Əlcəzair mediası Azərbaycan səfirliyinin Ermənistanın təxribatları ilə bağlı bəyanatını dərc edib

post-img

Əlcəzairin qəzet və portallarında Azərbaycanın bu ölkədəki səfirliyinin Laçın yolunda qurulan nəzarət-buraxılış məntəqəsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı bəyanatını dərc edib.

AZƏRTAC xəbər verir ki, diplomatik nümayəndəliyimizin bəyanatında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Azərbaycanın işğal olunmuş ərazilərinin sülh yolu ilə qaytarılması ilə yanaşı, İrəvanın üzərinə Zəngəzur dəhlizinin açılması öhdəliyinin də qoyulduğu qeyd edilib. Lakin erməni tərəfi bu günədək həmin öhdəliyini yerinə yetirməyib.

Əlcəzair ictimaiyyətinin diqqətinə çatdırılıb ki, dinc ermənilərin Laçın yolu ilə təhlükəsiz gediş-gəlişini təmin edən Azərbaycan tərəfi, eyni zamanda, regional sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə Ermənistanla beş prinsip əsasında sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürüb. Lakin qarşı tərəf qeyri-konstruktiv mövqeyini davam etdirir və danışıqlar prosesini yubadır.

Bəyanatda vurğulanıb ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında olduğu bir müddətdə ermənilər həmin torpaqlarda milyondan çox mina basdırıb, 1990-cı illərdən bəri 3300 azərbaycanlı həmin minaların qurbanı olub. İkinci Qarabağ müharibəsindən sonra isə 300-dən artıq Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya yaralanıb. BMT-nin 18-ci dayanıqlı inkişaf hədəfinə töhfə verən Bakı minalardan zərər çəkən ölkələrdən ibarət qrup yaratmağı da təklif edib. Azərbaycan hesab edir ki, dünyada mina terroruna son qoyulması istiqamətində beynəlxalq səylər artırılmalıdır.

Sonda qeyd olunub ki, cari il aprelin 23-də Azərbaycana məxsus ərazidəki Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması məhz regional sülhə və təhlükəsizliyə xidmət edir. Bakının bu addımı Qarabağın üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə Ermənistan ərazisindən silah-sursat, minaların daşınması, həmçinin erməni terrorçu dəstələrin bu bölgəyə göndərilməsi ilə əlaqədardır. Eyni zamanda, öz öhdəliklərinə əməl etməyən Ermənistan indiyədək həmin silahlı qruplaşmaları Azərbaycan ərazisindən çıxarmayıb.

Siyasət