Əllər sinələr üstündə, dillər himn söyləyir

post-img

Ekofəallar açılan hər səhəri əlləri sinələrinin üstündə Azərbaycanın Dövlət Himnini səsləndirməklə qarşılayırlar. 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqları­nın qanunsuz istismarına qarşı La­çın–Xankəndi yolunda keçirilən etiraz aksiyası 138 gündür davam edir. Bu müddət ərzində ekofəallarımızın başı üzərində çox qovğalar “oynanıldı”, məqsəd və məramlarına başqa don geyindirilməyə çalışıldı. Amma onların qətiyyəti bütün çətinliklərə üstün gəl­di, iradələri hər cür təxribatın qarşısını aldı. Tələbləri isə ilk günlərdə olduğu kimi, yenə də dəyişməz qalır. Şuşa rayonunun ərazisində Rusiya sülh­məramlılarının nəzarətində olan yolun bir hissəsində bu gün də davam edən dinc aksiya azərbaycanlı ekofəalların, bu sahədə fəaliyyət göstərən qeyri-hö­kumət təşkilatları (QHT) nümayəndələ­rinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına, ekoloji terrora son qoyulmasına, təbii sərvətlərimizin haylar tərəfindən talan edilməsinə eti­razıdır. 

Məsələnin maraqlı tərəfi isə odur ki, bu etiraza nə zonaya müvəqqəti nə­zarət edən Rusiya sülhməramlıları ağ­labatan cavab verirlər, nə də ismarıcla­rını ünvanladıqları müvafiq beynəlxalq təsisatlardan reaksiya gəlir. Ekofəal­lar yolun hər iki tərəfində, hərəkətə ma­neə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakat­lar qaldırıb, şüarlar səsləndirirlər. 

* * *

Ekofəallar aksiyaya start verildiyi ilk gündən etibarən dünya ictimaiyyə­tinin diqqətini hayların Qarabağımızda törətdikləri ekoloji terrora cəlb etməyə çalışır, onu bu cinayətə susqun qal­mamağa çağırırlar. Gənc könüllülər Azərbaycan, rus və ingilis dillərində şüarlar yazılmış plakatlarda öz tələb­lərini aydın şəkildə ifadə edirlər: “Azər­baycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sa­hibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”. Əldə etdiyimiz məlumata əsasən, dünən Laçın–Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə ölkəmiz­də səfərdə olan qardaş Türkiyənin bir qrup media orqanının əməkdaşları baş çəkiblər. Onlara dinc aksiyanın keçiril­məsinin əsas səbəbləri barədə ətraflı məlumat verilib, beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin mətnləri təq­dim edilib. Türkiyəli media nümayən­dələri aksiya iştirakçılarının, eləcə də ərazinin audio-vizual çəkilişini həyata keçiriblər.

Əslində, bu etiraz aksiyasını ermənilərin 1988-ci ildə Topxana meşəsində həyata keçirdikləri “yaşıl soyqırımı”na soydaşlarımızın etirazı­nın davamı kimi də yanaşmaq müm­kündür. O vaxtdan əsrlər, minilliklər bir-birini əvəzləsə də, hayların yırtıcı xislətinə müsbət heç bir çalar əlavə olunmadı. Öz tamahkarlıqları, yersiz iddiaları ucbatından sonda məğlub du­ruma düşən nasist–daşnak törəmələri hələ də məğlubiyyətlərini etiraf və qə­bul etməyə tələsmirlər. Azərbaycan isə iki il beş ay əvvəl bölgədə reallığı dəyişdi və artıq bizim erməninin XXI əsrə yaraşmayan naqis xislətini tər­biyə, yaxud özlərini islah etməyə nə vaxtımız, nə də səbrimiz var. 

ARAYIŞ: 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontin­gentinin (SK) komandanlığı ilə aparıl­mış müzakirələrin nəticəsi olaraq İqti­sadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanın­da Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyə­tinin mütəxəssislərindən ibarət heyət Rusiya SK-nın müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qa­zıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fə­sadlarla bağlı ilkin monitorinq aparmalı idi. Fəqət SK-nın hərəkətsizliyi ucba­tından monitorinq baş tutmayıb. Bu səbəbdən, 2022-ci il dekabrın 12-dən etiraz aksiyası başlayıb və bu günədək davam edir. 

Yeganə HACIYEVA,
politoloq 

Ermənilərin Cənubi Qafqazda yerli xalq, o cümlədən, Qarabağ­da heç vaxt aborigen olmadığını özləri də yaxşı bilirlər. Ekoloji ak­siyalar dünyanın siyasi xəritəsini dəyişməyi hədəfləyən ötən əsrin 80-ci illərinin sonunda başlayan proseslərin digər bir formasıdır. Düzünü desək, bu aksiya 35 il bundan əvvəl Topxana meşəsin­də ağacların qırılmasına Azərbay­can xalqının kütləvi etirazı, həm də sivil, mədəni üsullarla hərbi məqsədlərə çatmağın forması idi. Bəli, bu, siyasi deyil, indiki mər­hələdə məhz hərbi məqsədlərə nail olmağın sivil müqavimət üsu­ludur. Bu gün dünyanın çox geniş coğrafiyasında ekoloji etirazlar dalğası ilə siyasi proseslərə təsir göstərmək nümunələri mövcud­dur. Beynəlxalq təcrübədə istifa­də olunan bu diplomatik təsir me­todunun təməlini, dediyimiz kimi, ötən yüzilliyin səksəninci illərində Azərbaycan xalqı qoyub. 

Ətraf mühit, ekoloji problemlə­rin aktuallaşdığı indiki çağda, nə­dənsə dünyanı yanımızda görmü­rük. BMT-nin qəbul etdiyi bir sıra konvensiyalara görə, təbii resurs­lardan qeyri-qanuni istifadə iqti­sadi cinayət sayılır. Bu əməl ha­zırda beynəlxalq məhkəmələrdə ən çox cəzalandırılan cinayətlərin sırasındadır. Yəni, bu tip əməllərə iqlim dəyişiklikliyinə aparıb çıxa­ra biləcək ekoloji terror tərkibli beynəlxalq cinayət kimi baxılır. Amma təəssüf ki, bizim ekofəal­ların ermənilərin faktiki eko-ter­roruna son qoyulması ilə bağlı tələblərinə nə dünyanın aidiyyatı institutlarının, ciddi qurumlarının, nə də beynəlxalq müşahidəçilərin reaksiyasını görmürük. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət