Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir

post-img

Ulu öndər Heydər Əliyev “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir” ifadəsini işlədəndə müstəqilliyimiz olduqca kövrək, iqtisadiy­yatımız dərin böhran içərisində, ordumuz pərakən­də, siyasətimiz isə çoxlarının inanmadığı və etimad göstərmədiyi bir səviyyədə idi. Ancaq ümummilli liderimiz 1994-cü ildə sanki 2023-cü ildəki uğurlarımızı görürmüş kimi deyirdi: “Mən sizi əmin edirəm ki, biz qüdrətli Azərbaycan dövləti yaradacağıq. O dövləti ki, xalqımızın bütün problemlərini həll edə bilsin. Mən buna inanıram”.

Milli tariximizin ən görkəmli simala­rından olan Heydər Əliyevin inandığı, əminliklə verdiyi proqnozların hamısı indi günün reallıqları sırasındadır. O, Naxçı­van Muxtar Respublikasın adından “so­vet və sosialist” sözlərinin çıxarılmasına nail olanda da Azərbaycanın bugünkü uğurlarına zəmin yaradırdı, Türkiyə Cüm­huriyyəti ilə sərhəddə “Ümid körpüsü”­nün açılışına nail olanda da. O, “bugün­kü müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” – deyəndə də müdriklik nümayiş etdirmişdi, AXC-nin üçrəngli bayrağını qaldıranda da. 

Bəli, bu gün 105 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin mənə­vi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi iki mühüm sütun üzərində qərar tutmuşdur: Birinci xalqın AXC-yə olan inam, etimad və sevgisi, ikincisi isə Heydər Əliyevin siyasi qətiyyəti. 

Bəli, bu xalq 1918-ci ildə qazandı­ğı möhtəşəm uğuru 70 illik sovet dönə­mində də qətiyyən unutmadı və daim ürəyində yaşatdı. Xalq unutmadı ki, biz 1918-ci ildə müsəlman Şərqində ilk dün­yəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaradan tarixi şəx­siyyətlərin nəslindənik. Az qala, uşaqları­mız da bilirdilər ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada monarxiyaya son qoyulmuş, çarizmin məzlum vəziyyətə saldığı xalq­ların milli hərəkatı başlanmışdı. Həmin beynəlxalq proseslərdən ağılla istifadə edən babalarımız 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti adlı – müsəlman Şərqində ilk dünyəvi demok­ratik dövləti yaratmışdılar. 

Biz iftixarla qeyd edirik ki, Azərbay­can Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Başqa bir qürurumuz isə ondan ibarətdir ki, müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiy­yətlər əldə etmişdir. Bu gün dünyaya de­mokratiya dərsi keçmək istəyən avropalı­lardan əvvəl biz qadınlara seçib-seçilmək hüququ vermiş və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət qurmuşduq. Uğurlarımız sırasında Milli Ordu, mil­li pul, demokratlaşma, Milli Bank, azad seçkilər, beynəlxalq əlaqələr və bey­nəlxalq ictimaiyyət tərəfindən Azərbay­can istiqlalının rəsmi şəkildə tanınması da var idi. 

Bu gün fəxrlə yada salmaq istədiyimiz başqa bir məqam isə odur ki, Azərbaycan Xalq Cümhuriyyətini rəsmi surətdə tanı­yan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir. Yəni, müstəqilliyimizi elan etməyimizdən cəmi bir həftə sonra tarix təkrar olundu. Biz 1991-ci ilin oktyabrın­da dövlət müstəqilliyimizi bərpa edəndə də Bakıya qardaş əli uzadan ilk dövlət məhz Türkiyə Cümhuriyyəti oldu. 

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ayda imza atılmış çoxsaylı uğur və nailiyyətlərdən bəzilə­rini yada saldıq. Ancaq bugünkü söhbət Cümhuriyyətimizin 105 illiyindən getdi­yinə görə dövlət müstəqilliyimizin bərpa­sından sonrakı tarixi faktlardan bəzilərini də yada salaq.

Məsələn, 1991-ci ilin oktyabrından sonra Azərbaycan BMT-yə üzv oldu, ulu öndər Heydər Əliyev ölkədə siyasi haki­miyyətə qayıtdı, “Əsrin müqaviləsi” im­zalandı, ilk Konstitusiyamız qəbul edildi, ulu öndər 2003-cü il oktyabrın 1-də xalqa müraciət etdi, Prezident İlham Əliyev AŞ­PA-dakı Azərbaycan və Türkiyə deputat­larının birgə fəaliyyət göstərməsinə nail oldu, gənc müstəqil dövlətimiz BMT Təh­lükəsizlik Şurasının qeyri-daimi üzvü və AŞPA Nazirlər Komitəsinin sədri seçildi, Avropa tarixinə yazılmış “Bakı prosesi”ni ərsəyə gətirdik, Bakıda ilk Avropa Oyun­ları, “Avroviziya” mahnı müsabiqəsi, İs­lam Həmrəylik Oyunları başda olmaqla yüzdən çox beynəlxalq tədbir keçirildi, Azərbaycan Türk Dövlətləri Təşkilatına və Qoşulmama Hərəkatına uğurla sədrlik etdi və sair. 

Dövlət müstəqilliyimizin bütün bunla­rın hamısının fövqündə duran uğuru isə ermənilərin iki yüz ildən bəri qurub ya­ratdıqları fitnə-fəsad torunu dağıdaraq, erməni miflərini puç edərək, ölkəmizin ərazi bütövlünün bərpasına nail olmağı­mızdır. İşğalçı dövlətin başçısı dəfələrlə bəyan edib ki, biz Azərbaycanın ərazi bü­tövlüyünü tanıyırıq və Qarabağ da həmin əraziyə daxildir. Fikrimizcə, bu, çox möh­təşəm uğurdur. 

Bakıda keçirilən möhtəşəm Zəfər pa­radında və işğaldan azad edilmiş ərazilə­rimizdə inşa olunmuş beynəlxalq hava limanlarının açılışında Türkiyə Preziden­ti Rəcəb Tayyib Ərdoğanın iştirakı da müstəqilliyin bizə bəxş etdiyi xoşbəxtlik­lərdən idi. 

Ancaq kiməsə xırda detal kimi görünə biləcək önəmli bir məqam da var ki, son günlərdə biz onunla daha çox fəxr edirik. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə fəxri qonaq qismində iştirak etdiyi Av­rasiya İqtisadi İttifaqına üzv dövlətləri li­derlərinin Sammitində işğalçı ölkənin baş naziri Nikol Paşinyana diplomatiya üzrə “master klass” keçməsi oldu. Fikrimizcə, həmin dərs bugünkü bayrama – Azər­baycan Xalq Cümhuriyyətinin 105 illiyinə əlavə rəng qatdı. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət