Azərbaycan Respublikası Vəkillər Kollegiyası Avropa Gənc Vəkillər Assosiasiyasına üzv qəbul olunub

post-img

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının beynəlxalq arenada uğurları davam edir. Son beş il ərzində bu sferada görülən işlərin məntiqi davamı olaraq, Vəkillər kollegiyası bu il də Avropa Gənc Vəkillər Assosiasiyasına - European Young Bar Association (EYBA) üzvlüklə bağlı müraciət edib.

Vəkillər Kollegiyasından "Xalq qəzeti"nə bildirilib ki, müsbət qiymətləndirilmə və uğurlu keçən prosesdən sonra, bu il aprelin 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəsmi olaraq EYBA təşkilatına üzv qəbul olunub. EYBA təşkilatı Avropanın gənc vəkillərinin və vəkil qurumlarının qeyri-kommersiya birliyidir.

Qeyd olunub ki, EYBA 30 il əvvəl, 1993-cü il mayın 23-də Çex Respublikasının paytaxtı Praqada yaradılıb. Avropanın hər bir nöqtəsindən gənc vəkilləri və vəkil qurumlarını bir təşkilatda birləşdirən EYBA, eyni zamanda, bütün qitədəki gənc vəkillər və vəkil qurumları üçün vahid səs platforması kimi tanınır.

2018-ci ildən etibarən EYBA təşkilatına Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarının Konfransında iştirakçı statusu verilib. EYBA təşkilatı hazırda 200 mindən çox gənc vəkili və vəkil qurumlarını təmsil edərək onların maraqlarını müdafiə edir, habelə üzvlərinin sayını artıraraq, Avropada fəaliyyət göstərən gənc vəkillər və vəkil qurumları ilə əlaqələrini genişləndirmək üçün müxtəlif tədbirlər, kurslar, konqreslər, görüşlər və şəbəkələşmə sessiyaları təşkil edir.

EYBA təşkilatı demokratiya, insan hüquqları, ədalət mühakiməsinə çatımlılıq və qanunun aliliyi kimi əsas təməl prinsiplər üzrə fəaliyyət göstərir.

Son xəbərlər