İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-grata” elan edildi və onlara ölkəmizi tərk etmək üçün 48 saat vaxt verildi. Açığı, indiyədək Azərbaycandakı hansısa xarici dövlətin diplomatik nümayəndəliyinin belə bir aqibətlə üzləşdiyini xatırlamırıq.
Hər halda bu cür sərt addımın atılmasında kifayət qədər ciddi səbəblər olmalıdır və heç şübhəsiz, var. Hərçənd, Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq məlumatında konkret səbəb açıqlamır. Görünür, bu, diplomatik etiketlərin tələbidir. O da görünür ki, İran səfirliyinin həmin 4 əməkdaşı diplomat etikasına məhəl qoymayıb. Azərbaycan XİN Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasını əbəs yerə yada salmır. İranlı diplomatların fəaliyyəti məhz bu sənədə zidd hesab edilib. Elə bunun özü də kifayət qədər ciddi əsasdır.
Yada salaq ki, bir neçə aydır ölkəmizin hüquq-mühafizə orqanlarının təmsilçiləri İran casuslarına qarşı əməliyyat-istintaq tədbirləri həyata keçirməkdədir. Bu mübarizə davamlı və geniş miqyas alıb. Vaxtaşırı İslam respublikasına məxsus casus şəbəkəsinin hansısa üzvü aşkar edilib ifşa olunur. Düşünmək olar ki, həmin şəbəkənin yerli vahid koordinasiya mərkəzi də mövcuddur. Bu baxımdan ilk ağıla gələn isə səfirlikdir.
Son aylarda İran səfirliyinin fəaliyyəti çox da gözə dəymir. Əlbəttə, bu mənada bir neçə gün öncə diplomatik missiyanın Azərbaycan XİN-ə təqdim etdiyi etiraz notası istisnadır. Hərçənd, sənədin qeyri-iş günündə təqdim olunmasını da yada salmalıyıq. Deməli, səfirlik normal fəaliyyətdən kənardır. Anormallıq deyərkən isə ağıla ilk gələn casus şəbəkəsinə himayədarlıqdır. Əlbəttə, söylədiyimiz ittiham deyil, ehtimaldır. Ancaq əsaslı sayıla biləcək ehtimaldır.
Xatırlayaq ki, İranın bir sıra strateji beyin mərkəzləri İslam respublikası ilə Azərbaycan arasındakı münasibətlərdən bəhs edərkən Tehranın Bakıdakı ali təmsilçiliyini, az qala, satqınlıqda günahlandırıblar. Bu qurumların təmsilçiləri bildiriblər ki, Azərbaycandakı nümayəndəliklər rəsmi Bakının təzyiqləri qarşısında geri çəkiliblər, susqunluq göstəriblər. Ancaq onu da nəzərə alaq ki, Bakı ilə Tehran arasında gərginlik heç vaxt indiki kimi olmayıb. Deməli, hazırda səfirlik vəziyyətə adekvat davrandığından, Azərbaycan dövlətinin narazılığı ilə üzləşib.
Susmağa gəlincə isə bəli, İran səfirliyi diplomatik susqunluğa sadiqdir. Diplomatik təmsilçilik neçə aylardır ki, Azərbaycan mediasının suallarını cavablandırmaqdan boyun qaçırır.
Hər bir halda İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşının “persona-non-grata” elan edilməsi sıradan bir məsələ deyil.
Ancaq Bakıdan uzaqlaşdırılmaq Tehrandakı terrordan min dəfə yaxşıdır. Bir də latınca “arzuolunmaz adam” mənası verən “persona-non-grata” ifadəsi rusca “partladıcı” anlamına gələn “qranat” sözünü yada salır. “Qranat” ki var onu elə partlamamış “non-qrata” eləmək lazımdır.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

