat” heç lazım deyil. Onlara Makronu yolda, küçədə görəndə sil­lələmək lazımdır ki, bunu da vaxtaşırı edirlər. Həqiqətən, döyüləsidir. Həm də siyasi boşboğazlığına görə. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət