İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non-grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır.
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sözügedən məsələyə dair şərhində bildirib.
“Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və cavab olaraq atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir”, - deyə Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda, digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir.
Diqqətə çatdırılıb ki, Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub və bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”