İƏT Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulmasını təqdir edir

post-img

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Azərbaycanın təhlükəsizlik təhdidlərinə cavab olaraq, beynəlxalq hüququn prinsip və normalarına uyğun şəkildə öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı qanuni qərarını və addımını təqdir edir. Bu fikirlər təşkilatın Baş katibliyinin bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Baş Katiblik 2020-ci il noyab­rın 10-da Azərbaycan, Ermənistan və Rusiya Fede­rasiyası arasında imzalanmış üçtərəfli Bəyanatda digər məsələlərlə yanaşı, bütün hərbi fəaliyyətlərin dayandırılması barədə razılaşmaya istinad edir və Ermənistanı Azərbaycanın suverenliyi və ərazi bü­tövlüyünə hörmətlə yanaşmağa çağırır.

Üçtərəfli sazişə əsasən, Azərbaycan La­çın-Xankəndi yolu ilə vətəndaşların, nəqliyyat va­sitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat vermək öhdəliyini daşıyır. Baş Katiblik etiraf edir ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi Azər­baycan hökumətinin səlahiyyəti, həmçinin milli təh­lükəsizlik, dövlət suverenliyi və qanunun aliliyi üçün zəruri şərtdir.

Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının Nuakşot şəhərin­də keçirilmiş 49-cu sessiyasında və əvvəlki sessiya­larda Azərbaycan və Ermənistan arasında münasi­bətlərin qarşılıqlı tanınması və bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında normallaşdırılması ça­ğırışını bir daha vurğulayır”.

Siyasət