Həkəri postu – hamı razı və məmnun

post-img

Yuxarıda verdiyimiz sualın müsbət cavabını zamanın özü verdi. Azərbaycanın Ermənistanla şərti sərhəddə, Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində qurduğu nəzarət-buraxılış məntəqəsinin bölgədə hamı üçün sülhün və təhlükəsizliyin təmin olunması baxımından özünü tamamilə doğrultduğunu əminliklə söyləyə bilərik. 

Bəli, Ermənistanla sərhəd təhlükə­sizliyimizin təmin edilməsi həm də qa­nunun aliliyindən irəli gəlir. Bunu həya­ta keçirən Azərbaycan Prezidenti İlham Əliyev məsələ ilə bağlı ABŞ Dövlət kati­bi Antoni Blinkenlə telefon danışığında, həmçinin Fransanın Xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən Bakı­nın mövqeyini birmənalı şəkildə bildirdi: “Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradıl­ması Azərbaycanın suveren hüququdur və Azərbaycanın ərazi bütövlüyünün tə­min edilməsidir”.

Bu, sözsüz ki, dövlət başçısının apardığı ardıcıl hərbi və diplomatik siyasətin nəticəsi olaraq əldə olun­muş uğurdur. Eyni zamanda, Bakının Ermənistan ordusunun tör-töküntüsü­nün ərazilərimizdə qalmasına, sülh­məramlıların onlara silah-sursat, mina daşımağa şərait yaratmasına, Mosk­vanın Ruben Vardanyan planına, təbii sərvətlərimizin talan edilməsinə, İran vətəndaşlarının qanunsuz olaraq tor­paqlarımıza keçməsinə, Fransa Se­natının sərsəm bəyanatlarına, eləcə də regionda yeni reallığı qəbul etmək istəməyən, Azərbaycanın güclənməsi­ni arzulamayan qüvvələrə verilən tutar­lı cavab idi. 

Nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başladığı ilk günlərdə Qa­rabağda yaşayan etnik ermənilərdə müşahidə edilən müəyyən gərginlik­dən artıq əsər-əlamət qalmayıb. Çün­ki Azərbaycan sərhədçiləri onların hər iki istiqamətdə sərbəst gediş-gəlişinə lazımi şəraiti yaradıblar. Azərbaycan sərhədçiləri buraxılış məntəqəsindən keçən ermənilərlə nəzakətlə davranır, yüksək mədəniyyətlə onlarla təmas qururlar. Onlardan zəruri yoxlanışdan keçmələri üçün sərhədçi-nəzarət ka­binəsinə yaxınlaşmaları xahiş olunur və bundan sonra avtomobillərin yük yerinə vizual baxış keçirilir. 

Bütün proses sərhədçilərimizin yüksək peşəkarlığı ilə müşayiət olu­nur. İyirmi beş gün əvvəllə müqayisə­də görünən odur ki, Qarabağın erməni əhalisi artıq reallıqla barışmaqdan, ən vacibi isə bölgədə rahat və təhlükəsiz yaşamaları və hərəkət etmələri üçün Azərbaycan qanunvericiliyinə tabe ol­maqdan başqa çıxış yollarının olma­dığını qəbul ediblər. Onlar bu məntəqə qurulduqdan sonra azərbaycanlıların münasibəti barədə separatçıların apar­dığı anti-təbliğatın doğru olmadığını öz gözləri ilə görürlər. İnanırıq ki, indi Bakının konkret təklifini – Azərbaycan vətəndaşı olmaq şərtini qəbul etmək barədə ciddi düşünməyə başlayıblar. Bölgəyə humanitar xarakterli yüklərin daşınmasına hansısa maneçilik törət­məkdən söhbət gedə bilməz.

İki gün bundan əvvəl Həkəri pos­tunda lentə alınmış və telekanallarda, sosial şəbəkədə nümayiş etdirilən kad­rlardan da göründüyü kimi, Azərbay­can sərhədçiləri və gömrükçüləri tərə­findən sənədləri yoxlanılan Qarabağın etnik erməniləri məntəqədə yaradılmış şəraitdən və gördükləri münasibətdən razıdırlar. 

Bəs aprelin 23-dək vəziyyət necə idi? 

2023-cü il aprelin 23-dək La­çın-Xankəndi yolundan humanitar de­yil, hərbi məqsədlər üçün istifadə edi­lirdi. Bu vəziyyət isə beynəlxalq hüquq normaları ilə bir araya sığmayan pre­sedent yaradırdı. Aprelin 22-də İrəvan birtərəfli qaydada Azərbaycan-Ermə­nistan sərhədinin Laçın yolunun baş­lanğıcına yaxın ərazidə post qurmağa başladı. Buna cavab olaraq Azərbay­can öz suveren ərazisində, Laçın yo­lunun başlanğıcında, şərti sərhəddə nəzarət-buraxılış məntəqəsini reallaş­dırmalı idi və bunun anonsu xeyli əvvəl verilmişdi. Bu addımı şərtlərindirən di­gər səbəb ekofəalların Laçın-Xankəndi yolunda həyata keçirdikləri aksiyalar­da irəli sürdükləri tələblər idi. Tələblər ondan ibarət idi ki, Azərbaycanın Qa­rabağ iqtisadi rayonunda təbii sərvət­lərimizin qeyri-qanuni daşınaraq Ermə­nistana aparılmasının qarşısı alınsın. Bunlardan heç də az əhəmiyyət kəsb etməyən başqa bir səbəb isə Azərbay­canın Vətən müharibəsində zəfərindən sonra imzalanmış 10 noyabr Bəyanatı­nın müddəalarına uyğun olaraq Ermə­nistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması və əraziyə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi idi. Amma biz reallıq­da nəyi gördük? Gördük ki, Qarabağ­da yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yaradılan yoldan separatçılar fərqli məqsədlər üçün istifadə edirlər. Həmin yolla Er­mənistandan Qarabağdakı qeyri-qa­nuni silahlı birləşmələrə, separatçılara silah-sursat, mina, canlı qüvvə daşınır, üçüncü dövlətin xüsusi xidmət orqan­ları tez-tez bu ərazilərə səfərlər edirlər. Və bu təxribatlar nəinki rus sülhmə­ramlılarının gözü qarşısında baş verir­di, bundan daha betəri, silah-sursatla, minalarla dolu kolonları məhz onlar müşayiət edirdilər. Artıq foto-video gö­rüntülərlə təsdiqini tapan bu faktlara göz yummaq mümkün deyildi. 

Söhbət həm də laçınlıların təhlükəsizliyindən gedir

Azərbaycanın beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşən bu addı­mını həzm edə bilməyən Ermənistan hələ də Bakını şərti sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsi­ni blokadaya alaraq humanitar böhran yaratmaqda, burada etnik təmizləmə planını həyata keçirməyi hədəfləmək­də günahlandırmağa çalışır. Hayların bununla bağlı yalan və təhrifdən yoğ­rulmuş müraciətlərinə reaksiya verənlər isə yalnız Asiya və Avropadakı “bacı” və “qardaşları”, bir də erməni lobbisinin pulla satın aldığı personalardır. Amma dünya artıq ermənilərin dezinformasiya­larından, yalanlarından bezib. 

Yuxarıda Həkəri postunun qurulma­sını şərtləridirən amilləri sadaladıq. Bu sıraya daha birini – laçınlıların doğma torpaqlarına qayıdışı ilə bağlı onla­rın təhlükəsizliyinin təmin olunmasını da əlavə etməyi zəruri sayırıq. Otuz il işğal altında inləyən digər rayonları­mızla müqayisədə dağıntıya daha az məruz qalmış və bir güllə belə atma­dan yağıdan geri aldığımız Laçında bərpa-quruculuq işləri sürətlə aparılır və torpağın əsl sahiblərinin ora qayıt­ması bu yaxınlarda gerçəkləşəcək. Bi­rinci mərhələdə Laçın şəhərinin özünə, sonra yolun ətrafındakı kəndlərə qayı­dacaq vətəndaşlarımızın təhlükəsizliyi Bakı üçün önəmli məsələdir. Bu nöq­teyi-nəzərdən Həkəri çayının üzərində qurduğumuz sərhəd nəzarət-buraxılış məntəqəsinin əhəmiyəti birə-beş artır. 

Yəqin vətəndaşlığımızı qəbul edə­cək Qarabağın dinc erməni sakinlərinin Azərbaycana yenidən inteqrasiyası da məhz bu ərazidən başlayacaq... 

Aydın QULİYEV,

Milli Məclisin deputatı

10 noyabr 2020-ci il Bəyana­tından sonra Azərbaycan sərhə­dçiləri tədricən bütün şərti sərhəd xətti boyu ərazini öz nəzarətinə götürdülər. Yalnız Laçın yolu mü­vəqqəti olaraq Rusiya sülhməram­lılarının nəzarəti altında qalmışdı. Bu məntəqə gec-tez qurulacaqdı. Ermənistan və onu dəstəkləyən xa­rici qüvvələr fikirləşməli idi ki, Azər­baycan bu yolu nəzarətsiz bu­raxacaq və öz ərazisinə təxribatçı qrupların sərbəst daxil olmasına dözəcək. Bu, mümkün deyildi. 2020-ci ildən sonra İrəvan ərazi bütövlüyümüzü tanımaqdan imtina edirdi, Rusiya sülhməramlılarının nəzarətindəki ərazimizdə 10 min nəfərlik silahlı birləşməsini saxlayır­dı və həmin erməni silahlıları Azər­baycan ordusuna qarşı mütəmadi təxribatlar törədirdilər. Hətta 2021-ci ildə Ermənistanda istehsal olunan minaları diversiya qrupları daşıyaraq ərazilərimizdə basdırırdılar. Məhz bunun nəticəsində 300-ə qədər vətəndaşımız mina partlayışlarında həlak olmuş və ya xəsarət almışdır. Bu amillər Laçın yolunda sərhəd-bu­raxılış məntəqəsinin qurulmasını zəruri etdi. 2023-cü il aprelin 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəmiz qurulduqdan sonra şərti sərhədimizə tam nəzarət təmin olundu. İndi Qarabağda yaşayan er­mənilər sənədlərini təqdim etməklə, bu məntəqədən rahat keçə bilirlər. İrəvanın, separatçıların blokada iddialarına cavab kimi deyirik: bu necə blokadadır ki, insanlar sərbəst şəkildə Azərbaycandan kənara çıxır və geri qayıdırlar. Bu necə bloka­dadır ki, sakinlərə hər cür kommu­nal xidmətlər göstərilir. Sayları 25 minə çatan bu sakinlər Azərbaycan vətəndaşı kimi Qarabağda qalıb ya­şamağı, yaxud xaricdə özlərinə yeni ünvan seçməkdə də sərbəstdirlər.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət