Böyük siyasətə qayıdışın Naxçıvan xronikası

post-img

Heydər Əliyevin həyatının Naxçıvan dövrünün xronikası müxtar Respublikanın rəsmi ictimai-siyasi qəzeti olan “Şərq qapısı”nın səhifələrində geniş yer tutur. O zaman bu diyarda nəşr olunmuş yerli həmkarlar ittifaqının “Ağrıdağ” və xalq hərəkatının “Varlıq” qəzetləri də ulu öndərin Naxçıvana gəlişini, keçirdiyi görüşləri və siyasi fəaliyyətini ətraflı işıqlandırıb.

Naxçıvanda 1921-ci ilin noyabrından nəşrə başlamış “Şərq qapısı” qəzeti Mux­tar Respublikanın aparıcı mətbu nəşri ol­maqla, bu qədim diyarın XX əsr tarixinin ən mükəmməl salnaməsini yaratdığı kimi, ümummilli lider Heydər Əliyevin Naxçı­vanda xilaskarlıq missiyasının əhatəli mənzərəsi də onun bu dövrdə işıq üzü görmüş saylarında şərəfli bir tarixə çev­rilib. Qəzetin 75 illik yubileyi münasibətilə Naxçıvan MR Ali Məclisinin redaksiyaya göndərdiyi təbrik məktubunda bu barədə deyilir: “1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin şəx­siyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında “Şərq qapısı” qəzeti xüsusi rol oynamışdır”.

“Şərq qapısı” üçün bu movqe hec də yenilik deyildi. Ötən əsrin 80–90-ci illərindən başlayaraq bu vilayət qəzeti ölkəmizdə müstəqillik ideyalarının təşək­külü və yayılması ilə bağlı fəal mübarizə aparıb. 1990-cı ilin 20 Yanvarında Nax­çıvan Muxtar Respublikasının Ali Soveti torpaqlarımıza erməni təcavüzü ilə bağlı ədalətsizliklərə etiraz olaraq diyarın so­vet imperiyasının tərkibindən çıxması haqqında deklarativ qərar qəbul edən za­man “Şərq qapısı” həmin ağır və mürək­kəb zamanda “partiya-sovet” mövqeyinə zidd 7 “müstəqil” nömrə buraxmış, impe­riya əsarətinə müqaviməti və xalqın etira­zını əks etdirmişdi.

Bu ənənə və məslək yoluna sadiq qalan qəzet böyük siyasətçi Heydər Əliyevin Naxçıvana dönüb burada siyasi reabilitasiya keçməsi dövründə ümum­milli liderə sədaqət məsələsində ölkə mətbuatına örnək oldu. Naxçıvanın baş qəzeti respublikanın partiya-sovet mət­buat orqanları sırasında ilk olaraq öz səhifələrində dünya şöhrətli siyasətçi və dövlət xadiminə layiq olan tribuna verdi. 

Muxtar respublika mətbuatının tədqiqatçısı Surə Seyidin yazdığı kimi, “Şərq qapısı” qəzeti Heydər Əliyevin Naxçıvandakı həyat və fəaliyyətinin güz­güsü olmaqla, onun müharibə şəraitində, blokadanın yaratdığı ağır sosial-iqtisadi durumda həyata keçirdiyi xilaskarlıq mis­siyasının xronikasını yaradıb. Bütün bun­larla yanaşı, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışına zəmin yaradan ümumxalq çağırış və tələbləri də muxtar respublikaya və ölkəyə “Şərq qapısı” qə­zeti vasitəsilə yayılıb.

“Daha susa bilməzdim...”

Dünya siyasətinin nəhəngi Heydər Əliyev doğulduğu torpağa dönəndən 2 gün sonra “Şərq qapısı” qəzeti ümummil­lim liderlə əlaqə yaradıb ondan müsahi­bə almışdı. Qəzetin əməkdaşı Möhsün Möhsünovun ulu öndərlə bu müsahibəsi qəzetin 26 iyul 1990-cı il tarixli sayın­da “Daha susa bilməzdim...” adı ilə çap olunmuş, ölkədə və ondan kənarda da əks-səda doğurmuşdu. 

Yeri gəlmişkən, qeyd edim ki, Naxçı­vanda “Azərinform”un (indiki AZƏRTAC) müxbiri kimi çalışdığım 1990–1991-ci illər mənə təkcə Naxçıvanı yox, həm də bu qədim diyarın onlarca dəyərli və də­yanətli ziyalılarını da tanıtdı. Bu sırada yaddaşımda silinməz xatirələri ilə qalan Möhsün Möhsünov publisistik məharəti, satirik qələmi və yazı uslubu ilə başqa­larından fərqləndiyi kimi, müsahiblərinə münasibətində də ciddi bir adam idi. Ara­da xeyli yaş fərqimiz olsa da, ünsiyyəti­miz alınmış, ulu öndər Heydər Əliyevlə keçirilən ilk görüşlərin iştirakçısı olmuş­duq. O görüşləri ulu öndərin Möhsun müəllimə, eləcə də mətbuata dəyər və hörmətinin ifadəsi kimi xatırlayıram. 

Mətbuat tədqiqatçılarının Heydər Əli­yevin vətənə qayıtdışından sonra parti­ya-sovet mətbuatında dərc olunmuş ilk müsahibəsini Möhsün müəllim oxuculara belə təqdim etmişdi: “Söhbətə başlamaz­dan əvvəl bildirmək istəyirəm ki, Heydər Əliyev doğma Naxçıvan torpağında bacı­sının mənzilində yaşayır. Gözəl, səliqəli həyətdə Heydər Əliyevlə görüşə onun dostları, qohumları, pərəstişkarları gəlir­dilər. O, bizimlə çox səmimi və mehriban görüşdü. Onu da deyim ki, gəldiyi günə nisbətən özünü daha gümrah hiss edir. Çöhrəsində bir nikbinlik, xoş əhval-ru­hiyyə var. Sadə yarımqol köynək gey­mişdi. Naxçıvanla bağlı əhvalatları şirin yumorla söyləyir. O danışdıqca bu böyük insanın dərin, möhkəm hafizəsinə həsəd aparmalı olursan. Özümü təqdim etdim, yarızarafat, yarıgerçək dedi: Bir şərtlə müsahibə verərəm ki, olduğu kimi dərc edəsiniz. Mən razılaşdım”.

Müsahibədə müxbirin suallarına ət­raflı cavab verən böyük siyasətci dövrün siyasi gedişlərini uzaqgörənliklə dəyər­ləndirirdi: “Bir baxın, artıq altıncı ildir ki, keçmişi amansız surətdə söyürük. Altıncı ildir ki, ölkəmiz iqtisadi və siyasi cəhətdən dağılır. Bütün bu dövrlərdə bizə vədlər “yedirdirlər”, nə bilim bu yeni mərhələdir, bu dönüş mərhələsidir, bu kəskin dö­nüşdür və i.a. Axı, nə qədər mərhələ ola bilər? Buna görə də belə hesab edirəm ki, indi hər bir adama, hər bir xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil müəyyən etmək imkanı verilməlidir. Bugünkü fikrim budur”. 

Kifayət qədər əhatəli bir müsahibədə bu cavabları ilə Heydər Əliyev siyasət meydanında yeni olmadığını sübut etmiş və xalqın azadlıq mübarizəsini dəstəklə­mişdi. Bütün şüurlu həyatını xalqına həsr edən ulu öndər müxbirin “Bu məqamda sizin özünüzə ən başlıca sualınız nə olar­dı?” sorğusuna cavabında söyləmişdi: “Soruşardım ki, ay Əliyev, bəzi adamları niyə yaxşı tanımamısan?”. Bu sözlər ulu öndərin ünvanına söylənilən şər və böh­tanlara, onu doğma məmləkətinə həsrət qoymaq istəyənlərə ən tutarlı cavabı ol­muşdu.

“Şərq qapısı”nın dərc etdiyi digər bir yazıda – publisist və şair Zeynal Vəfanın “Şəxsiyyət” məqaləsində müstəqil ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsin­də ağır böhrandan xilas yolunun Heydər Əliyev fenomeni və Heydər Əliyev şəx­siyyəti ilə bağlı olduğu aydın və qətiyyət­lə bildirilmişdi: “Əgər o şəxs faciələrimizi doğuran səbəbləri aşkarlayıb bizi boğa­zadək batdığımız böhran bataqlığından çəkib çıxara biləcəksə, bakirəliyi tapda­lanmış qızlarımızın, başları kəsilmiş ağ­saqqallarımızın, tonqallarda yandırılmış körpələrimizin intiqamını almaq üçün öz polad yumruğunu günahsız xalqımızı qı­zıl xəzinələri üstə dilənçi kökünə salmış acgöz Azərbaycan mafiyasının təpəsin­də Koroğlu gürzünə çevirə biləcəksə, bu­yursun....Bunun üçün qüdrətli şəxsiyyət olmaq gərəkdir. Belə bir şəxsiyyət isə 7 milyonun içində hələlik bir nəfərdir, təkcə bir nəfər: Heydər Əliyev!”

“Azərbaycan sizin sözünüzü gözləyir”

Çox keçmədi ki, “Şərq qapısı” qə­zetində respublika ziyalılarının Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı müraciəti dərc olundu. Bu tarixi çağırış ölkənin həyatında dö­nüş nöqtəsi oldu. Müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! İndiki vəziyyət­də bu çətin, məsuliyyətli işi respublika­da öz üzərinə götürməyə qadir yeganə şəxs sizsiniz!...Yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə şəxs Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaq­da olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütlələrini öz ətrafında birləşdirərək Azərbaycanın si­yasi-iqtisadi həyatında mövcud olan boş­luğu doldurar, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə bilər”. 

Qəzetin elə həmin sayında müraciətə cavab olaraq dərc olunmuş ümummil­li lider Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı məktubu­nu müstəqil Azərbaycanın xilası yolunda ilk addım kimi də dəyərləndirmək olar. Tarixi reallıqlar sübut etdi ki, Azərbaycan tarixində yeni bir siyasi qüvvənin – Yeni Azərbaycan Partiyasının yaradılması­na Heydər Əliyevin razılıq verməsi və 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində partiyanın təsis konfransının keçirilməsi zamanın təxirəsalınmaz tələ­binin cavablandırılması olmuşdu.

O dövrdə ulu öndərin siyasi fəaliyyətə başlaması ilə bağlı qəzetin dərc etdiyi məqalə və xəbərlərdə ümummilli liderin start verdiyi xilaskarlıq missiyasının ge­dişini əks etdirilirdi. “Şərq qapısı” qəze­tində dərc edilmiş başqa bir müsahibədə böyük rəhbər müxbirin “Heydər bəy, bir insan kimi həyatınız üçün yaranmış təh­lükədən qorxmursunuzmu?” sualına ca­vabında bildirmişdi: “Xeyr, Sizə bunu tam səmimiyyətlə deyirəm. Mən nə hədələr­dən, nə də rəzil niyyətlərdən qorxmuram. Mən çoxdan siyasətçiyəm. Siyasi həyat­da belə hallar da olur. Ümidvaram ki, bu niyyət sahibləri haqq yoluna qayıdacaq­lar. Tarixin bizə demokratik və əsl hüquqi bir cəmiyyət qurmağa imkan verdiyi bir dövrdə siyasi mübarizənin yalnız mədəni üsullarından istifadə edilməlidir. Ağlın və zehnin gücü, professionallıq və nəhayət, müdriklik siyasi mübarizənin əsas va­sitələri olmalıdır”.

Bütün siyasi fəaliyyəti dövründə ağlın və zəkanın gücünə inanan böyük siyasət­çi Naxçıvan dövrü siyasi fəaliyyətində də Azərbaycanın işıqlı və xoşbəxt gələcəyi uğründa mübarizəni özünün həyat ama­lına cevirmişdi. Kommunist rəhbərlərin uydurduğu “Heydər Əliyev Naxçıvandakı fəaliyyəti ilə Azərbaycanı parçalayır” kimi böhtanları mətbuatda yayan adamlara isə onun cavabı həmişə birmənalı olmuş­du. O dönəmdə respublika mətbuatında nəinki çıxışlarına, hətta adının çəkilmə­sinə belə qadağalar qoyulmuş Heydər Əliyevə “Şərq qapısı” qəzeti geniş və mötəbər tribuna olmuşdu.

Muxtar Respublikaya rəhbərliyi za­manı Naxçıvan gəncləri ilə görüşündə: “Mənim başlıca arzum Azərbaycanı siya­si və iqtisadi cəhətdən müstəqil, demok­ratik respublika kimi görməkdir”, Naxçi­van şəhər Şəhidlər Xiyabaninda keçirilən mitinqdəki çıxışında: “Dünən Bakıda, Azadlıq meydanında keçirilən mitinqdə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy xalqı, milləti birliyə, həm­rəyliyə çağırdı. Biz bu çağırışa bir nəfər kimi səs veririk, xalqımızın birliyi üçün əli­mizdən gələni edəcəyik” kimi bəyanatları ilə ulu öndər müstəqil Azərbaycan uğrun­da mübarizəsinin də məram və hədəfini bəyan edirdi.

“Nezavisimaya qazeta”nın müxbiri bir az da qalmaqal yarada bilən “Prezident Ə.Elçibəy açıq çıxışlarında İranın daxili və xarici siyasətini tənqid etmişdir. Eyni zamanda Naxçıvan rəhbərliyi İranla fəal əməkdaşlıq edir. Bakının və Naxçıvanın xarici siyasətə müxtəlif mövqelərdən ya­naşmasından nə danışmaq olar?” sualına da ulu öndər böyük siyasət qrossmeys­teri kimi cavab vermişdi: “Mən bu sualın məzmunu ilə tam razı deyiləm. Naxçıva­nın heç bir müstəqil xarici siyasəti ola bil­məz. Azərbaycan qonşu ölkələrlə yalnız xoş münasibət yaratmağa çalışmalıdır. Bu hər bir dövlətin xarici siyasətinin əsas qanunudur. Naxçıvana gəldikdə isə, biz 6 aydır ki, blokadadayıq. Belə ağır şərait­də biz böhran vəziyyətindən həmsərhəd İran və Türkiyə ilə iqtisadi əlaqələr hesa­bına çıxırıq. Zənnimcə, bizim bu əlaqələ­rimiz Azərbaycanın xarici siyasətinə zər­rə qədər də zidd deyil. İran və Türkiyə ilə səmimi qonşuluq münasibəti Azərbayca­na yalnız xeyir gətirə bilər”.

“Nezavisimaya qazeta”nın dərc etdi­yi “Nə hədələrdən, nə rəzil niyyətlərdən qorxuram” adlı həmin müsahibədə səs­lənən bu fikirlər Heydər Əliyev fenomeni­nin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması uğrunda mübarizəsinin ma­hiyyətini əks etdirirdi.

Namiq ƏHMƏDOV, “Xalq qəzeti”

Siyasət