İlk təbrik Türkiyə liderinin yeni Prezident kimi ilk səfərinin Azərbaycan müjdəsidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni dövlət başçısıdır. Artıq bunu qətiyyətlə söyləmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev də bu münasibətlə daim dost və qardaş bildiyi R.Ərdoğana təbrik ünvanlayıb.
Azərbaycanın liderinin təbriki, əlbəttə, ilkdir. O anlamda ki, cənab İlham Əliyev Türkiyə rəhbərini təbrik edən birinci dövlət başçısıdır. Amma burada özünəməxsusluq var. Ölkəmizin Prezidenti təbrik mesajını seçkilərin rəsmi nəticələri elan olunmazdan əvvəl çatdırıb. Bu, adi bir məqam sayıla bilməz.
Əvvəla, bu, bir inamdır. Nəzərə alaq ki, dövlətimizin başçısı cənab Ərdoğana qardaş ölkədəki seçkilərin mayın 14-də keçirilmiş birinci turunun rəsmi nəticələri elan olunmzadan əvvəl də zəng etmiş və onu prosesdə qazandığı səsçoxluğu münasibətilə təbrik etmişdi. Hesab edirik ki, Prezident İlham Əliyev elə o zaman da Türkiyə xalqının iradəsinin hazırkı dövlət başçısının seçimi üzərində qurulduğunu gözəl bilirdi. Mayın 14-dən 28-dək olan müddətdə də bu inam dəyişmədi.
Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da özünün instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbəyə həssas münasibətini göstərməklə yadda qalıb: “Cənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.
Cənab İlham Əliyevin təbrik zənginə gəlincə, orada bildirilib ki, bu qələbə Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimaddır. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Türkiyə Ərdoğanın liderliyi ilə növbəti illərdə də hərtərəfli inkişafını davam etdirəcək. Türkiyə liderinin fəaliyyəti xalqın firavanlığı və tərəqqisi naminədir və ona yeni-yeni uğurlar arzulanması Azərbaycanın duasıdır. Əslində bu dua Mehriban xanım Əliyevanın paylaşımının “Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!” nidasında da son dərəcə incə həssaslıq nöqtəsini tapıb.
Bəli, ölkəmizin rəhbərinin təbrik zəngində ifadə etdiyi arzu Azərbaycan xalqının Ərdoğana ilk xeyir-duasıdır. Çünki xalqımız Ərdoğanı 44 günlük müharibə zamanı əsl Azərbaycan sevdalısı kimi görmüş və ona rəğbəti və sevgisi artmışdı. Diqqət yetirək, Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərkən, ona Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini bir daha çatdırmağı unutmayıb. Görünür, bu da taleyin bir qismətidir ki, Ərdoğanın qələbəsi ölkəmiz üçün əlamətdar sayılacaq gündə baş tutur. Axı, Türkiyə liderinin qələbəsi həm də qardaş ölkənin müstəqil siyasi iradəsinin davam məntiqidir.
Zamanında dahi Mustafa Kamal Atatürk də Azərbaycana böyük dəyəri ilə Vətənimizin müstəqilliyinin proqnozunu vermişdi. Nəzərə alaq ki, Atatürkdən sonra ölkəmizə, onun haqq davasına nəinki həssas yanaşan, bu davanı öz davası sayan ikinci lider türk lideri məhz Ərdoğandır.
Bəli, müstəqil Azərbaycan Türkiyə dövlətçiliyi üçün son dərəcə vacibdir. O dövlətçilik üçün ki, bütövlükdə türk dünyasının birləşdirməyi hədəf seçib. Bu birləşdirmədə vacib halqanı təşkil edən də elə Azərbaycanın özüdür. Ölkəmizin haqq davasında – 44 günlük müharibədə qazandığı tarixi Zəfər bu mənada son dərəcə müstəsna əhəmiyyət daşımaqdadır.
Zəfərimizin Zəngəzur dəhlizini türk dünyasını bütövləşmə faktoru kimi önə çəkməkdədir. Bu, elə bir reallıqdır ki, qarşısında dayanmaq mümkünsüzdür. Həm də ona görə ki, Ərdoğanlı Türkiyənin, İlham Əliyevli Azərbaycanın müştərək iradəsi bir millətin iki dövləti qlobal dünyanın regional güc mərkəzi rolunu oynamaqdadır. Bu mərkəzin canbir qütblərinin bir-birinə dəyəri həm rəmzi, həm də böyük siyasi əhəmiyyət daşımaqdadır.
Azərbaycan Prezidentinə təbrikə görə təşəkkürünü bildirən R.Ərdoğanın Türkiyənin yeni dövlət başçısı kimi səfər edəcəyi ilk ölkə də respublikamız olacaq. Əslində cənab İlham Əliyev aprelin 29-da İstanbulda keçirilmiş “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edərkən də hazırkı səfər məntiqinin anonsunu vermiş və Ərdoğanı qarşıdakı seçkilərdə qələbə qazanıb Prezident kimi ilk səfərini Azərbaycana gerçəkləşdirməyə ruhlandırmışdı. Bu isə o deməkdir ki, dövlətimizin lideri hələ o zaman da həmkarının qələbəsinə inanmış, ən əsası isə inamını dərin dostluq və qardaşlıq notları üzərindən ifadə etmişdi. Buna görə cənab İlham Əliyevin 28 may tarixli dəvəti minnətdarlıqla qəbul edilib.
Türkiyə liderinin Prezident olaraq ilk səfər edəcəyi xarici ölkənin Azərbaycan olacağı da rəsmiləşməsi, həmçinin, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlikdir ki, mövcud məqam telefon danışığı zamanı da vurğulanıb.
Ə.RÜSTƏMOV,
“Xalq qəzeti