Türkiyə taleyüklü seçim qarşısında…

post-img

Ankara Bilkənd Universitetinin professoru Əmrulla Məmmədov redaksiyamızın xahişi ilə qardaş ölkədə bu il mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinin Türkiyə və bütün dünya üçün tarixi önəmi, bu siyasi kampaniyanın özəllikləri barədə analitik yazı hazırlayıb. Bu gün məqalənin birinci hissəsini oxucuların diqqətinə təqdim edirik. 

I məqalə

Yaşadığımız 2023-cü il Türkiyə dövləti və xalqı üçün bütün mənalarda həyati önəm daşıyır. İlk növbədə, bu il böyük Atatürkun qurduğu Cümhuriy­yətimizin yüz yaşı qeyd ediləcək. Bu əlamətdar hadisə bir daha əldə etdiklə­rimizi, haradan haraya gəldiyimizi, təh­sil, sənaye, elm və ordu quruculuğunda qazandığımız uğurları, texnoloji sahədə nail olduğumuz müvəfəqqiyyətləri, elə­cə də həyata keçirə bilmədiklərimizi or­taya qoyur. 

Bu il, eyni zamanda, Türkiyədə döv­lət başçısı postuna və ölkənin Böyük Millət Məclisinə seçkilər ilidir. Mayın 14-də keçiriləcək seçkilər mahiyyət eti­barilə əvvəlki seçkilərdən çox fərqli ola­caq. Hamı bu fikirdədir. 

“Bloomberg” agentliyi Türkiyədə­ki seçkilərin 2023-cü ildə dünyanın ən önəmli hadisəsi olduğunu vurğulayıb. Agentliyin məlumatına görə, bu seç­kilərin nəticələrinin ABŞ, Avropa İttifaqı­na üzv ölkələrin paytaxtlarında, Yaxın Şərq, Orta və Mərkəzi Asiya, Afrikada, eləcə də Rusiyada cərəyan edən geo­siyasi və iqtisadi proseslərə böyük təsiri olacaq. 

Bəli, Türkiyədəki olaylar ancaq məmləkətin sərhədləri daxilində qal­mayacaq. Ola bilər ki, bu ölkə hazırda dünyanın ən güclü səkkiz iqtisadiyyatı arasında yer almır, amma super güclər budəfəki seçkilərin nəticələrində çox maraqlıdır. Reallıq budur ki, planetimi­zin ən mötəbər siyasi mərkəzlərində, həmçinin qlobal mediada Ankaranın dünya düzəninə və siyasətinə təsiri Rəcəb Tayyib Ərdoğanın 20 ilə yaxın iqtidarda qalmasının və uğurlarının nə­ticəsi olaraq şərh edilir. 

2023-cü ilin 14 may seçkiləri Türkiyə üçün “Tarixi yol ayrıcında kritik bir se­çim" olacaq. Xatırlanması vacib olan bir məqam da var. O da budur ki, Türkiyə cəmiyyətindəki qütbləşmə dərinləşir və bu, təəssüf ki, istər iqtidar, istərsə də müxalifət tərəfindən körüklənir və son vaxtlar barışmaz həddə çatmaqdadır. 

Yaddan çıxarmayaq ki, seçkilər ölkədə bu il fevralın 6-da Türkiyənin 11 əyalətində olduqca ağır fəsadlar törədən zəlzələlər silsiləsinin yaşatdığı dağıntılar və insan itkilərinin (50 min­dən artıq insan həlak olub) doğurduğu üzüntülər fonunda keçirilir. Dünya Ban­kının hesablamalarına görə, zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına 108 milyard dollar həcmində zərər dəyib. Bu dəhşətli təbii fəlakətin seçkilərə təsiri qaçılmazdır. 

Bu yazıda məqsədim Türkiyədəki həm seçki əhvali-ruhiyyəsini, həm də seçkilərlə bağlı görülən hazırlıqları təhlil etmək və seçkilərin Azərbaycana təsi­ri ilə bağlı düşüncələrimi bölüşməkdir. Öncə, qısaca olaraq Türkiyədə seçkilə­rin tarixinə nəzər yetirək. 14 may (lütfən, bu tarixi rəmzə diqqət yetirək!) 1950-ci il seçkiləri ölkənin siyasi tarixinin mən­zərəsini dəyişən ilk dönüş nöqtəsidir. Belə ki, həmin gün Demokrat Partiya­sının (DP) iqtidara gəlməsi Türkiyənin ictimai-siyasi həyatında olduğu qədər, iqtisadi və sosial həyatını da dəyişdirən demokratik inqilab idi. 

Bu tarixdən sonrakı iki seçki də qazanaraq on il iqtidarda qalan DP hakimiyyəti 27 may 1960-cı ildə hərbi çevrilişlə devrildi. Hökumətin başçısı və iki nazir edam edildi. Cumhuriyyə­tin qurucusu Mustafa Kamal Atatürkün siyasətdən kənarda qalmasına böyük önəm verdiyi ordu, səbəb nə olursa-ol­sun, kazarmalardan çıxaraq, hakimiy­yətə müdaxilə etməklə, sonrakı illərdə də həyata keçiriləcək açıq, ya da gizli müdaxilələrin “qapısı”nı açmış oldu. Bu isə Türkiyənin siyasi həyatı üçün ikinci dönüş anı idi. 

