İranda mövcud fars-molla diktaturası, kütləvi hüquqsuzluq və anti-demokratiya bütün dünyada rəsmi Tehran əleyhinə aksiyalara səbəb olmaqdadır. İran hakimiyyətinin anti-insani mahiyyətini bütün dünyada ifşa edən aksiyaçılar, beynəlxalq təşkilatları və demokratik ölkələri Tehran rejiminə təzyiq göstərməyə səsləyir.
Qeyd edək ki, Tehran rejimi ilə bağlı narazılıqlar əsasən iki amildən qaynaqlanır. Bunlardan birincisi molla rejiminin İranda – öz tarixi torpaqlarında yaşayan on milyonlarla azərbaycanlıya qarşı düşmən siyasəti yürütməsi, onları sıxışdırması ilə bağlıdır.
Narazılığa səbəb olan ikinci faktor isə İran hakimiyyətinin bütün xalqa, o cümlədən hakimiyyətin özünə sosial baza hesab etdiyi farslara qarşı amansız münasibəti, qorxunc idarəetmə sistemidir. İran hakimiyyətinin “özgə” hesab etdiyi xalqlarla yanaşı, “özününkü” saydığı da despotik idarəetmə sisteminin əsirinə çevirməkdədir. Bu isə onu göstərir ki, demokratiyaya, insan hüquq və azadlıqlarına düşmən olan hakimiyyətlər üçün, əslində, “özününkü” və “özgəninki” anlayışları bir o qədər də fərqlənmir. Bu cür hakimiyyətlər öz ömürlərini uzatmaq üçün etnik kimliyindən asılı olmayaraq, istənilən xalqa qarşı ən ağır cinayətə hazır olurlar.
“Ağ ev” qarşısında “Ədalət!” və “Azadlıq!” tələbi
İrandakı molla rejiminə qarşı etirazlar son bir neçə aydır ki, genişlənməkdə, dünyanın uzaq-yaxın bir çox ölkəsini əhatə etməkdədir. İran hakimiyyəti əleyhinə mütəmadi aksiyaların keçirildiyi ölkələrdən biri ABŞ-dır. Xatırladaq ki, hələ ötən ilin dekabr ayında bu ölkədə İran, Azərbaycan və Türkiyədən olan bir qrip şəxs etiraz aksiyası keçirib, Tehranı öz xalqına qarşı ədalətli davranmağa səsləyib. Aksiyada “Milli Hökumət”, “Güney Azərbaycan İran deyil!” kimi şüarlar da səslənib ki, bu da İrandakı on milyonlarla soydaşımızın Tehranın zülmü ilə barışmaq istəmədiyini, öz milli müqəddəratı haqqında düşündüyünü göstərir.
2023-cü ilin əvvəllərində də ABŞ-da İran əleyhinə bir sıra aksiyalar keçirilib, Tehran rejiminin anti-insani mahiyyəti lənətlənib. Aksiyaçılar İran hakimiyyətinin dinc insanlara qarşı sərgilədikləri çoxsaylı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Onlar Tehran rejiminin xalqa qarşı yol verdiyi cinayətlərə görə cəzalandırılmasının vacibliyini bildiriblər.
Brüsseldə Tehrana qarşı “daha çox sanksiya” tələbi
İran əleyhinə daha bir etiraz aksiyası cari ilin 23 mart tarixində Belçikanın paytaxtı Brüssel şəhərində baş tutub. İranlılardan ibarət olan etirazçılar Avropa Şurasının iclası ilə eyni vaxtda aksiya keçirərək Tehran rejiminə qarşı sanksiyaların genişləndirilməsini tələb ediblər. Onlar İran məsələsinin Avropa Şurasında müzakirəyə çıxarılmasının, Tehran hakimiyyətinə qarşı sərt addımların atılmasının vacibliyinə diqqət çəkiblər.
Etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı da şüarlar səsləndiriblər. Onlar SEPAH-ın bütün dünyada terror təşkilatı kimi tanınmasını və bunun üçün kifayət qədər faktın mövcud olduğunu söyləyiblər.
Aksiyada Tehran rejimi tərəfindən qətlə yetirilən etirazçıların şəkilləri də nümayiş olunub.
“Rədd olsun diktatura!”
İran əleyhinə aksiyaların mütəmadi şəkildə keçirildiyi ölkələrədn biri də Almaniyadır. 17 fevral 2023-cü il tarixində Almaniyanın Münxen şəhərində yüzlərlə insanın iştirakı ilə yürüş-aksiya keçirilib. “Rədd olsun diktatura!” şüarı ilə keçirilən aksiyada etirazçılar İrandakı mürtəce rejimin vəhşiliklərinə diqqət çəkib, bütün dünyanı baş verənlərə biganə qalmamağa səsləyiblər.
Aksiyada “Diktatora ölüm!”, “Xamneyiyə ölüm!”, “Qadınlara azadlıq!” şüarları da səslənib ki, bu da xalqın Tehran rejiminə olan nifrətinin böyüklüyünü göstərir.
Qeyd edək ki, Fransa, Avstriya və digər Avropa ölkələrində də İran əleyhinə aksiyalar getdikdə artmaqdadır. Bu isə Tehran rejiminə olan ümumdünya nifrətini, bəşəri ikrahı göstərir. Şübhəsiz ki, rəsmi Tehran gec-tez öz “zəhməti” ilə yetişdirdiyi bu nifrətin zəhərli meyvəsini dadacaqdır.
Seymur ƏLİYEV