Paşinyan üçün son seçim

post-img

Baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlü­yünün tanınması ilə bağlı son vaxtlar səsləndirdiyi fikirlər Ermənistan daxilində və Qara­bağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan his­səsində yaşayan ermənilər arasında ona qarşı yeni cəbhə açılmasına səbəb olub.

Qeyd edək ki, Ermənistan Azərbay­canın ərazi bütövlüyünü ilk dəfə 2022-ci il oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilmiş görüşlərdə 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında tanıdığını bəyan edib. Bu bə­yannamə ilə yeni müstəqillik qazanmış ölkələr SSRİ dövründə mövcud olmuş müttəfiq respublikaların inzibati sərhəd­lərini tanıyırlar. Beləliklə, Praqa və Soçi sənədləri ilə Hayastan Azərbaycanın Qa­rabağ üzərində suverenliyi ilə qəbullanıb.

Bu il aprelin 18-də parlamentdə çıxış edən N.Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını bir daha bildirib: “Ermənistan 29,8 min kvadratki­lometr sahədə tanınır və heç bir başqa ölkəyə ərazi iddiası yoxdur. Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman reallaşacaq ki, iki ölkə birmənalı şəkildə, qeyri-müəyyənliklər və tələblər olmadan bir-birinin ərazi bütövlüyünü ta­nıyacaq və bir-birinə heç vaxt ərazi iddi­ası irəli sürməyəcək. Mən bir daha təsdiq edirəm ki, biz Azərbaycanın ərazi bütöv­lüyünü tam şəkildə tanıyırıq və gözləyirik ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla eyni şeyi edəcək”.

N.Paşinyan mayın 4-də Çexiyaya rəsmi səfəri zamanı Praqada Transat­lantik Əlaqələr Mərkəzində çıxışı zamanı da bu fikrini təkrarlayıb. On gün sonra – mayın 14-də Brüsseldə Prezident İlham Əliyev, N.Paşinyan və Avropa İttifaqı Şu­rasının rəhbəri arasında keçirilmiş görü­şün yekunlarına dair mətbuata açıqlama verən Şarl Mişel deyib: “Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermə­nistanın 29,8 min kvadratkilometr və Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sa­diqliklərini təsdiq etdilər”.

Nəhayət, son olaraq mayın 17-də Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən dördüncü sammitində çıxışı zamanı N.Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütöv­lüyünü tanıdığını bildirib: “Üç gün əvvəl Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitə­çiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadratkilometr ərazisini tanıyır. SSRİ tərkibindəki Sovet Azərbaycanı ilə Sovet Ermənistanı ara­sındakı inzibati hüdudlar dövlət sərhəd­lərinə çevrilir”.

Bütün bu fikirlər qeyd etdiyimiz kimi, Hayastan daxilində və Qarabağ ermə­niləri arasında Paşinyan əleyhinə eti­razların baş qaldırmasına səbəb olub. Xüsusilə, separatçıların mövqeyi onların N.Paşinyanın fikirlərini yaxına buraxmaq istəmədiklərini nümayiş etdirir. Mayın 15-də Xankəndidə Samvel Babayana “döv­lət naziri” vəzifəsinin verilməsi tələbi ilə mitinq keçirilib. Qeyd edək ki, o, vaxtilə Qarabağdakı separatçı rejimin “təhlükə­sizlik şurası”nın katibi olub. S.Babayan mitinqdə deyib ki, ona vəzifə lazım deyil və əgər müşahidəçi kimi kənardan bax­salar, “qaçqın” düşə bilərlər: “Bugünlərdə Brüsseldə dedilər ki, Qarabağ da daxil ol­maqla, Azərbaycanın 86,6 min kvadratki­lometr ərazisi var. Ermənistan etiraf edir ki, bu, Azərbaycan ərazisidir və bu, onun hüququdur”. Babayan deyib ki, bu gün Qarabağda çoxları özlərini xilaskar kimi göstərir və sonadək mübarizə aparmağa çağırırlar, amma bu əbəsdir: “Bizə heç bir mübarizə lazım deyil. Biz yaşamalı, ya­ratmalı və müdafiə olunmalıyıq. Bu, bizim gələcəyimizdir və bu yolla getməliyik”.

Qondarma rejimin keçmiş “dövlət na­ziri”, Azərbaycanın tələbi ilə bu “vəzifə”­dən uzaqlaşdırılmış, hazırda “Artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” adlanan qondarma qurumun koordinatoru Ruben Vardanyan da dilə gəlib. O, mayın 18-də keçirdiyi mətbuat konfransında bildirib ki, “Artsaxın gələcəyi başqalarının deyil, bizim əlimizdədir, Artsaxın gələcəyini biz həll edirik”. Vardanyanın sözlərinə görə, “Artsax xalqı öz vətənlərini sona qədər müdafiə etməyə yüz faiz hazırdır”.

Bu arada dünən Ermənistanın və Qarabağın 30-dan çox “siyasi qüvvəsi” birgə bəyanatla çıxış edərək bildirib ki, hazırkı geosiyasi şəraitdə təzyiq və təh­did altında Ermənistan-Azərbaycan da­nışıqlarının süni şəkildə sürətləndirilməsi erməni xalqının maraqlarına uyğun deyil. Qeyd olunur ki, Brüsseldə keçirilən görü­şün yekunlarına dair açıqlama, həmçinin N.Paşinyanın Reykyavikdə səsləndirdiyi yanaşmalar erməni xalqının dərin na­rahatlığına səbəb olub: “Nikol Paşinyan Ermənistan-Azərbaycan münasibətlə­rinin nizamlanması ilə bağlı belə razı­laşmalar əldə etmək və vədlər vermək səlahiyyətinə malik deyil. Delimitasiya və demarkasiya prosesləri Birinci Qara­bağ müharibəsi nəticəsində baş vermiş qarşılıqlı de-anklavasiyanı düzəltməli və anklavlara qayıdışı istisna etməlidir. Bu müddəalara zidd olan hər hansı danışıq­ların nəticəsi qəbuledilməzdir və dünya ermənilərinin maraqlarını əks etdirmir”.

Ermənistan və Qarabağdakı “parti­yaların” Paşinyan əleyhinə yaydığı birgə bəyanata ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi partiyasının qoşulmadığı da diqqətdən yayınmır. Partiya bəyana­ta qoşulmamasını onun bir sıra bənd­lərinin beynəlxalq hüquqa zidd olması ilə əlaqələndirib. Diqqətçəkən məqam Erməni Milli Konqresinin açıqlamasında Qarabağın “öz müqəddəratını təyinetmə” məsələsinə yer verilməməsidir.

Mövzu ilə bağlı “Xalq qəzeti”nin suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Paşinyana qarşı kampaniya öncə də var idi, indi isə güclənir: “Amma Paşinyanın Reykyavikdəki açıqlaması ürəkaçan deyil. Məncə, ermənilər taktiki gediş edirlər. Deyirlər ki, bəli, biz Azər­baycanın ərazi bütövlüyünü tanıyırıq. Amma Paşinyanın Reykyavikdəki çıxışı­nı kim sözbəsöz oxuyubsa, görə bilər ki, onun taktikası dəyişib. Deyir ki, biz Azər­baycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ üzərində suverenliyini tanıyırıq. Amma eyni zamanda, üçüncü dövlətlər vasitəsilə Qarabağın “müstəqilliyi”nin ta­nınmasına çalışacaqlar”.

F.Şəfiyev qeyd edib ki, Ermənistanın bizə qarşı Beynəlxalq Ədalət Məhkəmə­sində, Avropa İnsan Hüquqları Məhkəmə­sində iddia qaldırması da buna xidmət edir: “Azərbaycanın, guya, Qarabağda etnik təmizləmə hazırladığını da Paşin­yan deyir. Ona görə də son vaxtlar Ermə­nistanın Azərbaycanın ərzi bütövlüyünü tanıdığı barədə fikirlər səsləndirərkən bir qədər ehtiyatlı olmaq lazımdır”.

Daxildə Paşinyana qarşı çıxan qüv­vələrə gəldikdə isə mərkəz rəhbəri bunu müəyyən dərəcədə teatr adlandırıb: “Amma həqiqətən, ona qarşı çıxanlar, onu xain hesab edənlər də var. Belə in­sanlar diasporda daha çoxdur. Təbii ki, Rusiya faktoru da var. İstənilən halda digər siyasətçilərlə müqayisədə Paşin­yanla danışıqları davam etdirmək daha münasibdir”.

Politoloq Fərhad Məmmədov qə­zetimizə açıqlamasında N.Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanı­maqla bağlı bəyanatının Ermənistanda böyük səs-küyə səbəb olduğunu bildirib. Qeyd edib ki, Paşinyan hansısa sənədə imza atsa belə, onun parlamentdə ratifi­kasiyası, Konstitusiya Məhkəməsindən keçməsi və qüvvəyə minməsi çətin ola­caq: “Çünki Ermənistanın daxili qanun­vericiliyində bir neçə sənəd var ki, həmin sənədlərdə Qarabağ ərazisi birbaşa və dolayısı ilə Ermənistan ərazisi kimi qeyd edilib. Yəni, onlar ya həmin sənədləri ləğv etməli, ya da ziddiyyət olduğu üçün Konstitusiya Məhkəməsi öz rəyini vermə­lidir. Bax, burada hüquqi, prosedur baxı­mından problemlər gözlənilir”.

Siyasi müstəviyə gəldikdə isə F.Məm­mədov qeyd edib ki, yaz-yay aylarında kütləvi aksiyaların keçirilməsi üçün əl­verişli şərait yaranır: “Böyük ehtimalla yaxın zamanlarda Ermənistanda kütləvi aksiyalar başlayacaq”.

Politoloq Yeganə Hacıyeva isə he­sab edir ki, Ermənistanda Paşinyan tərə­findən idarə olunan və müstəqil siyasi qüvvələr var. Onun sözlərinə görə, təkcə Paşinyan üçün deyil, ondan sonra Ermə­nistanda siyasi hakimiyyətə gələcək istə­nilən qüvvə üçün Azərbaycanla uzlaşma vacibdir: “Paşinyan artıq sənəd üzərində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Burada bir də Rusiya faktoru var. Hazırda Rusiyanın Ermənistan cəmiyyətinə təsir vasitələri əvvəlki kimi deyil. Cəmiyyətin üzünü Qərbə, yaxud Yaxın Şərqə, İrana çevirməsi əsas deyil. Əsas odur ki, Rusi­yanın Ermənistanda əvvəlkitək güclü tə­sir vasitəsi yoxdur. Bundan sonra proses sülh sazişinin imzalanmasınadək davam edəcək. Əgər vəziyyət xeyli dərəcədə gərginləşsə, Paşinyan təkrar seçkilərə gedəcək və situasiyanı 2021-ci ildə oldu­ğu kimi, təkrar seçkilər vasitəsilə öz xey­rinə dəyişməyə çalışacaq”.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”







Siyasət