Dünya Bankının “Məşğulluğa Dəstək Layihəsi” üzrə qiymətləndirmə missiyası ölkəmizə səfəri çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Quba–Xaçmaz regional məşğulluq filialında olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda belə deyilir.
Bildirilir ki, missiyanın üzvləri – Dünya Bankının sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, layihənin baş iqtisadçısı Sirma Demir Şeker, sosial müdafiə üzrə mütəxəssisi Anna Suxova, həmçinin missiyanın digər üzvləri, eləcə də, Layihə icra qrupunun rəhbəri Fəqan Əsgərov və üzvü Faiq Sadıqov ilə birgə layihənin komponentləri üzrə görülən işlər müzakirə olunub.
Filialın müdiri Ramal Quluzadə layihə çərçivəsində bölgədə görülən işlər, benefisiarlar, onların tələbatları, o cümlədən təqdim edilən aktivlər barəsində ətraflı məlumat verib.
Missiya tərəfindən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Quba və Xaçmazda aktivlərlə təmin olunan benefisiarlardan bir neçəsinin bu aktivlər hesabına qurduqları kiçik bizneslərə baxış keçirilib. Hər benefisiar layihənin onların biznes imkanlarına yiyələnmələrində mühüm dəstək olmasından razılıq ifadə edib, qurduqları biznesləri daim inkişaf etdirmək əzmi ilə səy göstərdiklərini bildiriblər.
Missiya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Quba–Xaçmaz Regional İnkişaf Mərkəzi ilə də tanış olub. KOBİA-nın regional koordinatoru Azər Pənahov agentliyin regionda gördüyü işlər, kiçik və orta biznesin inkişafında vətəndaşlara göstərdiyi dəstək barədə ətraflı məlumat verib.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”