Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisi və Qarabağdakı erməni hərbi birləşmələri

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın bu il mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə “Brüssel formatı” çərçivəsində keçirilmiş görüşündən, habelə Paşinyanın Avropa Şurasının Reykyavikdəki Sammitindəki çıxışından sonra bir sual yaranır: Ermənistan 86600 kvadratkilometrlik ərazidə Azərbaycanın suveren hüquqlarını tanıyırsa, Qarabağdan qanunsuz erməni hərbi birləşmələri nə zaman çıxacaq? Onların sayı, haradasa, 10 min nəfərdir. Bu, demək olar ki, İkinci Qarabağ müharibəsində qarşı tərəfin verdiyi canlı qüvvə itkisinin sayı qədərdir. “Brüssel formatı” çərçivəsindəki məlum görüş sonrası isə Ermənistanın siyasi dairələrində isterik durum var. 86600 kvadratkilometrlik ərazidə Azərbaycanın müstəqilliyinin tanınmasının böyük ajiotaj doğurduğu aşkardır. Qarabağdakı separatçı rejimin təmsilçilərinin özlərini Ermənistandan ayrı müstəqil dövlət kimi təqdim etmələrinə də şahidik. Belə olan halda, əlavə sual da yaranır: Qanunsuz erməni hərbi birləşmələrini ərazidən kim çıxaracaq? Bu baxımdan dörd məqamın üzərində dayanmaq istərdik.

Birinci məqam 

Bölgədə erməni əhalinin sayının 120 min olduğu deyilir. Halbuki, bu rəqəm reallığı əks etdirmir. Orada cəmi 30 minədək əhali var. Lap 120 minin özü də böyük rəqəm sayılmamalıdır. Çünki Azərbaycanın rayonları içərisində əhalisi 120 mindən artıq olanlar az deyil və 120 minə qarşılıq 10 min hərbçi çoxdur. Yəni, 10 minlik sayın ancaq yerlilərdən ibarət olduğu iddia edilə bilməz. 

Bəli, hərbçilər Ermənistana məxsus­dur və onların bölgəni tərk etmələrinə görə məsuliyyət, bilavasitə, İrəvanın üzərindədir. Bu məsuliyyətin nə dərəcə­də dərk edildiyini söyləyə bilmərik. Onu vurğulamalıyıq ki, mayın 17-də Qaraba­ğa növbəti dəfə silah-sursat daşındığı müşahidə edilib. Bu isə həm “Brüssel formatı”nın məntiqinə, həm də Nikolun İslandiyanın paytaxtında səsləndirdiklə­rinə ziddir. Son aylar bölgəyə Ermənistan ərazisindən hərbi vasitələrin gətirildiyi də danılmaz faktdır. 

İkinci məqam

10 noyabr 2020-ci il tarixli üçtərəf­li Bəyanatın 4-cü bəndində göstərilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdiri­lir”. Sülhməramlılar yerləşdirilib, ancaq Qarabağda erməni hərbçiləri qalmaqda­dır. Deməli, birincilərin mandatının legi­timliyi də şübhə altındadır. Nəzərə alaq ki, hazırda sülhməramlıların sayı ermə­ni hərbi birləşmələrinin sayından azdır. Yəni, faktiki olaraq, ikincilər birincilərin iş səmərəliliyinə də təhlükə törədən fak­tordur. Bəs, sülhməramlılar bunu düşü­nürmü? Ötən müddət göstərir ki, düşün­mürlər və əksinə, həmin qanunsuz hərbi birləşmələrə silah-sursat daşınmasında patronajlıq edirlər. Yeri gəlmişkən, bu patronajlığı mayın 17-də də növbəti dəfə reallaşdırıblar. 

Digər tərəfdən, Rusiyanın “Brüssel formatı” çərçivəsində keçirilmiş görüşə münasibətindən görmək mümkündür ki, Ermənistanın 86600 kvadratkilometlik ərazidə Azərbaycanın suveren hüquqla­rını tanımasının Moskvaya heç bir dəxli yoxdur. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun üçtərəfli Bəyanatı ilahiləşdirməyə hesablanmış açıqlaması bunun təsdiqidir. Həmin bəyanatın ye­rinə yetirilməsi baxımından isə Kremlin öz baxışı var. Yəni, Rusiya sənədlə bağlı öhdəliklərinə əməl etdiyi qənaətindədir... 

Bəli, erməni hərbi birləşmələri üç­tərəfli Bəyanata uyğun olaraq, Ağdamı, Kəlbəcəri və Laçını tərk etdikləri kimi, Qarabağı da tərk etməlidirlər. Bu, baş verəcəkmi, hər halda Moskvanın mövcud istiqamətdəki qətiyyətindən çox, onun bölgəyə hansısa əlahiddəlik gətirmək istəklərini görürük. Nəzərə alaq ki, şimal qonşumuzun bəzi siyasi dairələrində Qarabağ ermənilərinin, guya, Rusiyaya rəğbəti fonunda qondarma iddialar səs­lənməkdədir. Mövcud kontekstdə belə rəy formalaşdırılır ki, sanki, sülhməram­lılar arzu olunduqları üçün ərazidədirlər və onları nə Azərbaycanın iradəsi, nə də İrəvanın Bakının suveren hüquqlarını tanımaq baxımından üzərinə götürdüyü öhdəlik maraqlandırır. 

Qeyd edək ki, Rusiyanın hazırkı mövqeyi Ermənistan üçün münasibdir. Rəsmi İrəvan, onsuz da, Qarabağda­kı erməni hərbi birləşmələri ilə bağlı məsələnin üzərinə gəlmir. Paşinyan ötən ilin Praqa Sammitinə əsasən Azərbayca­nın ərazi bütövlüyünü tanıdığını bildirdiyi, ancaq mayın 14-dək 86600 kvadratkilo­metrlik ərazinin üzərinə gəlmədiyi, daha doğrusu, Qarabağı ayrıca təsəvvürə gətirdiyi kimi, bu vacib məqamı da “unu­dur”. Əlbəttə, çox üstünə gedilsə, özünün ənənəvi erməni xislətinə uyğun olaraq bildirə bilər ki, Qarabağda erməni silah­lıları yoxdur. Ondan nə desən gözləmək mümkündür. Hər bir halda, məsuliyyət­dən yayınmaq, qeyri-səmimilik olacaq. 

Yeri gəlmişkən, Paşinyanın artıq Azərbaycanın ərazi bütövlüyünü tanıma məntiqinə üz çevirdiyi məlumdur. Söh­bət Ermənistana məxsus pilotsuz uçuş aparatlarının dünən ölkəmizin ərazisində görünmələrindən gedir. Nəzərə alaq ki, Azərbaycan da Ermənistanı 29800 kvad­ratkilometr ərazidə tanıdığını açıqlayıb. Yəni, dövlətimizin başçısı İlham Əliyevin təbirincə desək, bu ərazidə rahat yaşa­maq istəkləri səmimiyyətdən uzaq dav­ranışlarla müşayiət olunmamalıdır. O da nəzərə alınmalıdır ki, ərazi bütövlüyünə hörmət qarşılıqlı olmalıdır. Necə deyərlər, hörmət hörmətə bağlıdır. Bu olmayacaq­sa, deməli, bizim tərəfimizdən də hörmət gözləməyə dəyməz. 

Üçüncü məqam 

Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirməlidir. Məsələ 44 gün­lük müharibədən dərhal sonra gündəmə gəlmişdi. “Brüssel formatı” çərçivəsində­ki son görüşdən və Paşinyanın ölkəmizin ərazi bütövlüyünü tanımasından sonra, ölkəmiz bunu reallaşdırmaq üçün daha böyük əsasa malikdir. Potensial da öz yerində. Ancaq yenə Rusiya sülhməram­lıları amilini vurğulamalıyıq... 

Belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması, ərazidəki Rusi­ya sülhməramlı hərbi kontingentinin varlı­ğını heçə saymaq effekti verəcəkdir. Hər halda, qarşı tərəfin məsələni, məhz, bu cür qiymətləndirməsi tam mümkündür. Bir halda ki, Moskva üçtərəfli Bəyanat məntiqini əsas tutur, həmin bəyanat çər­çivəsində üzərinə götürdüyü öhdəliklərə manipulyativ yanaşır, deməli, Bakının hərbi güc nümayişini də sənədə zidd fəaliyyət olaraq dəyərləndirə bilər. Yəni, Rusiyadan da nə desən gözləmək olar. 

Dördüncü məqam 

Bu məqam əlahiddəliyi ilə digər üçün­dən fərqlənir. Reallıq budur ki, hazırda Qarabağdakı qanunsuz erməni hərbi bir­ləşmələri bölgədəki erməni varlığının güc faktoru rolunda çıxış etməkdədir. Bunu Azərbaycan da yaxşı bilir, Rusiyada da bilirlər, Ermənistanda da. Hətta Qaraba­ğın separatçı rejimindəkilər də mövcud məqamı anlamaqda çətinlik çəkmirlər. 

Azərbaycanın Qarabağ ermənilərinə münasibətdə xoş məramına, onların gələcəyinin, hətta beynəlxalq müstə­viyə, o cümlədən, “Brüssel formatı”na çıxarılmasına baxmayaraq, ermənilərin Azərbaycan yurisdiksiyası altında yaşa­malarının qeyri-mümkünlüyünə dair fikir­lər daha uca səslənməkdədir. Bu yerdə Qarabağ ermənilərinin separatçı rejimin və erməni avantürizminin əsiri olduqları, qurbana çevrildikləri ilə bağlı deyimlər əhəmiyyətini itirir. 

Birincisi, həmin Qarabağ erməniləri­nin özləri Azərbaycana yönələn hər han­sı müsbət təşəbbüs göstərmirlər, ikincisi, böyük oyunlarda alətə çevrilmək alın yazılarıdır, bizlik nə isə yoxdur. Ölkəmiz üçün onların fikri də prinsip etibarilə elə bir əhəmiyyət daşımır. Ya hakimiyyətimiz altında bərabərhüquqlu vətəndaş olaraq yaşamalıdırlar, ya da bölgədən çıxmalı­dırlar. 

İstər-istəməz belə nəticəyə gəlirik ki, Qarabağ erməniləri də, separatçı rejim­dəkilər kimi, qanunsuz hərbi birləşmələrə özlərinin güc və təhlükələrdən qorunma vasitəsi kimi yanaşırlar. Ortada Cənubi Qafqaz maraqlarını Ermənistanda iti­rib, Qarabağda tapmaq istəyən Rusiya da var ki, ölkə regiondakı varlığını sülh­məramlıların timsalında yürüdür. Ancaq daha böyük reallıq diqqətdən yayınma­malıdır. Bir halda ki, N.Paşinyan 86600 kvadratkilometrlik ərazidə Azərbaycanın suveren haqlarını tanıyır, o zaman Qara­bağda erməni hərbi birləşmələri olmama­lıdır. Bu, öz yerində, üstəlik, Rusiya sülh­məramlılarına da ehtiyac yoxdur. 

Bütün sadaladıqlarımızın fonunda, kifayət qədər, mürəkkəb durumun forma­laşdığının fərqindəyik. Yəni ilk baxışdan, hər şey məlumdur, amma heç nə aydın deyil. Belə nəticəyə gəlmək olar ki, hazır­da Bakı Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri məsələsinin üzərinə getməlidir və bundan çox şey asılıdır. Pa­şinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, bir çox gizli (əslində, məlum olan – red.) niyyətlərin üstünü açdığı kimi, vurğuladığımız məsələ ilə bağlı göstərə­cəyimiz dirəniş də hələlik, qapalı görünən xeyli mətləblərə aydınlıq gətirəcək. 

 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət