Türkiyədə 14 may seçkiləri: Cəmiyyətin siyasi palitrası

post-img

Mayın 14-də qardaş ölkədə keçirilən ümumi seçkilər Türkiyə cəmiyyətinin mənəvi, əxlaqi, siyasi ab-havasını, toplumun sosial və intellektual baxımdan fərqli kəsimlərinin ölkənin gələcəyi ilə bağlı arzu, düşüncə və gözləntilərini ortaya qoydu. Səsvermənin nəticələri bir lakmus kağızı kimi cəmiyyətin siyasi palitrasını əks etdirdi. 

Qeyd edək ki, seçkilərdən qabaq həm ölkə daxilində, həm də xaricdə bəzi qüvvələr xalqla iqtidar arasında kəskin fikir ayrılıqlarının olduğunu iddia edir və hakim partiyanın ağır məğlu­biyyətə uğrayacağını bildirirdilər. Gö­rünən bu idi ki, R.T.Ərdoğan iqtidarına qərəzli mövqe sərgiləyən Qərbin siyasi dairələri və yandaş KİV çox vaxt aşkar həqiqətləri təhrif edərək ictimai fikri manipulyasiya etməklə məşğul idilər. Nə olursa-olsun, Ərdoğansız Türkiyə arzulayırdılar. 

Ümumiyyətlə, 14 may seçkiləri Tür­kiyənin rəqibləri və düşmənlərinin niy­yətlərini doğrultmadı. Bir daha təsdiq olundu ki, çağdaş Türkiyə bir dövlət və xalq olaraq siyasi cəhətdən yetkindir, mobildir, özünə və gələcəyinə əmindir. Bu millət tarix boyu yenilməz milli ruh və sivilizasiya daşıyıcısı olub və bu gün də olaraq qalır. Türkiyə xaricdən idarə olunan toplumlardan deyil və heç vaxt olmayacaq. 

Sivil, demokratik dövlət kimi Tür­kiyə cəmiyyətinin ictimai-siyasi baxış­ları, mövqe və prinsipləri yekcins deyil, tamamilə rəngarəngdir. Ölkənin siyasi palitrası çoxçalarlıdır. Burada ənənəvi olaraq hər zaman sağ və sol mühafizə­kar, millətçi və liberal partiyalar möv­cuddur. Onların arasında kəskin siyasi rəqabət olub və olacaq. Amma heç bir siyasi qurum ölkənin milli maraqlarını gözardı edə bilməz. Türk xalqı buna yol verməz! 

Son seçkilər Türkiyə cəmiyyəti­nin sivil, bəşəri, demokratik dəyərlərə böyük önəm verdiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Hər bir seç­ki prosesi siyasi və mənəvi mədəniy­yət məsələsidir. Türkiyə cəmiyyətində bunlar vətəndaşların həyat və düşüncə tərzinə çevrilib. Qərbin sinəsinə döyən “oturuşmuş demokratiya dövlətlərində” bu səviyyədə siyasi və mənəvi yetkinlik yoxdur. Bu cəhətdən də Türkiyə Qərbi məyus etdi. 

Türkiyə vətəndaşları 14 may seç­kilərində AKP-nin qurucusu və lideri R.T.Ərdoğanın rəhbərlik etdiyi “Cüm­hur İttifaqı”na səs verməklə, ilk növbə­də, hazırkı iqtidarın daxili və xarici si­yasətini dəstəklədiklərini bəyan etdilər. Türkiyənin yaxşı gününü istəməyənlər bunu gözləmirdilər. Onlar Türkiyəni zəif və zavallı görmək istəyirlər. Şübhəsiz, türk xalqı buna razı ola bilməz! 

R.T.Ərdoğanı siyasi səhnədən sil­mək istəyənlər bərk yanılmışdılar. Tür­kiyə son iyirmi bir ildə olduqca böyük tərəqqi və inkişaf yolu keçib. Ankara bu gün təkcə bölgədə deyil, bütün dün­yada söz və hünər sahibidir. Ərdoğan Türkiyəsi sıradan bir ölkə deyil, güc və qüdrət sahibidir. Ankara bunu Suri­ya və İraqda, Qətər və Liviyada, eləcə də bizim doğma Qarabağımızda sübut edib. 

Dünən Türkiyə Prezidenti Rə­cəb Tayyib Ərdoğan bu ölkədə bazar günü keçirilən parlament və prezident seçkilərini şərh edərək bildirib ki, o, şəxsən uca türk millətinin iradəsindən başqa heç bir güc tanımayan, millətin cızdığı səmtdən heç vaxt dönməmiş bir siyasətçi kimi, seçkilərin nəticələrinə dərin hörmətlə yanaşır. Bəli, Türkiyədə xalqın iradəsi hər şeyin fövqündədir! 

R.T.Ərdoğan, həmçinin qeyd edib ki, prezident seçkilərinin növbəti tu­runun keçiriləcəyi mayın 28-nə kimi o və komandası dayanmadan, dincəl­mədən, sevgiylə millətimiz qarşısında yüksək məsuliyyətini yerinə yetirəcək: “Mayın 14-də əldə etdiyimiz səs nisbə­tini artıraraq həmin sınaqdan da qalib çıxacağıq və inşallah tarixi uğur qaza­nacağıq. Dayanmaq yox, yola davam deyərək, “Türkiyə əsri” proqramımıza uyğun olaraq 28 may üçün işə başla­dıq”.

