Ötən il Azərbaycan “Ekstradisiya haqqında” Avropa Konvensiyasının təslimetmə prosedurunun effektivliyinin artırılmasına xidmət edən Dördüncü Əlavə Protokolu ratifikasiya edib, bu sahədə səmərəli əməkdaşlıq aparılır. İkinci Əlavə Protokolun əhəmiyyəti nəzərə alınaraq ölkəmizin həmin sənədə qoşulması qərara alınıb.
Azərbaycan dövləti adından bu sənədi imzalamaq üçün ədliyyə naziri Fikrət Məmmədov Strasburqda olub, Avropa Şurası Baş katibinin müavini Byorn Berqenin və digər məsul şəxslərin iştirakı ilə həmin protokolun imzalanması mərasimi keçirilib.
Görüşdə ədliyyə naziri Avropa Şurası ilə əməkdaşlıqda ölkəmiz üçün 2022-2025-ci illər üzrə qəbul edilmiş Fəaliyyət Planının implementasiyası çərçivəsində Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyini vurğulayıb. Nazirin ədliyyə, o cümlədən penitensiar, habelə məhkəmə sistemində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və yeniliklər barədə verdiyi məlumat maraqla qarşılanıb.
Baş katibin müavini B.Berqe Avropa Şurasının ölkəmizlə əməkdaşlığının yüksək səviyyəsini qeyd edərək, may ayında quruma üzv dövlətlərin başçılarının sammitinin keçiriləcəyini bildirib.
Səfər çərçivəsində Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Liri ilə də ikitərəfli görüş keçirilib.
Keçirilən görüşlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov iştirak ediblər.
“Xalq qəzeti”

