Cəfəng iddiaları qətiyyətlə rədd edirik

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında çıxışı zamanı ölkəmizin Azərbaycan–Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı reallıqdan uzaq, cəfəng iddialar səsləndirib.

Paşinyanın iddiaları ilə bağlı Azər­baycan XİN-in şərhində qeyd edilir ki, ölkəmizin suveren ərazisində sərhəd nə­zarət-buraxılış məntəqəsi təsis etməsinə Ermənistan tərəfinin hər hansı müdaxiləsi Azərbaycanın suverenliyinə və ərazi bü­tövlüyünə qarşı iddiası deməkdir və bu, onun Praqa və Soçidə öz üzərinə götür­düyü öhdəliklərə, eləcə də beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. 

Azərbaycan XİN-in şərhində İrəvanın bu kimi bəyanatlarının bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, qəsdən gərginliyin artırılması məqsədi da­şıdığı vurğulanır. “44 günlük Vətən müha­ribəsindən sonra üçtərəfli bəyanatın müd­dəalarına zidd olaraq, Ermənistan tərəfinin vəziyyətin gərginləşməsinə xidmət edən addımları kimi, Azərbaycana qarşı hərbi təxribatlara son qoyulmamasını, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər, si­lah-sursat və minaların daşınması üçün istifadə edilməsini, erməni silahlı qüvvələ­rinin Azərbaycan ərazisindən tam olaraq çıxarılmamasını Ermənistan baş nazirinə xatırlatmaq kifayətdir. Bu xüsusda, qeyd edilən təxribatların qarşısını alacaq bu məntəqənin təsis edilməsinin sülh prose­sinə mənfi təsir etdiyi barədə fikirlər tama­milə qəbuledilməzdir”, – deyilən şərhdə sərhəddən giriş-çıxış rejimini tənzimləyə­cək bu məntəqənin təsis edilməsinin yo­lun bağlanması kimi qiymətləndirilməsinin tamamilə yanlış olduğu nəzərə çatdırılır. XİN-in şərhində o da qeyd olunur ki, Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın – Xankən­di yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükə­sizliyinə zəmanət verir və bu istiqamət­də müvafiq tədbirləri davam etdirəcək. Nikol Paşinyanın erməni sakinlərlə di­aloq, “təhlükəsizlik zəmanəti” “müba­hisələrin həlli mexanizmi”, “beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi” kimi məsələlər üzrə dəfələrlə təkrarlanmış arzu və iddiaları ilə əlaqədar şərhdə deyi­lir ki, Azərbaycan tərəfi erməni sakinlərlə dialoqu ölkə qanunvericiliyi çərçivəsində həyata keçirəcək və üçüncü tərəfin bu məsələyə müdaxiləsi qəbuledilməzdir. Baş nazir Nikol Paşinyanın hökumətin ic­lasında çıxışına Azərbaycan XİN-in şərhi İrəvandan haqlı tələblə bitir: “Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvə­zinə, ötən ilin dekabr ayından bəri imti­na etdikləri sülh sazişi üzrə danışıqlara məsuliyyətlə və konstruktiv yanaşmağı, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbay­canın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik".

“Xalq qəzeti”

 

Siyasət