Paşinyan anklavları qaytarmağa hazırdır

post-img

Burada müsbət tendensiya kimi onu göstərmək olar ki, artıq anklavlar üzərindəki suverenlik məsələsində qarşılıqlı razılaşma əldə olunub. Mövcud prosesin başa çatdırılması sülh sazişini şərtləndirən əsas amillərdəndir. Ermənistan və Azərbaycan arasında anklavlar məsələsini yenidən gündəmə gətirən baş nazir Nikol Paşinyan qeyd edib ki, İrəvan anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır. Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq, delimitasiya aparmağa ilkin razılıq veriblər. Paşinyanın fikrincə, bu istiqamətdə aparılan müzakirəni faydalı hesab etmək olar: "Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub". 

Ötən ay keçirdiyi geniş mətbuat konfransında Paşinyanın səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətində geniş rezonans doğurmuşdu. Hayların kəs­kin etirazları ilə qarşılanan həmin incə məqam baş nazirin Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinə Qara­bağın da daxil olduğunu etiraf etməsi idi. Paşinyan bir az da irəli gedərək de­mişdi ki, anklavlar Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsidir. O, an-klavlar məsələsinin həlli üçün bir neçə variantın olduğuna diqqəti çəkmişdi: “Bu variantlardan biri belədir: xəttin hər iki tərəfindəki anklav ərazilər yerləşdik­ləri tərəfin nəzarəti altında qalır. Başqa bir variant isə odur ki, iki dövlət arasın­da sülh müqaviləsi imzalandıqdan son­ra Artsvaşen (Başkənd) Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suve­renliyi altına qayıdacaq”. Paşinyan he­sab edir ki, bu, siyasi nöqteyi-nəzərdən olan mövqedir, hüquqi aspekt sonadək öyrənilməlidir. 

“Bizim üçün yol problemi yarada biləcək anklav yoxdur. Əgər bu yol elə keçmirsə, onda başqa cür keçəcək və burada heç bir problem yoxdur. Əs­lində, biz öz yol şəbəkəmizi o dərəcə­də inkişaf etdirmişik ki, o cür problem sadəcə mövcud deyil”. Ermənistanın baş naziri Nikol Paşinyan bu sözləri ASB-nin Kişineu Zirvə toplantısından sonra Moldovadakı erməni icmasının nümayəndələri ilə görüşündə dilə gə­tirib. Onun bildirdiyinə görə, hazırda anklavlar məsələsi elə təqdim olunur ki, bununla ictimaiyyətə psixoloji təzyiq göstərilir: “Biz deyirik ki, anklavları qə­bul edirik, Bakı da eyni mövqedədir. Nə olar, qoy yol o tərəfdən deyil, bu tərəf­dən keçsin. Bu məsələdə bizə psixoloji təzyiq göstərilməsinə imkan verə bilmə­rik”.

* * * 

“Mən birbaşa rəhbərimin nöqte­yi-nəzərini bölüşürəm, əks təqdirdə, bu siyasi komandada yer almazdım”. Ermənistan baş nazirinin aparat rəh­bəri Araik Arutyunyan dünən media nümayəndələri ilə söhbətində anklav məsələsinə münasibətini bu formada ifadə edib. O, erməni jurnalistin konkret Kərki ilə bağlı sualına cavabında deyib: “Hesab edirəm ki, baş nazir bu suala, kifayət qədər, dəqiq cavab verib, heç nə əlavə edə bilmərəm. Müxtəlif variantlar müzakirə edilir, hələlik hər hansı qərar qəbul olunmayıb”. 

• ARAYIŞ: Ermənistanın Azər­baycan ərazisində yalnız bir ankla­vı olub. Paşinyanın, digər hayların Artsvaşen adlandırdıqları və inziba­ti baxımdan Gexarkunik vilayətinə (Göyçə mahalı) daxil olduğunu iddia etdikləri bu ərazi Gədəbəy rayonu­nun inzibati-ərazi vahidindəki Baş­kənddir. Bu kənd 1992-ci il avqus­tun 6-8-də həyata keçirilmiş eyniadlı əməliyyat nəticəsində Azərbaycanın nəzarətinə keçib.

Psixoloji təzyiqin göstərilmə­si məsələsində Paşinyan haqlıdır. 1998–2008-ci illərdə Hayastanın xari­ci işlər naziri olmuş Vardan Oskanyan “Mediamaks” saytı üçün qələmə aldığı məqaləsində bunları yazırdı: “Nəhayət, aydın oldu ki, Nikol Paşinyan Qarabağı Azərbaycana verir (?). Üstəlik, o da mə­lum oldu ki, “anklavlar” adı altında əlavə ərazilər də verir. Amma bu, iki dost və qonşu ölkə – İran və Gürcüstanla stra­teji kommunikasiyalarımıza ciddi ziyan vuracaq. Həm də təbii olaraq ciddi təh­lükəsizlik problemləri əmələ gətirəcək. Heç şübhə etmirəm ki, tezliklə biz Azər­baycana “qeyri-dəhliz məntiqi” ilə Zən­gəzur dəhlizinin də veriləcəyi xəbərini eşidəcəyik”.

İşğal dövrünün “qəhrəmanlarından” sayılan Oskanyan, eləcə də digər eks­lərin nə demələrindən asılı olmayaraq, reallıq və fakt göz önündədir. Azərbay­canın heç vaxt heç bir ölkənin torpaq­larında gözü olmayıb. Hərçənd, indi Ermənistan deyilən dövlət tarixi Azər­baycan torpaqları hesabına yaradılıb və bu tarixi həqiqəti hayların özləri də yaxşı bilirlər. Bütün bunlara rəğmən, Bakı qalib tərəf kimi İrəvana barışıq əli­ni uzadır, bölgədə sülhün, əmin-amanlı­ğın bərpasını istəyir.

İndi həllinin son mərhələsinə qədəm qoymuş Ermənistan və Azərbaycan arasındakı münaqişəyə bu iki ölkənin hüdudlarından kənarda, sadəcə, Qa­rabağ məsələsi prizmasından baxılır və qəbul edilir. Zəfərimizlə başa çatmış 44 günlük müharibədən sonra Cənu­bi Qafqazda söz və qüdrət sahibinə çevrilmiş Azərbaycanın mövqeyi ilə ra­zılaşmaq, artıq həm də yeni realllığın diktəsidir. Sülh gündəmi də buna görə formalaşdırılır. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”



Siyasət