Gürcüstan mediası Qəbələ görüşünə geniş yer verib

post-img

Gürcüstanın aparıcı KİV-ləri bu ölkənin Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü, Azərbaycan Prezidentinin və Gürcüstanın Baş nazirinin mətbuata bəyanatlarında söylədikləri fikirləri geniş işıqlandırıb.

Qonşu ölkənin GHN xəbər portalında yayımlanan məqalədə Prezident İlham Əliyevin “Gürcüs­tan və Azərbaycan bu gün Avro­panın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır” fikri xüsusi vur­ğulanıb. Məqalədə dövlətimizin başçısının Gürcüstanın və Azər­baycanın bir-biri ilə sıx bağlı olan ölkələr olduğunu qeyd etməsi oxu­cuların diqqətinə çatdırılıb. Eyni zamanda, altı ay əvvəl Prezident İlham Əliyevin Gürcüstana səfə­ri zamanı Mçxeta bölgəsində, bu gün isə İrakli Qaribaşvili ilə Qəbələ rayonunda keçirilən görüşlərin hər iki ölkənin heyrətamiz tarixi və mə­dəni irsi ilə tanış olmağa imkan verdiyi xüsusi qeyd edilib.

Məqalədə dövlətimizin baş­çısının fikrinə istinadla bildirilib ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün həlledici əhəmiyyətə malikdir. Azərbaycan Avropaya təbii qazın nəqlinin miq­yasını və həcmini hər il artırır. Bu rəqəm artır və ötən il Avropa İtti­faqı ilə imzalanan Anlaşma Memo­randumuna əsasən, Azərbaycan 2027-ci ilədək təkcə Avropaya 20 milyard kubmetrdən çox təbii qaz tədarük edəcək. 

“1tv.ge” televiziya kanalının yaydığı xəbərdə vurğulanıb ki, Azərbaycan ilə Gürcüstan arasın­da əməkdaşlıqda mühüm kom­ponentlərdən biri də nəqliyyatdır. Bu istiqamətdə də işlər plan üzrə uğurla davam etdirilir. Məqalədə Azərbaycan Prezidentinin mətbu­ata bəyanatında ifadə etdiyi aşa­ğıdakı fikirlər xüsusi vurğulanıb: “Orta Dəhlizin həyata keçirilmə­sində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbət­tə ki, növbəti mərhələdə yükda­şımalarının həcminin artırılma­sı istiqamətində əlavə addımlar atılacaqdır. Mən keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələr­lə səfərlər etmişəm və bu il hələ edəcəyəm. Beləliklə, yeni yüklə­rin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Bu­rada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edil­məsi və nəqli üçün birgə səylər göstərilməlidir”.

“Adjaratv.ge”nin yaydığı ma­terialda da Prezident İlham Əliye­vin Gürcüstanın və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oy­naması və bu rolun hər gün daha da artması barədə fikrinə xüsusi yer verilib. “Prezident İlham Əliyevbildirib ki, ölkələrimiz arasında bu dostluq əlaqələri və əməkdaş­lıq Avropanın enerji təhlükəsizliyi baxımından həlledici əhəmiyyətə malikdir”, – deyə məqalədə vurğu­lanıb. 

“Radiotavisupleba.ge” por­talında yayımlanan məqalədə isə Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıni­yanın imzaladığı Sazişin əhəmiy­yətinə toxulunub. Layihənin uğurla həyata keçirilməsi üçün birgə səy­lərin önəminin vurğulandığı yazıda bildirilib ki, Avropa İttifaqı artıq bu layihəyə böyük önəm verib. Ya­zıda Azərbaycan Prezidentindən bu sitat gətirilib. “Uzun illərdir ki, Azərbaycanın SOCAR şirkəti Gür­cüstanda uğurla fəaliyyət göstərir və dünən aldığım məlumata görə, Gürcüstanda 800 min istehlakçı və abonenti qazla təmin edilir”. 

“Resonansedaily.com” say­tında Azərbaycanın və Gürcüsta­nın dövlət və hökumət başçılarının ölkələrimiz arasında əməkdaşlıq və regional təhlükəsizlik məsələlə­ri, Qafqaz regionu ilə Avropanı bir­ləşdirən Qara dəniz sualtı elektrik kabeli layihəsi, eləcə də regionda sülh və sabitliyin vacibliyi barədə fikirlərinə geniş yer verib. Məqalə­də bildirilib ki, Gürcüstan regionda sülhün və sabitliyin təmin olunma­sına bundan sonra da töhfə ver­məyə hazırdır. 

“Ambebi.ge” saytında dərc olunan məqalədə Prezident İlham Əliyevin mətbuata bəyanatında söylədiyi “Gürcüstan ilə Azərbay­can uzun illər bir-biri ilə sıx əlaqə­dədir” fikri sərlövhəyə çıxarılıb. Yazıda Prezident İlham Əliyevin Gürcüstanın və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması barədə sözləri də oxu­culara təqdim olunub. Azərbayca­nın Avropaya qaz ixracını ildən-ilə genişləndirməsinin qeyd olunduğu xəbərdə vurğulanıb ki, bu il bey­nəlxalq bazarlara 24,5 milyard kubmetr qaz ixrac ediləcək və bu rəqəm hər il artır. Yazıda bunun­la bağlı dövlətimizin başçısının çıxışından aşağıdakı fikirlər oxu­cuların diqqətinə çatdırılıb: “Bü­tövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm il­dən-ilə artır. Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memoran­dumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqlini tə­min etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq. İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bü­tün ölkələr üçün ön plana çıxır”.

“Accentnews.ge” və “Euro­petime.ge” nəşrlərinin yaydığı xəbərlərdə Gürcüstan–Azərbay­can dostluq əlaqələrinin Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynadığı vurğulanıb. 

Gürcüstanın “Interpress­news.ge”, “24 news.ge”, “Aps­ny.ge”, “Qafqazturk.com”, “Newsday.ge”, “Dalgatv.ge”, “Interpress.ge”, “Aktual.ge” xə­bər portalları, “Rustavi2”, “Ma­estro” televiziya kanalları da səfər və mətbuata bəyanatlarda səslən­dirilən fikirlər barədə Azərbaycan, gürcü, ingilis və rus dillərində sil­silə materiallar dərc ediblər. Mate­riallarda Prezident İlham Əliyevin və İrakli Qaribaşvilinin ölkələrimiz arasında dostluq, müttəfiqlik mü­nasibətləri, xalqlarımızın qardaşlıq əlaqələri, eləcə də belə yüksək sə­viyyəli görüşlərin bölgələrdə keçi­rilməsinin Azərbaycan-Gürcüstan dostluğunun möhkəmləndirilməsi ilə bağlı fikirlərinə xüsusi yer verib. Baş nazir İrakli Qaribaşvilinin “Bi­zim dostluğumuzun çox qədim ta­rixi var və Azərbaycan təkcə qon­şumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır” fikirləri bu baxımdan qeyd olunub. Xəbərlərdə, həmçinin Azərbayca­nın və Gürcüstanın Orta Dəhlizin həyata keçirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin olun­masında uğurla fəaliyyət göstər­dikləri diqqətə çatdırılıb. 

 

Xətayi ƏZİZOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Son xəbərlər