Amerika azərbaycanlıları hərbçilərimizin azad olunmasını tələb edir

post-img

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası Ermənistan tərəfindən əsir götürülmüş  hərbçilərimizə işgəncə verilməsini hadisəsini qətiyyətlə pisləyib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun əsir düşməsinin səbəbləri barədə məlumat verilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib, bu zorakılıq aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. 

Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və lazımi qiymət verməsinin vacib olduğu nəzərə çatdırılıb.  

Amerika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçularının dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıblar.

Anar Əli

Siyasət