Sonrakı illərdə hərbi çevriliş və mü­daxilələrin davamı gəldi. Hər dəfə Tür­kiyə iqtisadi və siyasi olaraq islahatla­ra başlarkən, hərbi çevrilişə hazırlıqlar böyüyür və iqtidardakı siyasilərə sərt mesajlar verilirdi. Toplum bu çevriliş təhdidləri və müdaxilələr fonunda, təəs­süf ki, yaşamağa məhkum idi, nəticədə Türkiyə Cümhuriyyəti 2000-ci illərə ağır böhran yaşayan bir iqtisadiyyatla gəldi, üstəlik ölkə bölücü terror təhlükəsi və si­yasi böhranlarla üz-üzə qalmışdı. 

Məlum olduğu kimi, 2000-ci illərin əvvəllərindəki ağır iqtisadi durum, qa­dınların “başörtüyü” məsələsi, o cüm­lədən “laik-antilaik” problemi və digər siyasi və mənəvi ziddiyyətlər siyasət səhnəsinə yeni partiyanın – AKP-nin (Ədalət və İnkişaf Partiyası) meyda­na çıxması üçün şərait yaratdı. AKP, o dönəmdə iflasa uğrayan bir çox liberal və mühafizəkar yönümlü partiyalardan ayrılmış təcrübəli siyasətçiləri də bir araya gətirdi. Bununla da, yeni və kre­ativ düşüncəli siyasi simalar AKP-nin sıralarına cəlb edildi. Yeni partiyanın lideri isə həmin ərəfədə qapadılan Ri­fah Partiyasının İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı, cənab Rəcəb Tayyib Ərdoğan idi! 

AKP 2003-cü ildə ilk dəfə qatıldığı seçkiləri qazanaraq, iqtidara gəldi və dövrümüzə qədər hakimiyyətini təkba­şına davam etdirir (partiya 5 dəfə ümu­mi səsvermə və iki dəfə Konstitusiyaya dəyişiklikləri ilə bağlı referendumlarda qələbə qazanıb. Təbii ki, iyirmi illik iqti­darda olmanın müsbət və mənfi cəhət­ləri mövcuddur. Bunun təhlilini də bu yazıda verməyə cəhd edəcəyəm. 

İndi Türkiyə önəmli və taleyüklü seçim ərəfəsindədir. Toplumun bütün təbəqələri bunun fərqindədir. Bu or­taq anlayış belə bir fikri qabartmağa əsas verir ki, həm partiyaların, həm də cümhur başqanı namizədləri seçkiləri qazanmaq üçün əllərində olan bütün resurslardan istifadə etməyə çalışa­caqlar. Bunun işartıları aşkar müşahi­də olunur. 

Bu günlər müqəddəs Ramazan ayı­dır, hazırda fərqli seçim blokları geniş­lənmə və öz aralarında sıx təmasların qurulması ilə məşğuldur. Lakin hazırkı nisbi sakitlik “fırtına öncəsi” səssizlik kimidir və bizləri aldatmamalıdır. Bay­ram sonrası dönəm isə yüksək siyasi gərginliklərə səhnə olacaq. Əslində, yarış “Cumhur ittifakı” və “Millet ittifakı” (“Altılı masa”, daha doğrusu 6+1 forma­tı (PKK-nın siyasi uzantısı olan HDP) arasında olacaq. 

Prezident seçimləri üzrə yarışın iki namizəd arasında olacağı şəksizdir. Bunlar hazırkı dövlət başçısı, “Cümhur ittifaqı”nın namizədi Rəcəb Tayyib Ər­doğan və “Millət ittifaqı”nın namizədi – CHP rəhbəri Kamal Kılıçdaroğludur. Prezidentliyə diğər iki namizədin yük­sək şanslı olduğunu düşünmürəm. 

Ana müxalifətin namizədi Kamal Kı­lıcdaroğlunun və bütün muxalifətin 14 may 2023-cü il seçkilərində əsas hədəfi dövlət başçısı seçimlərinin ikinci tura qalmasını təmin etməkdir. Bu durumda, muxalifət TBMM-yə səsvermənin nə­ticələrini nəzərə alaraq, ikinci tur üçün bütün güclərini toparlayıb seçimi qazan­maq niyyətindədir. Seçkilərin taleyini hələ də kimə səs verəcəkləri ilə qərarla­rında tərəddüd edən seçicilərin sandıq qarşısındakı seçimlərini həll edəcəyi qənaətindəyəm. 

Bu tərəddüd edən kütləyə də ən təsirli xitab edəcək namizəd yenə də sayın R.T.Ərdoğan olacaq. Onun söy­ləyəcəyi əsas arqument və şüar isə budur: “Yapdıqlarımız yapacaqlarımıza zəmanətdir!” 

 

Çapa hazırladı: Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət