Rusiya Ukraynaya 18 ədəd müxtəlif tipli raketlə hücum edib, amma onların hamısı məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Donanması İdarəsinin komandanı Nikolay Oleşuk bildirib.
Onun sözlərinə görə, dünən, mayın 16-da yerli vaxtla təxminən saat 03.30-da Rusiyanın 6 “MiQ-31K” təyyarəsindən 6 ədəd “Kinjal” “X-47M2”, Qara dənizdən gəmidən 9 ədəd “Kalibr”, yerüstü bazalardan birindən isə 3 “İskender-M” tipli raketlər atıb.
O qeyd edib ki, Rusiya bunlarla yanaşı 6 “Shahed-136/131”, 3 “Orlan-10” və “SuperCam” PUA-lar vasitəsi ilə hücum edib və kəşfiyyat xarakterli əməliyyat keçirib. Komandan raketlərin və PUA-ların hamısının məhv edildiyini vurğulayıb.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı bu ölkədə hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 980 hərbçisinin məhv edildiyi barədə məlumat yayıb. Bildirilib ki, son sutkada Rusiyanın 520 hərbçisi zərərsizləşdirilib.
Məlumata görə, müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3762 tank, 7 348 zirehli maşın, 2 732 operativ-taktiki PUA, 3150 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 316 hava hücumundan müdafiə sistemi, 973 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 048 avtomobil və tanker, 410 xüsusi texnikadan ibarətdir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
“Xalq qəzeti”