Siyasi analitiklər belə bir incə məqa­ma da diqqət yetirirlər ki, R.T.Ərdoğan demokratik seçki ənənələri olan bir ölkədə 20 illik iqtidardan sonra parla­ment seçkilərini uda bilib və prezident seçkilərində birinci turda qalib gəlməyə çox yaxın olub. Bu, əlbəttə, hər bir si­yasətçi üçün böyük uğurdur. Nəzərə alaq ki, ona qarşı Qərbin böyük gücləri də birləşiblər. Xalqından güc alan si­yasətçi yenilməzdir! 

Əlbəttə, seçkilər siyasi mədəniy­yət göstəricisidir. Həm də mənəviyyat məsələsidir. Türk xalqı hakimiyyətdə kimin olmasından asılı olmayaraq, heç vaxt xalqın səsinə xəyanət etməyib. Halallığı və qüruru ilə seçilən türk in­sanı bunu qəbul edə bilməz. Səs oğur­luğu türkün azad ruhuna və qüruruna yaddır. Böyük Atatürk necə də haqlıdır: “Nə mutlu türkəm deyənə!” 

Heç kəsə sirr deyil ki, bu gün qlobal münasibətlərdə yeni dünya nizamının formalaşması prosesi gedir. Türkiyə­nin bu dönəmdə həm regionda, həm də bütün dünyada güclü bir aktor kimi çıxış etməsi həm ölkənin özü, həm də bütün türk dünyası üçün son dərəcədə önəmlidir. Bu, həmçinin bizim üçün, qazax üçün, türkmən üçün, bütövlükdə dünya türkləri üçün son dərəcə vacib­dir!

Bəli, danılmaz bir həqiqətdir ki, 14 may seçkilərinin qalibi türk demokra­tiyası və 85 milyonluq Türkiyə xalqı oldu. Şübhə etmirik ki, mayın 28-də prezident seçkilərinin növbəti turunda da qardaş Türkiyə cəmiyyəti bir daha dünyanın ən qabaqcıl demokratik seçki mədəniyyətinə malik olan ölkələrindən biri olduğunu göstərəcək. 

Mübariz MƏMMƏDLİ,
filologiya üzrə fəlsəfə doktoru, siyasi icmalçı

Türkiyədə keçirilən seçkilər­də yaxın gələcək üçün prezident müəyyənləşməsə də, əsas qali­bin türk xalqının olması bir daha təsbit olundu. Qardaş Türkiyə bö­yük tarixi yol keçərək yüksək in­kişaf səviyyəsinə çatmasını keçi­rilən demokratik, şəffaf seçkilərlə bəyan etdi. Aydındır ki, bu uğurlu təcrübə qısa müddətdə və asan yolla əldə edilən nailiyyət deyil. Əslində bu, türk xalqının seçkilər­də iştirak etmək, səs vermək, öz müqəddəratını həll etmək kimi demokratik hüquqlardan istifadə etməkdə qərarlı olmasından xə­bər verir və ümumbəşəri demok­ratik təsisatlara dəyər verməsinin bariz göstəricisi sayıla bilər.

Sirr deyil ki, Türkiyə bu gün dünyanın geosiyasi güc mərkəz­lərindən birinə çevrilməklə həm də planetin bütün nöqtələrində baş verən hadisələrə digər dünya güclərindən fərqli münasibət sər­giləyir. Bu bizi də, digər türk xalq­larını da sevindirir. İctimai-siyasi, iqtisadi-mədəni, hərbi uğurların əldə edilməsi, sözsüz ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğa­nın hakimiyyəti dövrünə təsadüf edir. 

Biz müxtəlif zamanlarda Tür­kiyədə seçkilərin keçirildiyini, hö­kumət böhranlarının yaşandığını yaxşı xatırlayırıq. Qonşu ölkənin siyasi həyatına müdaxilə edilən dövrləri də unutmamışıq. Bu baxımdan, indiki iqtidarın dövrün­də əldə edilən siyasi sabitlik, inki­şaf və müstəqillik qardaş ölkənin qazandığı ən böyük uğurdur. Son illər ərzində dünyada baş verən hadisələr, Suriya böhranı, Liviya, İraq, Əfqanıstan müharibələri, bölgədə cərəyan edən konflikt­lər, Rusiya-Ukrayna müharibəsi, Çin və ABŞ arasında iqtisadi qar­şıdurma, ABŞ dollarının dünya bazarına təsiri planetar düşüncə baxımından təsirsiz ötüşmür. 

Bu mənada həmin proseslər­dən Türkiyənin ziyansız, zərərsiz çıxması bütün türk dünyası üçün qürurvericidir. Bu səbəbdən dü­şünürəm ki, türk xalqı seçkilərin ikinci turunda da ədalətə, inkişa­fa və yeni uğurlara səs verəcək. Ümid edirəm ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ke­çirilən islahatlar bundan sonra da davam edəcək.

 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”



Siyasət