İllər öncə İranda söhbətləşdiyimiz restoran sahibi Kərim adlı şəxs ölkənin idarəçiliyi haqqında söz açarkən gözləmədiyimiz bir ifadə işlətmişdi – İranı Allahın özünün şəxsən yer üzünə göndərdiyi adam idarə edir. Açığı, həmin an Kərimin bu sözündən bir qədər təəccübləndik. Çünki fikrini son dərəcə ciddi formada bildirmişdi. Lakin Kərim emosiyamıza diqqət yetirəndə hiss etdi ki, onu qeyri-ciddi saydıq. Bir qədər gülümsədi və anladıq ki, restoran sahibinin belə danışması yalnız sarkazmdır. Adamda sarkazmını ciddi saydığımıza əminlik yarandıqda, o eyni tonda davam etmiş və rejimə etirazını məhz bu formada bildirmişdi.
Beləcə o zaman sıravi restoran sahibinin şəxsində İrandakı quruluşun saxta mahiyyətinə şahidliyimiz başlamışdı. Yəni, Kərim tək deyildi. Taksi sürücülərindən tutmuş dönərçilərə qədər, demək olar, söhbətləşdiyimiz hər kəs İrandakı fars molla rejiminin saxta mahiyyətini qabardan fikirlər səsləndirirdi. İndi İran xalqı, məhz, o mahiyyətə qarşı etiraz edir. Halbuki, etirazlar olmaya bilərdi. Axı 1979-cu ilin İslam inqilabından insanlar başqa şeylər gözləyirdilər.
1979-cu ilə qədər İranda, inqilab zamanı devrilmiş, dünyəvi monarxiya mövcud idi. Həmin il hakimiyyət ruhanilərin əlinə keçdi və yeni rəhbərlik, guya, sosial ədalət cəmiyyəti qurmağa başladı. Hər halda, belə bəyan edilmişdi. Bildirilmişdi ki, başlıca vəzifə İslam dini prinsiplərinə əsaslanan, kommunist doktrinalarına və bazar demokratiyası təlimlərinə alternativ ola biləcək sosial-iqtisadi inkişaf nəzəriyyəsini yaratmaq və praktikada tətbiq etməkdir.
Lakin deyilənlər romantik inqilabi şüarlardan o yana getmədi. Yalnız, bir şey baş verdi ki, o da hakimiyyətin tamamilə ruhanilərin əlində cəmləşməsi. Hazırda ən böyük ruhani isə odur – ali dini rəhbər Əli Xameneyi. Yəqin, təxmin etdiniz ki, restoran sahibi Kərim Allahın yer üzünə göndərdiyi adam sarkazmını kimə ünvanlamışdı.
Dövlət içində dövlət
Bəli, İranda dəyişən heç nə olmadı. Diqqət yetirək, ölkədə mövcud olan hüquq sistemi hələ də 1979-cu ildən əvvəl qəbul edilmiş dünyəvi məcəllələrə əsaslanır. Bu məcəllələr isə başlıca olaraq Fransa qanunvericiliyinə söykənir. Amma İslam inqilabından sonra İranın idarəçiliyində dəyişikliklər çoxdur. Bu baxımdan SEPAH, yəni İran İslam İnqilabı Keşikçiləri Korpusunu göstərmək mümkündür. Qurum dünyanın dörd bir yanında qətllər, adam oğurluqları və digər bu kimi əməllər törətməkdə ad çıxarıb. İslam inqilabını qorumaq düşüncəsi budurmu?..
Bir halda ki, ölkə hər şeyi Fransadan götürür, görünür ki, 1979-cu ildə hakimiyyətə gəlmiş mollalar şah rejimindəki kursu dəyişməyiblər. SEPAH da təxminən Fransa tarixindəki yakobinlərə bənzəyir. Nəzərə alaq ki, XVIII əsrin sonlarına doğru mövcud olmuş Yakobin diktaturası inqilabı kütləvi terrorlar gerçəkləşdirməklə qoruyurdu. Çox güman, bu diktaturanın ömrü uzun olsaydı, indi Fransanın da SEPAH-ı olardı. Hərçənd, ölkəyə belə bir struktur lazım deyil, onsuz da öz məkrini açıq-aşkar reallaşdırır. Sırf gizli fəaliyyətə ehtiyac duymur...
Əlqərəz, İran hakimiyyətində SEPAH çox geniş səlahiyyətlərə malikdir. Qurum ordunun, milli qvardiyanın funksiyalarını yerinə yetirir, ölkə daxilində müxalif fikirlərə, dissident hərəkatına və etirazçılara qarşı mübarizə aparır. Korpusun xaricdə də xüsusi əməliyyatlar keçirmək ixtiyarı var, həmçinin, özünü kəşfiyyat strukturlarına malikdir.
Bundan əlavə, fövqəladə hallarda korpusun komandanlığı Daxili İşlər Nazirliyinə tabe olan Hüquq-mühafizə qüvvələrinə (SOP) nəzarəti həyata keçirir. Eyni zamanda, xalq polisi, ideoloji rupor, əhalini ilkin hərbi təlimlərə öyrədən struktur və onlarla işləmək üçün təşkilat rolunu oynayan Bəsic müqavimət qüvvələri də SEPAH-ın hərbi rəhbərliyinin sərəncamındadır.
Maraqlıdır ki, “İnqilab keşikçiləri” ilə ordu arasındakı mühüm fərq birincinin üzvlərinin İranın iqtisadi və siyasi həyatında fəal iştirak edə bilmələridir. Korpusun İslam sistemini daxili və xarici təhdidlərdən qorumaq üçün yaradılmış hərbi təşkilatdan, ölkənin siyasi və iqtisadi həyatında mühüm oyunçuya çevrilməsinə bir sıra amillər şərait yaradıb.
Əvvəla, İran-İraq müharibəsi illərində (1980-1988) SEPAH-ın mühəndis bölmələri mühüm təcrübə topladılar ki, bu təcrübədən İran hakimiyyəti sülh dövründə iqtisadiyyatın yenidən qurulması və bərpası üçün yararlandı. Hazırda qurumun tikinti bölmələri əsasında yaradılmış “Xatəm-ül-Ənbiya” korporasiyası İranın iqtisadi infrastrukturunda da fəal iştirakçıdır. Nəticə etibarilə bütün bunlar SEPAH-la əlaqəli insanların ölkə iqtisadiyyatında da fəal mövcudluğu deməkdir.
Ehtimal edilir ki, “mühafizəçilərin” İran iqtisadiyyatına nüfuz etməsi 1989–1990-cıillərdə onların rəhbərliyi ilə ölkənin o vaxtkı prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani arasındakı sövdələşmənin nəticəsidir. Nəzərə alaq ki, həmin sövdələşmə korpus zabitlərinə mühüm üstünlüklər qazandırmışdı. Rəfsəncaninin buna SEPAH-ın ölkənin siyasi həyatına müdaxilə etmək istəklərini cilovlamaq müqabilində getdiyi bildirilir. Çünki 1989-cu ilə qədər korpus siyasi təmizləmə və repressiyalar üçün güclü alətə çevrilmişdi. Rəfsəncani isə hər halda, SEPAH-ın özbaşınalığını görüb və istəyib ki, onu maliyyə müqabilində idarəçilikdən uzaqlaşdırsın. Ancaq prezidentin buna böyük ölçüdə müvəffəq ola bilmədiyi aşkardır. Çünki hazırda “İnqilab keşikçiləri”, sanki, dövlət içində dövlətdir.
Diktaturada fərqli məzmun
Bəzən İranın klassik diktatura olmasına dair fikirlər dolaşmaqdadır. Ancaq bu fikirləri bölüşməyənlər də var. İkincilərin arqumenti budur ki, ölkədə hakimiyyətin zirvəsində ömürlük seçilmiş ali liderin olmasına baxmayaraq, bu şəxsi diktator hesab etmək düzgün deyil. Çünki o, hakimiyyətin bütün qolları ilə əsas elit qruplar arasında tarazlığı saxlamağa, onların iş prosesinə, yalnız lazım gəldikdə müdaxilə etməyə borclu olan hakim funksiyasını yerinə yetirir.
1989-cu ildə ilk ali dini lider İmam Rohullah Xomeyninin vəfatından sonra İranın ən yüksək qüdrətli şəxsi, bir qayda olaraq, qanunvericilik təşəbbüsü göstərmir. Üstəlik, ali rəhbər vəzifəsi ömürlük də olsa, formal şəkildə hesabatlıdır. Hərçənd, bu vəzifəni tutan şəxsin hesabat verməsi görünməyib.
İranda seçki formal deyil. Ancaq proses bir sıra əsas parametrlər üzrə dövlət seçimindən keçən namizədlərlə məhdudlaşır. Yəni, namizədlər, belə demək mümkünsə, süzgəcdən süzülmüş şəxslər olur. Başlıca parametr isə İslam quruluşunun ideyalarına və ölkənin ali rəhbərliyinə sadiqlikdir. Mexanizm elə formalaşıb ki, xalqın seçdiyi insanlar rejimin qorunub saxlanması ideyasını şübhə altına ala bilməzlər. Lakin onların iqtisadi, sosial və xarici siyasət məsələlərində fərqli baxışları ola bilər ki, bu amillər dövlətin dünyəvi sisteminin “donmasına” və tamamilə teokratlaşmağa imkan vermir. Hərçənd, son sözü restoran sahibi Kərimin təbirincə desək, Allahın göndərdiyi adam deyirsə, oturuşmuş sistem təəssüratı yaradan həngaməyə əsas yoxmuş kimi görünür. Amma var, axı rejim saxtakarlığı sevir...
İran və nüvə silahı
İran həqiqətənmi nüvə silahı hazırlayır? Sualın dəqiq cavabı yoxdur. Hərçənd, bununla bağlı ehtimallar var. Çünki ölkənin kütləvi qırğın silahları hazırlamaq planları olmuşdu. Lakin 2000-ci illərin ortalarına qədər bu planlardan imtina edilmiş və ya onlar dondurulmuşdu.
Hazırda İranın nüvə proqramının hərbi komponenti və Tehranın onun həyata keçirilməsində nə qədər irəliləyə gedə bildiyi ilə bağlı suallar cavabsızdır. Ölkə rəsmiləri bununla əlaqədar beynəlxalq ictimaiyyət qarşısında cavab verməyə tələsmir. Ancaq İslam respublikasının fəal şəkildə inkişaf edən raket və kosmik proqramları narahatlıq doğurur. İranda ballistik raketlərin dəqiqliyinin deyil, onlardan istifadə radiusunun artırılmasına diqqət yetirilir. Belə bir nəticə hasil olur ki, silahların effektivliyini onlara yalnız nüvə yükünün verilməsi ilə gücləndirmək mümkündür. Əlbəttə, bu, çox təhlükəlidir.
Daha bir sual yaranır. Tehran rejimi 2015-ci ildə özünün, Rusiyanın, ABŞ-ın, Böyük Britaniyanın, Fransanın, Çinin və Almaniyanın imzaladığı nüvə sazişi (JCPOA) çərçivəsində götürdüyü öhdəliklərə əməl edirmi? Nəzərə alaq ki, bu saziş İranın nüvə proqramının inkişafını məhdudlaşdırır və onu beynəlxalq ictimaiyyətin nəzarəti altına verir. Qeyd edək ki, 2006-2012-ci illərin sanksiyaları İranın danışıqlar masası arxasına əyləşməsində, JCPOA-nı imzalamasında mühüm rol oynamışdı. Sanksiyalar İran iqtisadiyyatını xeyli zəiflətmişdi. Bəs indi?
2023-cü ilin fevralında bildirildi ki, İran nüvə silahı hazırlamağa çox yaxındır. Bununla bağlı “Blomberg” Agentliyinin iki yüksək vəzifəli diplomata istinadən yaydığı məlumatda deyilirdi ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişləri İranda nüvə silahı hazırlamaq üçün 84 faiz zənginləşdirilmiş uran aşkar ediblər.
Bundan öncə – 2022-ci ilin payızında İsrailin Müdafiə naziri Benni Qantz vurğulamışdı ki, İran nüvə silahı əldə etmək üçün nəinki imkanlar və infrastruktur, həm də bilik əldə edib. “Hesab edirik ki, İran bunu etmək istəsə, bir neçə həftə ərzində üç əhəmiyyətli miqdarda (nüvə materialı – red) və ya 90%-ə qədər zənginləşdirilmiş nüvə silahı üçün kifayət qədər parçalanan material əldə edə bilər” – deyən İsrailin Müdafiə nazirinin sölərinə görə, İranın nüvə silahına sahiblənməsi təkcə Yaxın Şərq deyil, bütün dünya üçün ciddi nəticələrə səbəb olacaq. B.Qantzın fikrincə, bu, Tehrana terrorçuluğun ixracı cəhdlərini reallaşdırmağa imkan yaradacaq. Söhbət terrorçuluqdan düşürsə, yenidən SEPAH-a qayıdaq. Əlbəttə, bilavasitə İran terrorunun özünə də nəzər salaq.
İran və terror
İranın İŞİD-lə və digər radikal dini qruplaşmalarla qarşılıqlı əlaqəsinin olduğuna dair suallara sadə cavab yoxdur. Həm də ona görə ki, ölkə bir qədər əvvəl haqqında söz açdığımız SEPAH-ın timsalında ayrıca, belə demək mümkünsə, terror maşını kimi çıxış etməkdədir. Hərçənd, 1990-cı illərdə Tehran rejiminin Əl-Qaidə, habelə o zamankı Əl-Qaidə lideri Ayman əl-Zəvahirinin rəhbərlik etdiyi Misir İslami Cihadı ilə əlaqələri olub. 2000-ci illərdə İran Talibanın səhra komandirləri ilə fəal təmasda idi, baxmayaraq ki, Talibanı rəsmən düşmən hesab etdiyini açıqlamışdı.
Bundan başqa terrorçu Ben Ladenin gizləndiyi yerdən tapılan sənədlərin dərcindən sonra, amerikalı ekspertlər İranla “Əl-Qaidə” arasında əlaqələrin o qədər də yaxın olmadığını etiraf etsələr də, situativ-taktiki əməkdaşlığın mövcudluğunu önə çəkirlər. Belə ki, 2007-ci ildəki məktubunda Üsamə bin Laden “İran Əl-Qaidə üçün əsas arteriya idi” yazırdı. 2014-cü ildə isə İŞİD-in sözçüsü, xarici əməliyyatlar xidmətinin rəhbəri Əbu Məhəmməd əl-Adnani (hazırda məhv edilmiş) Əl-Qaidə lideri əl-Zəvahiriyə göndərdiyi mesajda onu İrana hücumdan çəkinməyə çağırır və bu tələbin yerinə yetiriləcəyi təqdirdə Tehranın Əl-Qaidəyə əvəzsiz borcunun yaranacağını vurğulayırdı.
Ümumən, onu da demək lazımdır ki, İran rejimi normal münasibətlər baxımından, demək olar, heç bir müsəlman dövləti ilə yaxın olmadığı kimi, terror fəaliyyəti nöqteyi-nəzərdən də hansısa qurumla tam ciddi yaxınlığa malik deyil. Buna ehtiyac duymur. Çünki özünün müstəqil terror sistemi var.
Tehran niyə yola getmir?
Bəli, İranın normal, səmimi münasibətlərdə olduğu ölkələrin, xüsusən də müsəlman ölkələrinin sayı çox azdır. Lakin Tehranın beynəlxalq miqyaslı ədavətindən söz düşərkən, yada ilk növbədə İsrail, daha sonra Səudiyyə Ərəbistanı düşür. Əvvəlcə İsraillə bağlı məqamlara diqqət yetirək.
Sual olunur: İran və İsrail niyə bir-birinə bu qədər nifrət edirlər? Məlumdur ki, anti-İsrail mövqe Tehranın xarici siyasətinin və ideoloji doktrinasının təməl daşlarındandır. Bunun bəzi səbəbləri var. Birincisi, hazırkı molla rejimindən əvvəlki şah hakimiyyəti Təl-Əvivlə çox yaxşı əlaqələrdə idi və hazırkı anti-İsrail xətti şah hökumətinin xarici siyasət yanaşmalarının rədd təmayülü kimi meydana çıxdı. İkincisi, Tehran müsəlman icmasının maraqlarının müdafiəçisi imicini yaratmalı idi. Buna görə isə İsraili Fələstin məsələsinə görə fəal şəkildə tənqid etmək vacib sayılırdı.
Əlbəttə, İranın hazırkı hakimiyyəti üçün anti-Amerika xətti də var. Bu xətt İsraili ABŞ-ın Yaxın Şərqdəki forpostu olaraq qəbul etmə ritorikasına əsaslanır. Nəticə etibarı ilə Tehranın anti-İsrail hərəkətlərinin güclənməsi çox vaxt İran-Amerika münasibətlərinin növbəti kəskinləşməsi ilə üst-üstə düşür.
Daha bir məqam da var ki, bu, ideoloji motivlərə əsaslanır. İran rejimi özünün mövcudiyyəti üçün mütləq xarici düşmənə ehtiyac duyur. Hesab edilir ki, belə bir düşmənin olması əhalinin diqqətini daxili problemlərdən fəal şəkildə xarici çağırışlara yönəldəcək. Hər halda, İran rəhbərliyi belə düşünür. Çünki səhvlərini bu yolla sığortalayır. Əlbəttə, buna sığortalamaq demək mümkün deyil. Saxtalıq sığortalanmır, yalnız ört-basdır edilir, o da müəyyən müddətə…
Onu da demək lazımdır ki, İranda həmişə ideologiya ilə reallıq arasında fərq qoyulub. Yuxarıda qeyd etdiyimiz səbəblərə görə İran İslam Respublikasının rəhbərliyi anti-İsrail ritorikasından əl çəkə bilməz. Ancaq o, çətin ki, yəhudi dövləti ilə açıq qarşıdurmaya getsin. Digər tərəfdən, Tehran və onun Yaxın Şərqdəki siyasəti İsrail üçün problemdir, lakin ekzistensiallıq anlayışından uzaqdır.
Səudiyyə Ərəbistanına gəldikdə, İranın bu dövlətlə ziddiyyətləri ondan qaynaqlanır ki, birinci ikincini Körfəz ölkələrinin və bütün regionun sabitliyinə təhlükə görür. Çünki Tehran rejimi regional liderliyə iddialıdır. Buna görə Səudiyyənin Yaxın Şərqdəki mövqelərindən sıxışdırmağa çalışır.
Kərimin təsəvvüründəki İran
Sonda bir daha restoran sahibi Kərimlə söhbətimizə qayıdaq. O, İran türkü idi. Özü də əslən Ərdəbildən. Restoranı Tehranda yerləşirdi. O zaman bizə elə gəlmişdi ki, adamın kiçik restoranı dünyanın ən hündür yerindədir və Kərim həmin zirvədən ətrafı və hamını gözəl görür. Çünki dünyadakı proseslərə bələdçiliyi vardı. Ən əsası isə maraqlı əsaslandırmalar aparır və proqnozlar verirdi.
Əsl Azərbaycan sevdalısı Kərimin fikirlərindən biri bu idi ki, İslam inqilabı ilə İranda hakimiyyətə gəlmiş mollalar, ən azı, keçmiş SSRİ-nin rəhbərliyi qədər saxtadır və saxtalıq onu məhvə aparacaqdır.
Həmin vaxt Kərimə İran hakimiyyətinin niyə səmimi ola bilməməsi ilə bağlı sual ünvanladıq. Cavabı bu oldu ki, rejimin səmimi davranışı məhvə məhkumluqdur. Maraqlı müqayisə apardı və dedi: təsəvvür edin, hündür mərtəbəli bina tikilib və onun tikintisində beton yerinə qum tərkibli daşa bənzər materiallardan istifadə edilib. Siz bunu bilirsiniz və istəyirsiniz ki, həmin materiallardan birini çıxarıb yerinə daş qoyasınız. Materialı çıxardığınız an bina uçacaq. Kərimin təsəvvüründəki İran bax belə idi.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”