Tbilisidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş biznes forum

post-img

Tbilisidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib. 

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, kənd təsərrüfatı, maliyyə, turizm, əcza­çılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Le­van Davitaşvili çıxışında ölkələrimiz ara­sında iqtisadi-ticarət münasibətlərinin in­kişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib.

O, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sa­bitliyə xidmət etdiyini vurğulayıb. Biznes forumun əhəmiyyətindən danışan nazir Levan Davitaşvili tədbirin yeni təşəbbüs və istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Gürcüstan arasında iq­tisadi və siyasi əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini və mühüm rolunu vurğula­yıb. Ulu öndərin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu gün də inkişaf etdiyini diqqətə çatdırıb. 

Nazir Azərbaycanın dost Gürcüstan­la əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin davamlı genişləndiyini qeyd edib.

Tədbirdə Azərbaycan və Gürcüsta­nın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə bey­nəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəm­ləndirilməsi imkanları vurğulanıb. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb.

İqtisadiyyat naziri sənaye, ticarət, investisiya, alternativ və bərpaolunan enerji, turizm və s. sahələrdə tərəfdaş­lığın gücləndirilməsi imkanlarını, hər iki tərəfin müvafiq qurumlarının bu yöndə fəaliyyətinin önəmini vurğulayıb.

Biznes forumda Azərbaycanın əlve­rişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqti­sadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Gürcüstandan olan iş adamları fəal əməkdaşlığa dəvət edilib.

AZPROMO-nun rəhbəri Yusif Ab­dullayev Agentliyin fəaliyyəti, ölkəmiz­də yaradılan investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında məlumat verib. 

Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya­nında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanın­da Dövlət Qeydiyyatı üzrə Milli Agentli­yi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliy­yəti sahəsində əməkdaşlığa dair, eləcə də KOBİA və Gürcüstanın Biznes Asso­siasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir çərçivəsində hər iki ölkənin inves­tisiya potensialına dair təqdimatlar, sahi­bkarlar arasında B2B görüşlər keçirilib.

“Xalq qəzeti”



Son xəbərlər