Biz üçrəngli, ay-ulduzlu Dövlət bayrağımızı 1918-ci ildə qaldıranda da onu qısqanclıqla qarşılayanlar, bəd niyyətlə baxanlar olmuşdu, 1991-ci ildə qaldıranda da. Həmin bədxahlıqlara baxmayaraq, biz o müqəddəs dəyərimizi dünya ölkələrinin BMT-nin Mənzil Qərargahı qarşısındakı bayraqların sırasına qoşmağı da bacardıq, digər mötəbər beynəlxalq təşkilatların mənzil-qərargahı önündə ucaltmağı da.
Biz Azərbaycan Bayrağını BMT Təhlükəsizlik Şurasının sessiyalarına sədrlik etdiyimiz günlərdə də dünya bayraqlarının ön sırasına çıxartdıq, digər beynəlxalq təşkilatların tədbirlərində də. Biz dünyanın aparıcı dövlətlərinin kosmosdakı rabitə peykləri ilə yanaşı, fəaliyyət göstərən birinci peykimizi də Dövlət Bayrağımızın təsviri ilə yola saldıq, ikinci peykimizi də. Yəni bayrağımız Yerdə də, göydə də dünya ölkələrinin bayraqları arasındadır.
Təbii ki, həmin məqamların hamısında sevinmiş, fəxr etmiş, qürur duymuşuq. Ancaq Dövlət bayrağımızın tarixində mənim üçün ən möhtəşəm məqam Prezident İlham Əliyevin Şuşada Azərbaycan Dövlət Bayrağını ucaldığı anda o üçrəngli mənəvi dəyərimizin qarşısında baş əyməsi oldu. Həmin məqamda mən elə bilmişdim ki, Dövlət bayrağımızın qarşısında baş əyən tək Prezident yox, əlli milyonluq azərbaycanlıdır. Mən o zaman yazmışdım ki, Azərbaycanın son iki əsrdəki ən böyük uğurlarından biri məhz Şuşanın işğaldan azad edilməsi və orada Dövlət Bayrağımızın ucaldılmasıdır.
Ancaq bayraqla bağlı qürurverici anlarımız çox olub və hələ çox olacaq. Dövlət başçımız Şuşanın işğaldan azad edilməsindən səkkiz, ermənilərin məğlubiyyət sənədini imzalamasından isə cəmi altı gün sonra Füzulidə Azərbaycan Bayrağını qaldırmışdı. Sonra bayrağımız Ağdam, Laçın, Kəlbəcər, eləcə də, digər şəhər və rayon mərkəzlərimizdə dalğalandı. Ən başlıcası, Füzuli və Zəngilanda inşa edilmiş beynəlxalq hava limanlarının ərazisinə gələn qonaqları onlarca Azərbaycan Bayrağı salamlayır. Bütün bunlar Qafqaza köçürüldükləri gündən bəri Azərbaycan torpaqlarına sahib olmaqdan ötrü dəridən-qabıqdan çıxan ermənilərin ürəyini partlatmasın, neyləsin?
İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldıldığı ilk ünvan Füzuli şəhəri olmuşdu. İnanıram ki, həmin gün Dövlət televiziyasının hadisə yerindən hazırladığı materialdakı iki cümlə heç kəsin yadından çıxmayıb: “ Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı”.
Xatırladaq ki, bugünkü qüdrətli Azərbaycanın Dövlət Bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Bunu nəzərə alaraq, o cümlədən, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama əsasən, hər il 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında bərpa olunmuş və Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul olunması haqqında qərar qəbul etmiş, onun əsasnaməsini təsdiqləmişdir.
Məlum olduğu kimi, bu tendensiya sonralar daha böyük yaradıcılıqla davam etdirilmişdir. Belə ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.
Ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Dövlət başçımız Bayraq meydanının açılış mərasimindəki tarixi nitqində demişdir: “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan Bayrağına! Yaşasın, Azərbaycan!”
İrəvanda Azərbaycan Bayrağına göstərilən hörmətsizlik isə ancaq yarasanın Günəşdən qorxması ilə müqayisə oluna bilər. Yarasa Günəşə neyləyə bilər ki?!
İ.MİRZƏBƏYLİ, “Xalq qəzeti”

