“Qarabağ klanı” üçün “Qiyamət günü” nə vaxt olacaq?

post-img

Xalqımıza qorxunc fəlakətlər, bir-birindən dəhşətli soyqırımları gətirən Birinci Qarabağ müharibəsinin erməni separatçılarının liderləri – “Qarabağ klanı” tərəfindən gerçəkləşdiyi, həmin bandanın bu gün də regionda vəziyyəti gərginləşdirməkdə davam etdiyi heç kimə sirr deyil. 

Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistandakı soydaşlarımı­zın deportasiyasını həyata keçirən “Qa­rabağ klanı” 90-cı illərin əvvəllərindən ölkəmizə qarşı açıq müharibəyə start verib, minlərlə insanımızın qətlinə imza atıb. Ermənistanın iki keçmiş preziden­ti – Robert Koçaryan və Serj Sarkisyan tərəfindən həyata keçirilən işğal və soyqırımı siyasəti Azərbaycan torpaq­larının 20 faizinin qəsb edilməsi, Xocalı soyqrımının törədilməsilə nəticələn­mişdir. Azərbaycan dövləti “Qarabağ klanı”nın birbaşa iştirakı və təşviqi ilə həyata keçirilmiş bu vəhşiliklərlə bağlı beynəlxalq təşkilatları, dünya ictimaiy­yətini mütəmadi şəkildə məlumatlan­dırmış, bu şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini dilə gətirmişdi. Ancaq maraqlıdır ki, bu müddət ərzində cinayətkarlar nəinki məsuliyyətə cəlb edilməmiş, əksinə, siyasi müstəvidə geniş fəaliyyət azadlığı əldə etmişlər. Hazırda Ermənistan müxalifətinin əsas qüvvəsi məhz bu şəxslərin liderliyi al­tında fəaliyyət göstərməkdə, sülh sa­zişinin imzalanmaması üçün rəsmi İrə­vana təzyiqlər etməkdədir. Xocalı qatili Robert Koçaryanın Ermənistan parla­mentində təmsil olunan "Hayastan" si­yasi blokuna liderlik etməsi faktı buna nümunədir. Bəs minlərlə insanın ölü­mündə bilavasitə rol oynayan bu şəxs­lərin məsuliyyətdən kənarda qalmasına səbəb nədir? Niyə faşist cəlladlarının cəzalandırıldığı məşhur Nürnberq pro­sesi “Qarabağ klanı”na münasibətdə təkrarlanmır?

İkili standartların və siyasi riyakarlığın acı nəticəsi

Azərbaycan xalqına qarşı ağır hər­bi cinayətlər törədən “Qarabağ klanı”­nın məsuliyyətdən kənarda qalmasının ən başlıca səbəbi beynəlxalq hüquq və ədalət sistemindəki böhran, aparıcı güclərin sərgilədiyi siyasi riyakarlıqdır. İkili standartlar çərçivəsində həyata ke­çirilən bu siyasət beynəlxalq hüququn deyil, ayrı-ayrı güclərin maraq və mə­nafeyinə uyğun gəldiyi üçün “Qarabağ klanı” bu gün öz azadlığından heç nə itirmiş deyil. Əksinə, cəzasızlıq mühiti, beynəlxalq təşkilatların və lider dövlət­lərin susqunluğu şəraitində separatçılar öz cinayətləri ilə öyünür, insanlığa ya­raşmayan davranışlarını qəhrəmanlıq kimi təqdim edirlər. Nümunə üçün qeyd edək ki, Ermənistanın sabiq preziden­ti Serj Sarkisyan tədqiqatçı Tomas de Valla müsahibəsində Xocalı soyqırı­mında şəxsən iştirakını bildirir və bun­dan fəxrlə söz açır. Sarkisyan məlum müsahibəsində bildirir ki, məhz Xocalı soyqırımı azərbaycanlılara ermənilərin öz niyətlərində nə qədər ciddi olduğunu başa saldı: “Xocalıya qədər azərbay­canlılar bizimlə sadəcə zarafat etdiklə­rini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu...” 

Əslində, oxşar etiraflar zaman-za­man Robert Koçaryandan da gəlib. Koçaryan 4 oktyabr 2021-ci il tarixli çıxışında Birinci Qarabağ müharibəsi zamanı Azərbaycandakı xaosdan isti­fadə edərək ökəmizə məxsus torpaqla­rı işğal etdiyini deyib. Sabiq prezident müxtəlif çıxışlarında dolayısı ilə Şuşa­nın erməni deyil, Azərbaycan şəhəri olduğunu da təsdiqləyib. Ancaq bütün bu etiraflara rəğmən beynəlxalq hüquq hələ də “Qarabağ klanı”nı məsuliyyətə cəlb etməyib. Bu gün Fransanın tim­salında Avropadakı bəzi güclərin Er­mənistanı hərbi-siyasi baxımdan açıq şəkildə dəstəkləməsi “Qarabağ klanı”­nın törətdiyi cinayətlərə görə niyə hələ də məsuliyyətə cəlb olunmadığını izah edir. Rəsmi Parisin ermənipərəst bəya­natları göstərir ki, Qərb erməni separat­çılarının törətdiyi vəhşiliklər haqqında məlumatlı olsa da, onları cəzalandır­maqda maraqlı deyil. Əksinə, oradakı bəzi dairələr həmin cinayətkarlardan yenidən “istifadə etməkdə” maraqlıdır­lar.

Bir qatilin digər qatildən fərqi

“Qatillər ittifaqı” kimi də dəyərləndi­rilə biləcək “Qarabağ klanı”nı tarixdəki analoqlarından fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri onların özünəməx­sus həyasızlığı, formal da olsa, insani dəyərlərə hörmət nümayiş etdirməmə­sidir. Müqayisə üçün qeyd edək ki, Yuqoslaviyanın sabiq prezidenti Slo­bodan Miloşeviç 2001-ci ildə ölkəsində saxlanılaraq BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinə təhvil verilmiş, 2006-cı il martın 11-də Haaqada həbsxanasında ürək tutmasından dünyasını dəyişmiş­dir. 1990-cı illərdə Bosniya, Xorvatiya və Kosovoda dinc sakinlərə qarşı silsilə cinayətlərdə və soyqırımlarında ittiham olunan S.Miloşeviçin qəfil ölümü məh­kəmə prosesini yarıda qoysa da, 2013-cü il aprelin 25-də Serbiyanın o vaxtkı prezidenti Tomislav Nikolits baş verən­lərə görə soyqırımı qurbanlarından üzr istəmişdir: “Mən diz çökür və Srebrenit­sada baş verən qırğın üçün Serbiyanın bağışlanmasını xahiş edirəm. Mən bəzi şəxslər tərəfindən bizim dövlətimiz və xalqımızın adından edilən bu cinayətlər üçün üzr istəyirəm”. 

Serbiya parlamenti isə 2010-cu ildə qətnamə qəbul edərək, serb ordusunun 15 il əvvəl Srebrenitsada törətdiyi qətli­ama görə bölgənin müsəlman xalqından üzr istəmiş, öz təəssüfünü bildirmişdir. 

İkinci Dünya müharibəsindən sonra nasistlər üzərində gerçəkləşən Nürn­berq məhkəməsi də peşmanlıq dolu eti­raflar və intiharlarla zəngindir.

Sov. İKP MK-nın sonuncu Baş ka­tibi Mixail Qorbaçov 20 Yanvar faciə­sinə görə Azərbaycan xalqından üzr istəməsə də, gürcü və Litva xalqlarından üzr istəmiş, öz günahını etiraf etmişdir. Lakin bugünə qədər “Qarabağ klanı”nın heç bir nümayəndəsi xalqımıza qarşı törətdikləri vəhşiliklərə görə Azərbay­candan üzr istəməmiş, öz peşmanlığını dilə gətirməmişdir. Bu, erməni separat­çılarının üzrxahlıq və vicdan hissindən, peşmanlıq duyğusundan məhrum oldu­ğunu göstərir.

Müharibə caniləri meydan sulayır

Unutmaq olmaz ki, bu klan Azərbay­can xalqı ilə yanaşı, erməni toplumu­na da böyük bəlalar, fəlakətlər gətirib. Məhz “Qarabağ klanı”nın başlatdığı Bi­rinci Qarabağ müharibəsi Azərbaycanla yanaşı, erməni tərəfini də ciddi itkilərə məruz qoymuş, erməni toplumu sepa­ratçıların hakimiyyət hərisliyini cəbhədə həlak olan doğmalarının qanı hesabına ödəmişdir. 

Bu gün də 10 noyabr 2020-ci il Bə­yanatını tanımaq istəməyən “Qarabağ klanı” Ermənistanı Azərbaycanla yeni toqquşmaya sövq edir. Paşinyan haki­miyyətinə ciddi təzyiqlərin göstərilməsi, İrəvanın təslimçi sülhə hazırlaşması ilə bağlı Ermənistan mətbuatında məlumat­ların tirajlanması, ordumuzun mövqelə­rinin tez-tez atəşə tutulması, mina ter­rorunun davam etdirilməsi və s. kimi proseslər də əsasən bu klan tərəfindən idarə olunur. 

Xatırladaq ki, Azərbaycanın 44 gün­lük Vətən müahribəsində məğlub etdiyi ordunun təməli də məhz “Qarabağ kla­nı” tərəfindən qoyulub. Elə bu səbəbdən də Prezident İlham Əliyev çıxışların­da Vətən müharibəsində darmadağın edilən düşmən ordusunu “Sarkisyan-Ko­çaryan ordusu” kimi dəyərləndirir. Dövlət başçısı 2020-ci ilin dekabrında – Vətən müharibəsindən qısa müddət sonra ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Ru­siyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən bu gerçəkliyə toxunaraq demiş­dir: “Azərbaycan Sarkisyan və Koçaryan ordusunu məğlub etmişdir. İşğalçıların Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş, erməni mil­lətçilərinin üzdəniraq “artsax” xülyaları dağıdılmışdır”.

Bütün bu faktlar onu göstərir ki, ermə­ni toplumu onu yeni və gərəksiz mühari­bələrə sürükləyən “Qarabağ klanı”ndan xilas olmaq üçün qəti addımlar atmalı, onu qana boğan cinayətkarların cəzası­nı öz əlləri ilə verməlidir. Əks təqdirdə, “Qarabağ klanı” Ermənistan cəmiyyətinə ölümcül məhrumiyyətlər gətirməkdə da­vam edəcək, bundan sonra da onu öz ambisiyalarına qurban verəcəkdir.

Bəs əli Azərbaycanla yanaşı, həm də öz xalqının qanına batan “Qarabağ klanı” üçün “Qiyamət günü” nə vaxt reallaşa­caq? Bu sualın cavabı öncə beynəlxalq təşkilatlardan və erməni toplumundan, onların cəsarət və iradəsindən asılıdır. Və nə zaman ki, beynəlxalq hüquq, elə­cə də hüquqsuz erməni toplumu ayağa qalxacaq, “Qarabağ klanı”nın Günəşi o gün həmişəlik batacaqdır.

 

Seymur ƏLİYEV

Siyasət