Erməni separatizmi sıravi vətəndaşlara divan tutur

post-img

Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan Xankəndi və ətraf bölgələrdə yaşayan erməniləri insan haqları və konstitusion hüquqdan məhrum edən “sərəncam” imzalayıb. 

Erməni mediasında yer alan məlu­mata görə, separatçıların lideri Xankən­di və onun ətrafında hər hansı aksiya, yürüş və mitinqin keçirilməsini qey­ri-müəyyən vaxta qədər yasaqlayıb. Arutyunyan bunu bölgədəki “hərbi və­ziyyətlə” izah edib. Baş separatçının Xankəndidə tətbiq etdiyi bu qadağa sakinlərin narazılığına səbəb olmaqla yanaşı, erməni mediası tərəfindən sərt tənqidə məruz qalıb. “Hraparak” nəşri Araik Arutyunyanı “quldurbaşı” adlandı­rıb və yazıb ki, bu qadağalar daxildəki narazılığın qarşısını almaq, onun açıq müstəviyə keçməsini əngəlləmək üçün­dür. 

Təkcə sıravi ermənilər deyil, bəzi se­paratçılar da Araikə qarşı çıxır və belə qüvvələrin sayı sürətlə artmaqdadır. “Artsax Milli Assambleyası”nın spikeri iddia edir ki, “Araik Arutyunyan ya istefa verib yeni seçkilərə getməlidir, ya da eti­mad referendumu keçirilməlidir”. 

Qondarma rejimin “təhlükəsizlik şu­rasının keçmiş katibi” Samvel Babaya­nın da Arutyunyana qarşı cəbhə açması müşahidə edilir ki, bu da separatçıların lideri ətrafında vəziyyətin mürəkkəbləş­diyini göstərir. Fəqət, Araikin Xankəndi və ətraf bölgələrdə aksiya və yürüşləri yasaqlayan “sərəncam”ının məhz indi elan edilməsinin daha ciddi səbəbləri var. 

İrəvanın təzyiqlərinə müqavimət

A.Arutyunyanın aksiya və mitinqləri yasaqlamasının ikinci bir səbəbi rəsmi İrəvanın separatçıların liderinə göstər­diyi təzyiqlə əlaqədardır. Azərbaycanla sülh müqaviləsi imzalamağın zəruriliyi­ni yaxşı dərk edən Paşinyan, bu yolda ən böyük əngələ çevrilmiş separatçılara təzyiq göstərməyə çalışır. Lakin sülhü öz hakimiyyətlərinin sonu kimi dəyər­ləndirən Araik və ətrafı, nəyin bahasına olursa-olsun, sülh müqaviləsinin imza­lanmasına maneə törətməkdə qərarlı­dır. Bu səbəbdən də rəsmi İrəvan indiki məqdamda Arutyunyanın mövqelərinin mümkün qədər zəiflədilməsində maraq­lıdır. Onun özü isə İrəvanın münasibəti­ni bildiyi üçün sərt və mərkəzləşdirilmiş idarəetmə formalaşdırmaqla təzyiqlərə qarşı daha dayanıqlı və hazırlıqlı olma­ğa çalışır. 

Separatçılara amnistiya...

Araikin Xankən­dinə gətirdiyi qa­dağaların üçüncü – ən böyük səbəbi isə Prezident İlham Əliyevin separatçıla­ra vəd etdiyi amnisti­yadır. Dövlət başçısı Kişineu səfəri ərəfə­sində bu məsələyə diqqət çəkmiş və bil­dirmişdi ki, Qarabağ separatçıları istefa verdikləri və Azər­baycanın qanunlarını tanıdıqları hal­da, amnistiya imkanlarından yararlana bilərlər: “Yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dır­naqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “de­putatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna, hər hansı amnisti­yadan söhbət gedə bilər”.

Göründüyü kimi, Araik və çevrəsi Bakının amnistiya vədinə Qarabağdakı ermənilərin hüquqlarına qəsdlə cavab verir. Amma separatçılar unutmamalıdır­lar ki, Azərbaycan hər zaman bu qədər mərhəmətli olmayacaq. Yəni yararlan­maq istəmədikləri amnistiya şansından da həmişəlik məhrum ola bilərlər.

Seymur ƏLİYEV

Siyasət