Xarici işlər nazirlərinin ABŞ-da keçirilən görüşü başa çatıb

post-img

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-4-də ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqlar aparılıb. 

Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın Dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşa­viri Ceyk Sallivanla görüşüblər. 

Tərəflər hazırkı vəziyyətlə bağlı fikirlərini bölü­şüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. 

Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibət­lərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Hər iki nazir Ermənistan və Azərbaycan arasın­da danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri da­vam etdirmək barədə razılığa gəliblər.

Siyasət