Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburqda Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev ilə görüşüb.
Söhbət zamanı qeyd olunub ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər uğurlu inkişaf dinamikasına malikdir. Bir çox sahələri əhatə edən əlaqələrimizin inkişafında dövlət başçılarının xüsusi rolu diqqətə çatdırılaraq, vurğulanıb ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Bildirilib ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Bu kontekstdə Prezident İlham Əliyevin 2023-cü il aprelin 10-da Qazaxıstana rəsmi səfərinin əhəmiyyəti xüsusi qeyd olunub.
Görüşdə bildirilib ki, ölkələrimiz istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. O cümlədən, TÜRKPA çərçivəsində əlaqələrin əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan parlamentlərinin roluna diqqət çəkərək, qanunvericilik orqanlarımız arasında əlaqələrin hazırki səviyyəsinin razılıq doğurduğunu vurğulayıblar. Bildirilib ki, son illərdə parlament rəhbərləri səviyyəsində mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsi əlaqələrin inkişafına xüsusi töhfə vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

